Radikal müxalifət meydanlarda şou göstərir

"Talana son", "Yalana son" şüarları adı altında mitinq keçirmək çəhdi özünü müxalifət adlandıran qüvvələrin rəzil vəziyyətə düşməsindən irəli gəlir. 22 ildir ki, radikal müxalifət qüvvələri bu kimi şüarlarla cəmiyyət və ictimaiyyətin diqqətini özünə cəlb etmək istəyir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri  Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma Əliyeva səsləndirib. Bildirib ki, radikal müxalifət  gah ictimaiyyəti üsyana çağırdı, gah qiymət artımına etiraz etdi, gah da hakimiyyətin istefasını tələb etdi: "Hər dəfə də keçirdikləri mitinqlərə 300-500-dən artıq adam toplaya bilmədiyindən biabır oldu. 10-15 partiya, QHT-nin "birliyi" olan bir qüvvənin meydana 500 adam çıxarması müxalifətin heç bir potensiala malik olmadığının göstəricisidir. Sonuncu mitinqdə, özünü ana müxalifət adlandıran Müsavat, ADP, KXCP və digər partiyaların iştirak etməməsi də düşərgədə həmrəyliyin olmadığını əsaslandırır". Partiya sədri deyib ki, 22 ildir birliyə həsrət qalan müxalifətin belə mitinqlər keçirməklə xalqdan dəstək istəməsi uğursuzluqla nəticələnir: "Müxalifət ona verilən meydanda həmişə xalqı üsyana, hakimiyyətə, dövlət və dövlətçiliyimizə qarşı səsləyib. Bir dəfə də olsun ümummilli məsələlərimizi gündəmə gətirməyib. Bu da onların şəxsi maraqlarının milli maraqlarımızdan üstün tutmasını deməyə əsas verir. Elə bu maraqların qurbanına çevrilən müxalifət xalqdan uzaqlaşıb, xalq onu qəbul etmir. Danılmaz faktlardan biridir ki, bəzi müxalifət qüvvələrimiz Qərb dairələri tərəfindən maliyyələşir və himayə olunurlar. Bütün məsələlərdə hakimiyyəti tənqid edən radikal müxalifət meydanlarda şou göstərməkdədir. Bir-birini xəyanətdə, yalançılıqda, satqınlıqda ittihamlayan radikal müxalifət liderləri Qərbin pulu və diktəsi ilə bu gün tribunalarda yan-yana dayanmaq məcburiyyətində qalırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00