“Azərbaycan, Türkiyə və Gürcüstan enerji xətlərinin mühafizəsi birlikləri yarada bilərlər”
Elçin Mirzəbəyli: “Bu layihələri reallaşdıran dövlətlər xətlərin təhlükəsizliyi barədə düşünməlidirlər”
3 Aprel 2015 17:00 SiyasətRegionda və dünyada baş verən proseslər Cənubi Qafqazda reallaşdırılan beynəlxalq enerji layihələrində iştirakçı olan tərəflər üçün xüsusi əhəmiyyət kəsb edir. Belə bir məqamda layihələrin əsas tərəfdaşları olan Azərbaycan, Türkiyə və Gürcüstanı mövcud enerji xətlərinin və həyata keçirilməsi nəzərdə tutulan potensial layihələrin təhlükəsizliyinin təmin olunması işi üçün əlavə tədbirlərin görülməsinə sövq edir. Bakı-Tbilisi Ceyhan boru kəməri kimi beynəlxalq əhəmiyyətli enerji xətlərinin qorunması üçün 3 ölkənin iştirakıyla xüsusi mühafizə birliklərinin təşkil olunması mümkündür. Təklif həyata keçiriləcəyi halda, bu, xətlərin mühafizəsi işini təşkil edən Azərbaycan, Türkiyə və Gürcüstan dövlətlərinə böyük ölçüdə kömək edəcək. Məsələyə münasibət bildirən BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli belə bir təklifin reallaşdırılmasını mümkün hesab edir və bu baş tutacağı halda, birliklərin regionda təhlükəsizliyin təmin olunması işində səmərəli olacağını da sözlərinə əlavə edib. Bu barədə dəfələrlə fikirlər səsləndirildiyini deyən E.Mirzəbəylinin sözlərinə görə, Cənubi Qafqazda həyata keçirilən beynəlxalq enerji layihələri regionda və dünyada baş verən proseslərin fonunda təhlükə qarşısındadır. "İlk növbədə bu layihələri reallaşdıran dövlətlər xətlərin təhlükəsizliyi barədə düşünməlidirlər. Xüsusilə Türkiyə, Azərbaycan və Gürcüstan bu prosesin aparıcı iştirakçılarıdır. Enerji layihələrinin təhlükəsizliyinə də cavabdeh bilavasitə bu dövlətlərdir. Region yaxınlığında baş verənləri nəzərə alsaq, enerji xətlərinin mühafizəsi üçün müasir, çevik qurumların yaradılması mümkündür" - deyə BAXCP rəsmisi qeyd edib. ("OLAYLAR" İA)