“Azərbaycanda təxribat törətmək istəyən dairələr QHT-lər üçün pulları Tiflis banklarına göndərir”

Elşən Musayev: “Məqsəd sırf pul qazanmaqdır və bunun qarşılığında Azərbaycanın əleyhinə həmin dairələrə donoslar verirlər”

"Radikalların təkcə keçirdiyi mitinqlər yox, atdığı bütün addımlar onların Azərbaycanı sataraq, Avropaya qaçmasına hesablanıb". Politoloq Elşən Musayev "Olaylar"ın məsələ ilə əlaqədar sualına cavab verərkən belə deyib. E.Musayev hesab edir ki, radikal müxalifət keçirdikləri mitinqlər vasitəsilə xarici təşkilatlardan pul almaq və qrant toplamaq üçün istifadə edir. Politoloq hesab edir ki, radikallar məqsədlərinə nail olmaq üçün gəncləri təxribata çəkərək həbs etdirirlər və bundan səs-küy yaradaraq, pul qazanaraq Azərbaycandan qaçmağa zəmin yaradırlar: "Əli Kərimli 20 ildir işləmir. Bu qədər pul və bahalı avtomobillər hardandır? Övladını hansı pulla 20 min manata dünyanın ən bahalı univeristetlərində oxutdurur? Bunların hamısı onların əvvəlcədən qurduğu komplektasiyanın nəticəsidir. Natiq Ədilovun Fransaya qaçmasından sonra mediada bu məsələyə bir qədər həssaslıq yarandı. Ədilov Əli Kərimlinin korroziyaya uğramış formasıdır, mahiyyətləri eynidir. Əli Kərimlinin pasportu olsa, o da qaçacaq. Bunların ruhu qaçağandır. Onlar heç vaxt Azərbaycanı sevməyiblər. Azərbaycanın dövlətçilik maraqları, gələcəyi onları düşündürməyib. Hamısı Həbib Müntəzirin yolunu gedir. Xarici təşkilatlara satılıb ölkədən qaçmaq haqqında düşünürlər. İşləri ancaq "Feysbuk"da status yazmaqdan ibarətdir. Natiq Ədilov istər Azərbaycanda, istərsə də Fransada status yazsın, mahiyyət dəyişmir. Nəticədə bölgələrə çıxmırlar, insanlarla canlı ünsiyyət qurmurlar, aktiv siyasət yürütmürlər. Onların lideri Əli Kərimli də evdən bayıra çıxmır, kompüter klaviatruasının qabağından qalxmır. Bunlar "Feysbuk"da status yazmağı, arvad adlarıyla onu-bunu təhqir etməyi "siyasət" bilirlər. Radikal müxalifətin içərisində olan insanların imkanları olsa, bu dəqiqə dabanlarına tüpürüb qaçarlar. Natiq Ədilov sadəcə onların içərisindən hiyləgər tərpənərək Tiflisdə xarici qüvvələrlə işbirliyinə girə bildi və oradan da qaçdı. Bu gün Azərbaycan dövlətçiliyinin əleyhinə yönələn QHT-lər və partiyalar pulları Tiflis bankları vasitəsilə alırlar. Azərbaycanda təxribat törətmək istəyən dairələr həmin QHT və partiyalar üçün pulları Tiflis banklarına göndərirlər. Təbii ki, burada Gürcüstan hökumətinin heç bir rolu yoxdur". Elşən Musayev AXCP daxilində gənclərlə böyüklər arasında münaqişənin yarandığını deyib. O, hesab edir ki, AXCP-dən gedənlər hakimiyyət tərəfinə keçmək üçün heç bir körpü qoymayıblar: "Körpü olsa, belə iqtidar tərəfinə keçmək üçün üz qoymayıblar. Yatıb yuxuda da görmək mümkün deyil ki, Əli Kərimli nə vaxtsa hakimiyyətə gələcək. Nəticədə radikallar yeganə yolu Azərbaycandan qaçmaqda görürlər. Bunun da adını "siyasi mühacirət" qoyurlar. Məqsəd sırf pul qazanmaqdır və bunun qarşılığında Azərbaycanın əleyhinə həmin dairələrə donoslar verirlər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00