Romada ictimai iştirakçılığın Azərbaycan modeli təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyaya səfəri çərçivəsində "İdarəetmədə ictimai iştirakçılıq: Azərbaycan modeli" mövzusunda konfransda iştirak edib. Şuranın dəstəyi, İtaliya Coğrafiya Cəmiyyətinin və İtaliya-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş konfransın məqsədi ötən il ölkəmizdə qəbul olunmuş "İctimai iştirakçılıq haqqında" qanunu İtaliya ictimaiyyətinə təqdim etmək, müvafiq sahədə Azərbaycan təcrübəsini bölüşməkdir. İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Sercio Divina diqqətə çatdırıb ki, İtaliya vətəndaş cəmiyyətinin formalaşdığı tarixi mərkəzlərdən biri olsa da QHT-lərlə hökumət arasında etimad və əməkdaşlıq mühiti lazımi səviyyədə deyil: "İctimai iştirakçılıqla bağlı isə qanunvericiliyimiz mövcud deyil. Bu baxımdan Azərbaycanda QHT-hökumət münasibətləri sahəsində yaradılmış mexanizm təqdirəlayiqdir və biz bunu İtaliyada da tətbiq etməliyik". İCC-nın fəxri prezidenti, professor Franko Salvatore Azərbaycanın ictimai iştirakçılıq sahəsində əldə etdiyi müsbət təcrübəni və yaratdığı modeli dərindən öyrənməyin və onu İtaliyada tətbiq etməyin faydalı ola biləcəyini vurğulayıb. İctimai iştirakçılığın Azərbaycan modeli ilə bağlı məlumat verən Şura sədri hazırda ölkəmizdə 4066 qeyri-kommersiya təşkilatının, 3020 QHT-nin fəaliyyət göstərdiyini qeyd edib. Dövlətlə QHT-lər arasında əlaqələndirici mexanizmin olmasının önəmini vurğulayan Şura sədri rəhbərlik etdiyi qurumun bu zərurətdən yarandığını bildirib. Qeyd edib ki, Şura qht-lərə konsultativ, məlumat, texniki, maddi və digər sahələrdə hərtərəfli dəstək verir. 11 Şura üzvünün 8-i QHT nümayəndələrindən, 3-ü isə müxtəlif dövlət qurumlarının təmsilçilərindən ibarətdir. Şura indiyədək milli QHT-lərin 3 mindən artıq layihəsini maliyələşdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00