Müxalifətçi yazıçı Milli Şuranı ifşa etdi

Gənclər siyasi fırıldaqçılardan uzaq durmalıdır

AXCP-nin qara piar maşını yazıçı Seymur Baycanı linç etməyə başlayıb. Buna səbəb yazıçının  gənclərə müraciət edərək Milli Şuranın aksiyasına qoşulmamağa səsləməsidir. Qeyd edək ki, Seymur Baycan facebook sosial şəbəkəsində gənclərə səslənib və yazıb: "Hörmətli gənclər, sizi 5 aprel mitinqində iştirak etməməyə çağırıram. 20 ildi insanları barmağına dolayan, prinsipsiz, uğursuz, nə etdiklərini özü də bilməyən adamlara baş qoşmasanız sizin üçün daha yaxşı olar. Düzdür, bu çağırış bilirəm ki, birmənalı qəbul olunmayacaq, amma mən bunu deməyə özümü borclu hesab edirəm. Siz bu oyunlarda iştirak etməsəniz daha yaxşı olar". Seymur Baycan Müsavatyönümlüdür. Bir neçə il bundan öncə həmkarı Əli Əkbərlə birlikdə Müsavat partiyasının üzvü olmuşdu.  Bu baxımdan onun Milli Şuranın aksiyasına qarşı çıxması anlaşılandır. Ancaq məsələyə diqqətlə baxanda yazıçının haqsız olmadığını görürük. Əvvəla, Seymur Baycan elə bir şəxsdir ki, onun siyasi kimliyi haqqında qəti söz demək mümkün deyil. Müsavata da yəqin ki, özünün piarını qurmaq, divident qazanmaq  üçün girmişdi. İkincisi, Seymur Baycan dəfələrlə Müsavat rəhbərliyi haqqında sərt tənqidi fikirlər səsləndirib. Ayrıca, onun "20 ildi insanları barmağına dolayan, prinsipsiz, uğursuz, nə etdiklərini özü də bilməyən adamlar" dedikdə təkcə Cəmil Həsənlini, Əli Kərimlini nəzərdə tutmur. 2003-cü ildə gənclər polislə qarşıdurmaya göndərib "Qələbəyə qədər siz gəlin, ordan o yana mən aparacam" deyən, ancaq kabinetdən çıxmayan İsa Qəmbəri də nəzərdə tutur. Hər fəsil beyninə "Yaz hücumu", "Payız hücumu"kimi əndirbadi ideyalar gələn Pənah Hüseyni, müavinlərini türməyə yollayıb başqan seçilən Arif Hacılını da nəzərdə tutur. 20 ildir insanları aldanan təkcə Əli Kərimli, Cəmil Həsənli deyil. Milli Şuranı bəh-bəhlə quran, Bakı-Tiflis marşrutunu su yoluna döndərən Cəmil Həsənli deyildi, İsa Qəmbər idi, Arif Hacılı, Gültəkin Hacıbəyli idi. Ömrünün ahıl çağlarını yaşayan, tarixçi alim, müəllim Cəmil Həsənli bəlkə də özü də istəmədən siyasi proseslərə qoşulub. Arxivlərdə araşdırma aparmalı ikən aktiv siyasi proseslərə qoşulan, insanları aldadaraq aksiyalara səsləyən Cəmil Həsənli AXCP-nin siyasi oyunlarının qurbanına çevrilib. Gəncləri mənfi yola çəkən, Müsavatdan qisas alan, ana müxalifət olmağa çalışan Əli Kərimlidir. Seymur Baycan bu siyasi oyunların mənasız olduğunu bilir. Təkcə o yox, ömrünün 20 ilini müxalifət dəhlizlərində keçirmiş bütün insanlar bilir ki, bu cür aksiyaların xalqa heç bir aidiyyatı yoxdur. Bu mitinq Əli Kərimliyə, Cəmil Həsənliyə lazımdır. Ona görə lazımdır ki, Qərbin "demokratiya mərkəzlərindən", insan hüquqları fondlarından qrantlar alsınlar. Xalqın dolanışığı, güzəranı bu adamların qəti umurunda deyil. Bu aksiyalar Natiq Ədilov, Əbülfəz Qurbanlı kimilərinə Avropa ölkələrinə mühacirət etmələri üçün lazımdır. Ona görə də Seymur Baycan bu dəfə haqlıdır. Gənclər siyasi fırıldaqçılara baş qoşmamalı, öz karyeraları haqqında düşünməlidirlər. Azərbaycan gənclərinin böyük əksəriyyəti onsuz da Milli Şuranı, AXCP-ni dəstəkləmir. Hələ Fuad Qəhrəmanlının siyasi təbliğatının təsirində olan azsaylı gənclər də artıq seçim etməli, siyasi fırıldaqçılardan uzaq durmalıdırlar.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00