Milli Şuranın hamıya çirkab, böhtan atmaq siyasəti əxlaqlı yol deyil”
Əhməd Oruc: “Onlar səriştəli üzəduran, işverəndirlər”
2 Aprel 2015 13:58 SiyasətMilli Şura adlanan qurum yenidən mitinqə hazırlaşır. Yayılan məlumatlardan aydın olur ki, adıçəkilən qurum aprelin 5-də növbəti aksiyasını keçirməyi nəzərdə tutub. Ancaq maraqlı məqam ondan ibarətdir ki, sözügedən təşkilatda təmsil olunan bəzi siyasilər mitinq hazırlıqlarından daha çox müxalifət düşərgəsində təmsil olunan digər partiyalara qarşı qarayaxma kampaniyasına başlayıblar. Xüsusilə, keçən ildən etibarən baş tutan hakimiyyət-müxalifət dialoqunda iştirak edən partiyalar satqınçılıqda ittiham edilir, onların heç bir sosial bazasının olmadığı iddia edilir.
Məsələyə münasibət bildirən Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib ki, Milli Şura adlanan qurum özü müxalifəti parçalama yolu tutub və bu açıq-aşkar özünü büruzə verir: "Biz dəfələrlə istər ölkədəki vəziyyət, istər seçki məsələləri, istərsə də digər proseslərlə əlaqədar keçirdiyimiz tədbirlərə Milli Şuranın nümayəndələrini dəvət etsək də, onlar həmin tədbirlərə qatılmayıblar. Eyni zamanda onlar da keçirdikləri tədbirlərin heç birinə bizi dəvət etmirlər. Bu da onu deməyə əsas verir ki, Milli Şura istənilən əməkdaşlıqdan imtina edərək müxalifət daxilində parçalanma yaradır. Onların əsas məqsədi isə özlərini xaricdəki dairələrə Azərbaycanın yeganə müxalifət qurumu kimi təqdim etməkdir. Guya hakimiyyətə qarşı dayanan ən güclü müxalifət qüvvəsi məhz Milli Şuradır". Əhməd Oruc Milli Şurada təmsil olunanların hakimiyyətlə dialoqa gedən partiyaları aşağılamasını da sərt tənqid edib. Bildirib ki, hər kəs öz səviyyəsinə uyğun danışır: "Əslində biz dəfələrlə məsələ qaldırmışıq ki, iqtidar-müxalifət dialoqunda Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat Partiyası da iştirak etsin. Bu mövqeyimizi səmimi şəkildə ortaya qoymuşuq. Hesab etmişik ki, indiki şəraitdə müxalifətin küçə aksiyaları, mitinqlər vasitəsilə siyasi proseslərə təsir etmək imkanları çox aşağıdır. Bunun da başlıca səbəbi Milli Şurada olan liderlər və başqalarının 25 ildir ki, xalqı aldatmasıdır. Ona görə də cəmiyyət bundan bezib. Ona görə də biz küçə aksiyaları, mitinqlərə əhalinin böyük əksəriyyətinin biganə qaldığını nəzərə alaraq hesab edirik ki, indiki şəraitdə ölkədaxili problemləri danışıqlar yolu, dəyirmi masalar vasitəsilə həll etmək məqbuldur. İstər regionda, istərsə də regionda baş verən proseslər, müxtəlif ölkələrdə baş verən inqilablardan sonra həmin ölkələrin viran qalması da onu deməyə əsas verir ki, istənilən cəmiyyətdə mövcud problemlərin həlli danışıqlardan keçir. Bütün bunları nəzərə alaraq biz hakimiyyətlə dialoq tərəfdarıyıq və bu danışıqlarda iştirak edirik". Partiya sədri deyir ki, Milli Şurada təmsil olunanlar isə bunu öz əxlaqlarına uyğun şəkildə xarakterizə edirlər: "Bizi gah hakimiyyətlə işbirliyində, gah da hakimiyyətin sözünü deməkdə ittiham edirlər. Mən indiyə qədər heç kimin iradəsinin ifadəçisi olmamışam və öz düşüncəm, təfəkkürümlə hərəkət etmişəm. Eyni zamanda bir yerdə olduğumuz siyasilərin də fikirlərinə həmişə hörmətlə yanaşmışam. Hətta mən fərqli, əksəriyyət isə başqa cür düşünəndə konsensus naminə əksəriyyətin fikrini müdafiə etmişəm". Partiya sədrinin sözlərinə görə, Milli Şura mitinqə on min nəfər çıxara bilsə, yenə də heç nə dəyişməyəcək: "Hərçənd Milli Şuranın mitinqə bu sayda insan çıxara biləcəyi qətiyyən inandırıcı deyil. Ancaq hakimiyyət təmsilçisi ilə görüşdə istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də digər vacib məsələlərin ortaya qoyulması daha məqsədəuyğun və nəticəverən ola bilər. Nəinki mitinqlərin keçirilməsi". Əhməd Orucun sözlərinə görə, Milli Şuranın hamıya çirkab, böhtan atmaq siyasəti əxlaqlı yol deyil: "Konkret olaraq kim mənim barədə nəsə danışa bilərsə buyurub danışsın. Mən də çoxları haqqında çox şey bilirəm. Ancaq onları danışmağı öz əxlaqıma uyğun saymıram. Eyni zamanda istənilən bir auditoriyada, mətbuat qarşısında onlarla üz-üzə gəlməyə hazıram. Ümumiyyətlə, beynəlxalq qüvvələr Milli Şurada hər zaman milli qüvvələrin üzərinə kıskırtmağa adam tapır. İndi də görünür bir-iki nəfər tapılıb ki, bizim üzərimizə hücum edirlər. Düşünürəm ki, onların kimə xidmət etdikləri, haradan maliyyələşdikləri hər kəsə məlumdur". Partiya sədri hakimiyyətlə dialoqa gedən partiyaların elektoratının məhdud sayda olduğu iddialarını da əsassız hesab edir. Əhməd Oruc deyir ki, bəziləri elektorat məsələsindən alver, şantaj məqsədilə xidmət edir: "Uzun illərdir ki, müəyyən beynəlxalq təşkilatlar tərəfindən ayrı-ayrı partiya sədrlərinə böyük məbləğlərdə pullar ayrılıb. Həmin siyasilər də o pullarla özlərinə funksionerlər saxlayıb, mətbu orqanları təsis ediblər. Bu gün də onların həmin mənbədən qidalanmaq imkanları var. Ancaq Azadlıq Partiyasının elə bir imkanları olmayıb və partiya heç vaxt o cür imkanlar axtarmayıb. Hətta belə imkanlar olanda biz milli maraqlarımızı müdafiə etmişik.Ona görə də onlar bizimlə hər hansı şəkildə əməkdaşlığa maraq göstərmirlər. Ancaq Milli Şura üçün bunun fərqi yoxdur. 2013-cü ilin prezident seçkilərində Rusiya xətti tutan Milli Şura planının alınmadığı təqdirdə Avropayönümlü xətt nümayiş etdirdi. İndi də İslamçılardan özlərinə elektorat toplamaq istəyirlər. Yəni, bunlar üçün fərqi yoxdur. Sifarişi kimin verməsindən asılı olmayaraq onlar səriştəli üzəduran, işverəndirlər. Arada çaşıb bizə də sataşırlar. Məsləhət görərdim ki, öz işləri ilə məşğul olsunlar və bizə toxunmasınlar. Hər halda onların kim olduğunu biz daha yaxşı bilirik. Çünki neçə illərlə birgə yol qət etmişik". Əhməd Oruc bildirib ki, Azərbaycanda kimin kim olduğu hər kəsə məlumdur: "Ehtiyac yaransa sübut etməyə hazırıq. Ona görə də kiminsə özünə bir-iki mirzə tutub başqalarını ya buradan, ya da Fransadan söydürməsi doğru deyil".
Süleyman İsmayılbəyli