Məğlubiyyəti tum kimi çırtlayanlar: “Məhsul”dan Eyfelə Natiq Ədilov
2 Aprel 2015 13:54 SiyasətAXCP sədrinin müavini Natiq Ədilov Fransaya qaçıb. Bəli, qaçıb. Mühacirətə getməyib. Mühacirətə siyasi, ədəbi, ictimai rəyi formalaşdıra bilən ziyalı çəkisi olanlar gedir. Elman Türkoğlu demiş, Natiq Ədiloviç isə qaçıb. Özü də dabanına tübürüb. 20 ildən çoxdur məğlubiyyəti tum kimi çırtlayanlar qaçmalıdırlar. Əqidəsi ola bilməyən insan dabanına tüpürməlidir. Gücü çatdıqca, nəfəsi qulaqlarından çıxana qədər qaçmalıdır. Ki, Natiq Ədilov da bunu etdi. Və Ədilovun ələyin qırağını cırmağı Milli Şuranın yeni mitinqi ərəfəsində baş tutdu. "Mitinqə gəlin" deyən və özünü görmədiyimiz "inqilabın hərəkətverici qüvvəsi" olduğunu deyən Natiq Ədilov Əli Kərimlinin başlatdığı "etiraz dalğası"nın başında deyil. Halbuki o, bir sözüylə bütün Kubanı ayağa qaldıran Fideldən danışanda ağzına çullu qatır sığmırdı. Cəfəniyyatdı, elə deyilmi? Bu, onlarla Milli Şura və AXCP-yə inanan sadəlövhləri ələ salmaqdır. Lağa qoymaqdır. Hansı, böyük iddialardan danışan adam insanları ayağa qalxmağa səsləyər və qaçar? Heç kəs. Ədilov isə belə etdi. Qaçmaq Azərbaycanın radikallarının şakəridir. Əgər böyük ideallar arxasından qaçırsansa, proseslərə yön verməyi bacaracaqsan. İnqilabçı olmağa gedən yol, Eyfel qülləsinin altından keçmir, cərimə xəttinə qədər doldurula bilməyən "Məhsul" stadionundan keçir. Stadionun da, bol məhsul vermədiyini nəzərə alsaq, heç oradan da keçmir. 20 ildən çoxdur özümüz deyib öz qulaqlarımız eşidir. Çeynənmiş mövzularıdır, amma təkrarda da fayda var. Əslində isə, siyasətdə müxalifətin mitinq keçirməsindən ikrah hissi doğuran ikinci faktor yoxdur. 20 ildən çoxdur keçirilən aksiyalar, mitinqlər nəticə vermirsə və xalqı içinə yığa bilmirsə, o müxalifət ləğv olunmalıdır. Gəncləri təxribata çəkib, ölkədən qaçmaq üçün özünə zəmin yaratmaq siyasi mübarizə deyil, narsistlikdir.
***
İnqilabçının ağlı, tolerantlığı və insanlıqdan nəsibi olmalıdır. İnqilabçının mərkəzləşmiş ideologiyası olmalıdır. İmanı, ya da inancı yox, zəkası, məlumatı olmalı və proseslərin yönünü dəyişdirə bilən qətiyyəti olmalıdır. Elmli olmalıdır. Natiq Ədilov olmamalıdır. Kortəbii yola çıxan özünü çaşdırar. Yəni mütaliəli, tənqidi həzm edə bilən olmalıdır. Əli Şəriətinin fanatı olub həm kommunizmdən, həm də millətçilikdən danışan inqilabçı ola bilməz. Din, millətçilik və kommunizm? Absurd. Həyatda kim olursansa ol, birindən ol və yaxşı ol. Bu üçü isə, bir araya gəlməz. Lakin Natiq Ədilov iddia edə bilər ki, sosial ədalət axtarışındadır. Lakin bu ideologiyanı bir kənara atıb mühafizəkar kapitalizmin hökmran olduğu ölkəyə sığınmaq, bu ideologiyanın prinsiplərinə ziddir. Həm də bir inqilabçı ideologiyasına sadiq qalaraq, sadə kütlə ilə dialoqa getməlidir. Gəl ki, Natiq Ədilov cəbhəçi olmalayanları aşağılayır, qara olmayanlara xor baxır. Bir inqilabçının güc aldığı mərkəz hər kəsi düşünən mənbə olmalıdır. Natiq Ədilovun burda da problemi var. O, xarici ölkələrin diplomatik nümayəndəliklərinin pul konvertlərinə göz dikən Əli Kərimlidən ilham alır. Gözü özündən başqa heç nəyi görməyən Əli Kərimlidən nəinki inqilabçı, heç ələkçinin qıl verəni də olmaz. Bunu hamı bilir. Onu bizdən yaxşı tanıyan keçmiş müavini Razi Nurullayev də bu fikirdədir. Əgər xalq ayaqlanmasının hərəkətverici qüvvəsi olduğunu iddia edənlər, o aksiyaların başında deyillərsə, ölkədən qaçmaq üçün girəvə axtarırlarsa, kimə lazımdır o müxalifət? Nəyə lazımdır, o məntiqsiz, pafoslu tribuna çıxışları, aksiyalar? Boş verin getsin...
Ömər Zamin