Qərbdəki qurumların hesabatları bir-birinə bənzəyir

Görəsən avropalılar bizi ələ salırlar, yoxsa özlərini gic yerinə qoyublar. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Adil Əliyev Avropa Komissiyasının 2014-cü ildə Azərbaycanda Avropa Qonşuluq Siyasətinin reallaşmasına dair hesabatına münasibət bildirərkən qeyd edib. Millət vəkili bildirib ki, hesabatda xeyli obyektiv məqamlar da var: "Məsələn, ölkədəki iqtisadi vəziyyət müsbət qiymətləndirilir. Vurğulanır ki, makroiqtisadi mühit qeyri-neft sektorunun və sosial sabitliyin artması hesabına sabit qalıb və s. Amma məni maraqlandıran budur ki, "Cənub Qaz Dəhlizi"nin reallaşmasına dair öhdəliklər əvvəlkitək AB-Azərbaycan dialoqu üçün birinci dərəcəli əhəmiyyət daşıyır" deyən Avropa Birliyi nədən ölkəmiz üçün birinci dərəcəli əhəmiyyət daşıyan məsələdə yetərincə prinsipiallıq göstərmir. Bu, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Dağlıq Qarabağ problemi ilə əlaqədar münaqişə tərəflərini "gərginliyi artıran və dinc prosesi pozan hərəkət və bəyanatlardan çəkinməyə" çağırmaqdansa, yaxşı olardı ki, Brüsseldəkilər erməni işğalçılarını Azərbaycan torpaqlarını boşaltmağa səsləyərdilər. O zaman nə cəbhə xətti olar, nə də gərginlik yaranardı. İnsan haqları problemini qabardırlar, amma niyə aydın şəkildə bildirmək istəmirlər ki, Azərbaycanda bu problemi ən çox üzərində hiss edən öz yurdundan didərgin salınanlardır. Buna görə isə Ermənistan məsuliyyət daşıyır. Çox təəssüf ki, təkcə Avropa Birliyi deyil, qərbdəki digər qurumların hesabatları da bu baxımdan bir-birinə bənzəyirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00