Keçmiş müavini Əli Kərimlini “sillə”lədi
Razi Nurullayev: “Niyə onun orbitinə daxil olan rəhbərlik üzvləri tənqid oluna bilməz”
30 Mart 2015 19:20 Siyasət"Tənqidə dözümsüzlük, başqa fikir və düşüncəni boğmaq cəhdi AXCP-də güclənməkdədir. Bu hərəkət bütün müxalif fikir üçün təhlükəlidir. Fərqli düşünənləri partiyadan uzaqlaşdırmaq öz kreslosunu bütləşdirmək anlamına gəlir. Xəbər var ki, partiyadan bir neçə gənci uzaqlaşdırıblar. Siyahıda bir neçə gənc də var. O gənclər ki, rəhbərliyi tənqid etməyə və hesabatlılıq tələb etməyə cəsarət ediblər. Onların günahı fərqli düşünməkləridir". "Olaylar"ın məlumatına görə, bu fikirləri AXCP sədrinin keçmiş müavini Razi Nurullayev səsləndirib. "Müxalifət olaraq hakimiyyət uğrunda mübarizə aparmalıyıq. Ölkədə demokratiyanın qurulması üçün demokratik nümunəni özümüzdən başlamalıyıq. Məgər bizim müxalifət olaraq mübarizəmiz fərdlərin kreslosunu bütləşdirməkdirmi? Niyə AXCP sədri və onun orbitinə daxil olan rəhbərlik üzvləri tənqid oluna bilməz? Onlar bütləşibmi? Bəlkə elə xidmətləri və elə müqəddəslikləri var ki, biz bilmirik? Bu gün bizi yaradan Böyük Allahı belə tənqid edənlər var. Onun göndərdiyi müqəddəs "Qurani-Kərim"ə belə tənqidi münasibət var. AXCP və onun rəhbərliyi niyə tənqid oluna bilməz? Cəbhəçilər gərək dərindən düşünsünlər. Ruhlarını azad etmək üçün" - deyə R.Nurullayev qeyd edib. O, müxalifətin yenilənməyə ehtiyacının olduğunu deyib.