“Dağlıq Qarabağ ətrafı rayonların azad olunmasına ciddi hazırlıq gedir”
“Azərbaycan ordusu Dağlıq Qarabağ separatçılarının işğal altında saxladıqları Ağdam və Füzulidəki məntəqələrinə bundan sonra da zərbələr endirəcək”
30 Mart 2015 18:35 Siyasət"Azərbaycan ordusu Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasına ciddi hazırlaşır. Bu plan Bakıda Avropa Olimpiya Oyunlarından sonra reallaşa bilər". "Olaylar"ın məlumatına görə, "Atlas" Araşdırmalar Mərkəzinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı analitik materialda belə deyilir. Bildirilib ki, Azərbaycan ordusu Dağlıq Qarabağ separatçılarının işğal altında saxladıqları Ağdam və Füzulidəki məntəqələrinə bundan sonra da zərbələr endirəcək: "Separatçıların bu vəziyyətdə iki yolu var. Onlar ya həmin ərazilərdəki hərbi məntəqələrdən geri çəkilməlidirlər, ya da savaşı qəbul edib, zaman-zaman əks-hücuma keçməlidirlər. Separatçıların həmin məntəqələrdən geri çəkilməsi problematikdir. Çünki bu halda üstünlük Azərbaycan ordusunun tərəfinə keçəcək və Ağdamın azad olunması planı qısa müddətdə işə salınacaq. Ancaq separatçıların daima Ağdam və Fizulidə hərbi post saxlamaları da onlara hər zaman problem vəd edir. Çünki, həmin postlar daima vurulacaq və orada qulluq edən ermənilər öldürüləcəklər. Təsadüfi deyil ki, Ermənistandan gətirilən gənclər həmin postlarda xidmət etmək istəmirlər. Qeyd edilib ki, Azərbaycan ordusu üçün son 10 ildə ən müasir hərbi texnika və raketlər alınıb. Azərbaycanın Müdafiə Sənayesinin də kifayət qədər hərbi sursat istehsal etdiyi diqqətə çatdırılıb: "Bu illərdə Azərbaycan ordusunun və hərbi təyyarələrinin təcrübəsi artıb. Bu faktorlar Azərbaycan prezidentini yay aylarında ən azı Ağdam rayonunun azad edilməsinə həvəsləndirə bilər. Bu hücum iqtisadiyyatda son zamanlar baş verən neqativ prosesləri də unutdurmağa xidmət edəcək". Materialda qeyd edilib ki, Azərbaycan ordusu Ağdam rayonunu qəfil hücumla ələ keçirərsə, bu sülh danışıqlarında Azərbaycanın mövqeyini gücləndirəcək. "Çünki, Ağdamın alınmasıyla mənəvi və hərbi üstünlük qazanan Azərbaycan ordusu digər işğal altındakı rayonların boşaldılması prosesini davam etdirəcək. Bu isə müharibənin genişlənməsi demək olacaq. Belə olan halda Minsk Qrupu erməni tərəfini güzəştə getməyə məcbur edəcək. Separatçılar Ağdam kimi bufer zonasını itirməklə ya digər işğal altındakı rayonların boşaldılması əvəzinə Bakı ilə mərhələli həll planına razılaşacaqlar, ya da genişmiqyaslı müharibəyə başlayacaqlar ki, bunun sonu heç kimə bəlli deyil" - "Atlas"ın hesabatında bildirilib.