Qərbin istənilməyən demokratiyası: Terror və müharibə
O, heç vaxt vicdanı ilə hesablaşmır, onu nə qədər qazandığı maraqlandırır
30 Mart 2015 18:12 SiyasətAzərbaycan prezidenti İlham Əliyev Novruz şənliyi münasibətilə ictimaiyyət qarşısında çıxışında Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı aparılan təbliğatlardan danışdı. İ.Əliyev Azərbaycanın yürütdüyü müstəqil siyasətinin heç də hamıya xoş gəlmədiyini dedi. Dövlət başçısı bəzi xarici dairələrin Azərbaycana qarşı açıq kampaniya apardıqlarını və bunu 2012-ci ildə Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsi ərəfəsində müşahidə etdiyimizi də diqqətə çatdırdı. İlham Əliyev qeyd etdi ki, bu, koordinasiya olunmuş şəkildə təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan antiAzərbaycan kampaniyasıdır: "Bunun məqsədi ölkəmizi ləkələmək, qaralamaq, işlərimizə kölgə salmaq və Azərbaycanı geridə qalmış, qeyri-demokratik, azad olmayan ölkə kimi təqdim etməkdir". Prezident dedi ki, "ekspertlər", "politoloqlar", keçmiş dövlət xadimləri, bəzi mətbuat orqanları sanki Azərbaycana qarşı soyuq müharibə elan ediblər: "Bir daha demək istəyirəm ki, bütün bu səylərin heç bir nəticəsi yoxdur, ola da bilməz. Dünyada elə qüvvə yoxdur ki, Azərbaycan xalqının iradəsinə təsir edə bilsin". Dövlət başçısı Azərbaycanda bütün azadlıqların təmin edildiyini və ölkənin sürətli inkişaf yolunda olduğunu bildirdi.
Azərbaycanı əsassız ittihamlarla qınaq obyektinə çevirməyə çalışırlar
Prezident İlham Əliyevin fikirləri çox mühüm məsələni gündəmə gətirdi. Avropa Oyunlarından əvvəl Azərbaycana qarşı başladılmış kampaniyanın arxasında hansı təşkilatların və qüvvələrin dayandığını konkret dillə ifadə edə bilməsək də, bu işdə Qərbin bəzi siyasi dairələri və erməni lobbisinin adı hallanır. Həmin qüvvələrdən maliyyə yardımı alan daxili qüvvələr də, "qara piar kampaniyası"nda müəyyən çəkiyə sahibdirlər. Azərbaycanı sevməyən dairələrin təbliğatını daxildən quran bəzi iqtisadi ekspertlər, politoloqlar, radikal partiyaların sədrləri, funksionerləri və QHT-lərin məqsədi qitə əhəmiyyətli yarışa ev sahibliyi etməyə hazırlaşan Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq və oyunları əngəlləməyə nail olmaqdır. 2012-ci ildə Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsində birinci yeri qazanmış İsveç təmsilçisi Lorenə Azərbaycan haqda həqiqətə uyğun olmayan məlumatlar verən radikal müxalifət liderləri (İsa Qəmbər və Əli Kərimli) bu gün eyni mövqeni nümayiş etdirirlər. Avropa Oyunlarına sayılı günlər qalmış paytaxtda keçirilən mitinqlərin sayının çoxalması da eyni qəbildəndir. Nümayişləri iqtisadi amillərə bağlayan Milli Şura və AXCP rəhbərliyi son anda öz xislətini ortaya ataraq, Azərbaycanın əldə etdiyi uğurları həzm edə bilmədiklərini nümayiş etdirirlər. Əsassız iddialarla Azərbaycan dövlətçiliyinə qarşı fəallaşmış həmin dairələrin səsləndirdikləri fikirlər ölkəmizdə siyasi çevriliş etmək istəyən dairələrin məqsədlərilə üst-üstə düşür. Maliyyə mənbəyi ermi diasporu olan bəzi ABŞ QHT-ləri bu işdə fəallıq nümayiş etdirirlər. Məsələnin maraqlı tərəfi isə, tarixin bütün dövrlərində insan haqlarını ən kobud şəkildə tapdalayan ABŞ və bəzi Avropa ölkələri Azərbaycanı əsassız ittihamlarıyla qınaq obyektinə çevirməyə çalışırlar. Həmin dövlətlərin tarix səhifləri qanlı hadisələr və üstü açılmamış qətliamlarla doludur.
Qərbin demokratiyasında problemləri var
Qərbin son 14 ildə Yaxın Şərqdə reallaşdırdığı qətliamlar onun demokratiyasına olan inamı azaltdı. Müsəlman ölkələrinin domino effektiylə biri-birinin üzərinə yıxılması ABŞ və Qərbi Avropanın haqqında danışdığı demokratiyanın əslində isə, yalan zibilliyi olduğunu isbat etdi. Qərbin demokratiyasında problemlər var. Regionda və dünyada baş verən proseslərin mərkəzində də həmin problem dayanır. Digər ölkələrin demokratiyalarında qüsur axtarmaq istəyənlər haqqında danışdıqları dəyərləri ən kiçik zərrəciklər formasında darmadağın edirlər. Dünyada Qərb demokratiyasına qarşı tənqidlərin dozası artdığı halda, Avropa və ABŞ qan çanağına çevirdiyi Yaxın Şərq cəmiyyətlərini "demokratiya uğrunda" qiyama qaldırır. Öz daxilindəki antidemokratik mühitdən şikayət edən Qərb Yaxın Şərqin istəklərinə uyğun çevrilmiş ölkələrinin heç birinə "demokratik dövlət" adı verməyib. Çünki onun qloballaşdırmağa çalışdığı məqsədinin adı demokratiya yox, "İmperializm"dir. Məsələ budur. Bu oyuna bilməyərəkdən, ya da bilərəkdən girənlər isə sadəcə təəssüf doğurur. Qərb demokratiyası birmənalı olaraq, onun geosiyasi və enerji siyasətinə əsaslanır. ABŞ-ın dövlət katibi Con Kerrinin Misirdə inqilab baş verdikdən sonra səsləndirdiyi "Ordu demokratiyanı bərpa etdi" fikri bu mənada anlaşılandır. ABŞ və Avropanın siyasi prinsipləri əsrlərlə davam edən dəyərlərə və tarixi ənənələrin altını-üstünə çevirir, darmadağın edir. Qərb üçün insan azadlıqları məsələsi vacib deyil, əsas məsələ ölkələrdə yaratdığı siyasi sistemlərin davamlılığıdır. Nəyin bahsına olursa-olsun həmin nizam qorunmalıdır.
İraqlılara daddırılan "azadlıq"
Qərb demokratiyadan siyasi məqsədlərinin həyata keçirilməsi üçün qılınc kimi istifadə edir. Zaman-zaman bu qılınc İŞİD, əl-Qaidə kimi terror təşkilatlarının əllərində də görünür. Siyasi inqilablar etdiyi ölkələrdə demokratiyanı doqmatizm vəziyyətinə salan Qərb müzakirə mövzusu özünün demokratiyası olan kimi susur. Məsələn, İraqda kütləvi qırğın silahlarının məhv edilməsi adı altında ABŞ və İngiltərənin rəhbərliyilə Qərb 2003-cü ildə bu ölkəni xarabalığa çevirdi. Buş bunu Tanrının ona verdiyi ilhamla etdiyini deyirdi və iraqlıları Səddam Hüseyn rejimindən xilas edəcəyini, onlara əsl azadlığı daddıracağını deyirdi. Nəticədə Buşun "əsl azadlıq" tezisi İraqa 2 milyon qurban bahasına başa gəldi. İraq isə azad olmadı, işğal edildi. Son 12 ildə İraqda baş verənlər əslində Amerikan kapitalizminin enerji və geosiyasi oyunu olduğunu isbat etdi. 11 sentyabr hadisələrindən sonra müsəlman coğrafiyasını qana çalxalayan ABŞ hələ də ölkələr üzərində "demokratiya bayrağı" əsdirir. Məsələn, alman tarixçi Aleksandr Demant "Kiçik dünya tarixi" adlı əsərində yazır: "Ağ irq maraq, macəra və qazanmaq zövqü ilə dünyanı ələ keçirdi. Təsirli silahları, texniki üstünlüyü ilə başqa bir mədəniyyətin, xüsusilə də müsəlman mədəniyyətinin inkişafına icazə vermədi".
Qərb heç vaxt vicdanı ilə hesablaşmır
Uzun illərdir diktatorların idarə etdiyi Yaxın Şərq ölkələri Qərbin imperiya oyunlarına alət olublar. Suriyada vətəndaş qırğını davam edir. Misir və Liviyada sabitlik pozulub. Yəmən çalxalanır. Myanmada buddistlər müsəlmanları diri-diri yandırırlar. Çin hökuməti Şərqi Türküstanda uyğurlara qan uddurur. Fələstin, Əfqanıstan və Pakistanda qan dayanmır. Lakin insanların kütləvi şəkildə öldürülməsi, qırğınlar, vəhşiliklər Qərb üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki Qərb üçün xalqların öldürülməsi yox, onların kimlərə xidmət etmələri maraqlıdır. Bu çərçivədə Qərb üçün ölkələrin demokratikləşməsi də maraqsızdır. Qərb heç vaxt vicdanı ilə hesablaşmır, onu nə qədər qazandığı maraqlandırır. 400 ildən çoxdur ki, Asiya ölkələrini koloniyasına çevirmək istəyən Qərb daha çox qazanmaq üçün çalışır və bu baş verən müharibələrin təmələində dayanan əsas tezisdir. Yaxın Şərqdə baş verənlər onu göstərir ki, ABŞ və Qərbi Avropa hələ də insanlıqdan öz paylarını almayıblar. Qərb açıq şəkildə kapital və siyasi maraqları üçün ölkələri sallaqxanalara çevirir. Onun azadlıqlar anlayışı burjua demokratiyası və imperialist-kapitalist mənfəətlərin üzərini örtən örtükdür.
Demokratiya - həm vasitə, həm məqsəd
Qərbin ölkələrdə demokratiya problemi yoxdur. Məqsəd dünyanı istismar etmək, öz maraqları yönünə istiqamətləndirməkdir. Xüsusilə müsəlmanlar və onların ölkələri həmin maraqlarına hədəf taxtasına oturdulurlar. Demokratiya amili isə burada vasitə olmaqla yanaşı, həm də məqsəddir. Son olaraq Suriyada baş verənlər bu ölkədə yaşayanların demokratiya utopiyasını yerlə-yeksan etdi. Nəticədə Qərb bu anlayışından istədiyi kimi istifadə edir. Guya teokratları devirir və demokratik olanlarını hakimiyyət başına gətirir. Buna qədər isə silahsız insanları və bu ölkədə özünə qarşı olan siyasi dairələri terror təşkilatları vasitəsiylə yox edir. Qərbin məqsədi tabeliyinə keçirmək istədiyi dövlətlərdə insanların sayını azaltmaqdır. Bu niyyətini də müharibə və terror yoluyla reallaşdırır. Oliver Le Kur Qrandmenson Qərbin müsəlmanlara qarşı öz düşüncəsinə uyğun hərəkət etdiyindən yazır: "Müstəmləkə dövründə müsəlman ərəblər qərblilər tərəfindən heyvan kimi ovlandılar. Müstəmləkəçilərin "mədəniyyət" gətirmək istədikləri yerlərdə istifadə etdikləri bir üsulları vardı: Yerlə-yeksan etmək, ovlamaq və terror törətmək". Fransız polkovnik Lusiyan Fransua de Montqnac 1842-ci ildə Əlcəzairdən yazdığı məktubunda qeyd edir: "Öldürürük, boğuruq. Ölənlərin çıxardıqları səslər böyürən və mələşən heyvanların səslərinə oxşayır. Qadınlara nə etdiyimizi soruşursunuz. Bir neçəsini girov kimi tuturuq. Digərlərini atlarla dəyişirik. Digərilərini isə qoyun-keçi kimi satırıq. Bəzən də mənfi hisslərdən azad olmaq üçün başlarını kəsirik. Bunlar heyvan başları deyil, insan başlarıdır". Fransız yazıçı Luis de Dadisior Əlcəzairdə baş verən dəhşətlərdən yazarkən deyirdi ki, bir əsgər sırf zövq üçün bir qadının sinəsini kəsdi, başqa bir əsgər isə uşağı hamilə qadının bətnindən uşağı çıxarıb başını divara çırparaq parçaladı. Yəni el deyimi ilə ifadə etsək, öz gözündə tiri görməyənlər özgə gözündə qıl axtarırlar.
Mənsur