AXCP-də “Keşiş Qaponların” sayı artır
30 Mart 2015 17:50 SiyasətAXCP Mətbuat Xidmətinin rəhbəri, keçmişi ateist, indisi əhli-beyt aşiqi, ustad Əli Şəriəti məddahl Natiq Ədilov Fransaya mühacirət edib. Əslində Ədilovun hansısa xarici ölkəyə mühacirət edəcəyi bəlli idi. Ötən il 3 ay ABŞ-da qalıb geri qayıdanda bəyin niyyəti üzə çıxmışdı. Ancaq yankilər ona "oturum izni" vermədilər. Fırlanıb yenidən Bakıya qayıtdı. Qardaşı Murad Ədilov həbs olunandan sonra Tiflisə qaçan və səfirliklərdən Avropaya sığınmaq üçün mədəd diləyən Natiq axır ki, istəyinə çatıb. "Azadlıq" qəzetində köşə yazan Ədilov qeyd edib ki, Fransaya sığınıb və Qənimət Zahidlə birgə "Azərbaycan saatı" verilişini aparmaqda davam edəcək.
Ədilovun mühacirəti bir neçə nüansa aydınlıq gətirdi. Əvvəla, bəlli oldu ki, AXCP-də əvvəlki prinsiplər dəyişməyib. Bu partiyaya gələnlərin, mitinqdə, sosial şəbəkələrdə aktivlik göstərənlərin bir amalı var: qrant almaq və xaricə mühacirət etmək. Ədilov ilk fürsətdə bu imkandan yararlandı. İkinci nüans, AXCP ilə sabiq korrupsioner rektor Elşad Abdullayevin əlaqələrinin təsdiq olunmasıdır. Yaxın günlərdə Ədilov Elşad Abdullayevin yanında boy göstərsə, təəccüblənmək lazım deyil.
Ədilov özünü hələ də AXCP-nin sözçüsü hesab edir. Belə çıxır ki, o, Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə davam edəcək. Mühacirətdən bu vəzifəni yerinə yetirmək mümkün idisə, bəs Ukraynada yaşayan İsaq Əvəzoğlu niyə uzaqlaşdırıldı? Ukrayna Fransadan daha yaxındır. İnternet üzərindən İsaq bəy də AXCP MX-nin rəhbəri vəzifəsini icra edə bilərdi.
Ən gülməlisi Natiq Ədilovun insanları 4 aprel mitinqinə çağırmasıdır. Bu, Bakıdan qaçmış siyasi fəallardan birinin Quba hadisələri zamanı Fransadan müxalifəti meydanlara səsləməsinə oxşadı. Adamlar utanmaq hissini deyəsən, tamamilə itiriblər. Adamdan soruşarlar: insanları aksiyaya çağırırsan, bəs özün hardasan? Adamlara fitnə verib keşiş Qapon olmaq fikrinə düşmüsən? Azərbaycandan Fransaya mühacirət etmisənsə, demək mübarizə meydanını tərk edib qaçmısan. Sənin mübarizədən, səngərdən danışmaq, adamları aksiyaya çağırmaq hüququn yoxdur.
Bütün bunlar aydındır da, adama təsir edən bu cür insanların Elçibəy partiyasının adından danışmalarıdır. Əli Şəriəti, Çe Gevara kimi fikir və dava adamlarından sitat gətirən adamların öz partiyalarının tarixindən xəbərləri yoxdu. Bu adamlar AXCP-nin mübarizə ənənələrindən də imtina ediblər. Heç olmasa, Elçibəyin mübarizə yolunu örnək alsınlar. Elçibəy mübarizə meydanını qoyub qaçmırdı. Mitinqlərdə, yürüşlərdə, hətta partiyta qərargahında o zamankı hakimiyyətin adamları tərəfindən döyülürdü, ancaq meydanı tərk etmirdi. Evdə oturub çay içmirdi, Fransaya mühacirət etmirdi.
Ərhun Abbas