I Avropa Oyunlarını gözdən salanlara Patrik Hikkinin tərs silləsi

I Avropa Oyunlarının vaxtı yaxınlaşdıqca ona mane olmağa çalışan qüvvələrin də sayı artmağa başlayır. Hazırkı situasiyada müşahidə olunan mənzərə ondan ibarətdir ki, antiAzərbaycan qüvvələri ciddi cəhdlə I Avropa Oyunlarının statusunu aşağılamağa, onu gözdən salmağa çalışırlar. Bu günlərdə yayılan xəbərlər bir daha onu deməyə əsas verir ki, Azərbaycanın belə bir mötəbər yarışa evsahibliyi etməsini həzm edə bilməyən qüvvələr bu istiqamətdəki fəallıqlarını bir qədər də artırıblar. Xəbərlərdən məlum olur ki, müxtəlif idman növləri üzrə Avropa çempionatlarını birləşdirən yeni idman tədbiri 2018-ci ildə Qlazqo və Berlin şəhərlərində keçiriləcək. Belə ki, atletika, velosipedsürmə, avarçəkmə, üzgüçülük və triatlon üzrə qitə qurumları ilk Avropa İdman Çempionatını təşkil etmək qərarı veriblər. Məqsəd dünya səhnəsində yeni brend yaratmaqla televiziya izləyicilərinin sayını, sponsorluq imkanlarını artırmaqdır. Maraqlısı odur ki, artıq bəzi Avropa mətbuatı da bu kampaniyaya qoşularaq əsas diqqəti iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarına deyil, məhz bu tədbiri gözdən salmağa hesablanmış 2018-ci il tədbirinə yönəldib.
Böyük Britaniyanın bir neçə saytı bu məlumata yer ayırıb.  "Inside the Games" saytı iddia edir ki, 2018-ci il yarışları bu il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına ilk meydan oxuyan tədbir olacaq. Başqa bir maraqlı məqam ondan ibarətdir ki, Qlazqonun adı 2019-cu ildə ikinci Avropa Oyunlarının ev sahibliyinə namizədliyini verəcək şəhər kimi çəkilmişdi. Ancaq əvəzində Almaniyanın paytaxtı ilə birlikdə yeni bir tədbirə imza atmağa qərar verib. Qlazqoda velosipedsürmə, avarçəkmə, üzgüçülük, triatlon, Berlində isə atletika yarışları keçiriləcək. Çempionatın iyulun sonunda, yaxud avqustun əvvəlində iki həftə ərzində keçirilməsi planlaşdırılır.
Azərbaycanı gözdən salmaq kampaniyası bununla kifayətlənmir. Məqalə müəllif yazır ki, guya bu il Bakıya gələcək atletlər Avropa Atletika Komanda Çempionatlarının 3-cü liqasında oynayanlar, az tanınan idmançılardır. Həmçinin iddia edilir ki, Azərbaycanın paytaxtına gələn üzgüçülər də gənclərdir. Belə ki, Avropa Üzgüçülük Liqası bu tədbirə qatılmaq istəməyib.
Göründüyü kimi, antiAzərbaycan şəbəkəsi var gücü ilə fəaliyyətdədir. Son proseslər ondan xəbər verir ki, bu şəbəkədə təkcə ayrı-ayrı beynəlxalq QHT-lər, erməni lobbisinin maraqlarına xidmət dairələr deyil, eyni zamanda ölkəmizin uğurunu həzm edə bilməyən bəzi Avropa dövlətləri də yer alır. Əgər belə olmasaydı I Avropa Oyunlarını gözdən salmağa cəhdlər göstərilməz, ona qondarma alternativ yarışlar təşkil edilməzdi. Əgər Avropanın bəlli dairələrini doğurdan da idmanı inkişaf etdirmək düşündürürsə o halda nə üçün Almaniya, Böyük Britaniya və ya başqa bir Avropa ölkəsi I Avropa Oyunlarına evsahiblik etmək istəyini ortaya qoymadı? Nə üçün Azərbaycanın növbəti dəfə bir ilkə imza atmasından sonra yağışdan sonra baş qaldıran göbələklər kimi Avropadan fərqli təşəbbüslər meydana çıxdı? Cavab məlumdur. Çünki bu gün dərin iqtisadi böhran dövrünü yaşayan Avropa maddi baxımdan belə bir mötəbər yarışı keçirmək iqtidarında deyil. Bu tədbiri Azərbaycanın keçirməsini isə həzm edə bilmir. Çünki özünü iqtisadi cəhətdən inkişaf etmiş bir ölkə sayan istər Almaniya, istər Böyük Britaniya, istərsə də bir başqa Avropa dövləti üçün cəmi 20 ildən artıq bir müstəqillik dövrü yaşayan Azərbaycanın belə bir yarış keçirməsi məlum dairələr üçün utancvericidir. Nədən ki, həmin dairələr addım başı Azərbaycanı haqsız olaraq nələrdəsə ittiham edirlər. Mənzərə isə göz qabağındadır. AntiAzərbaycan qüvvələrinin nə deməsindən və hansı fəaliyyət göstərməsindən asılı olmayaraq Azərbaycan öz yolu ilə gedir və I Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün əlindən gələni əsirgəmir. Sevindirici hal ondan ibarətdir ki, beynəlxalq idman federasiyaları da I Avropa Oyunlarına hazırlıq prosesini yüksək dəyərləndirir. Elə bu günlərdə Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin Bakıya səfəri və I Avropa Oyunlarına hazırlıq prosesini müsbət dəyərləndirməsi də deyilənləri təsdiqləyir. Bakıda keçiriləcək I Avropa Oyunlarını gözdən salmağa cəhd edənlərə və Avropa KİV-lərində dərc edilən qərəzli materiallara cavab olaraq Patrik Hikki  bildirib ki, I Avropa Pyunlarına qitənin ən yaxşı atletləri cəlb olunacaq. O,  bildirib ki, "Bakı 2015" I Avropa Oyunları böyük hadisədir: "Fikrimcə, bu, Avropa Oyunlarını qitə idmanının ən yüksək zirvədə dayanan idman tədbirinə və artıq yeni yaradılmış brendə çevirəcək. Bu, daha yaxşı nəticələr əldə etmək üçün bir başlanğıc olacaq". Bu mövqe təbi ki, antiAzərbaycan qüvvələri üçün tərs bir sillə sayıla bilər.


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00