Milli Şuranın 15 mart mitinqinin şok təfərrüatı

“Mitinq üçün nə qədər vəsaitin ayrıldığını AXCP-də Əli Kərimlidən başqa 2 nəfər bilir”

Martın 15-də Milli Şuranın növbəti mitinqi baş tutdu. Bu dəfəki mitinq də bundan əvvəlkilər kimi piket xarakteri daşıyırdı. Əvvəldən elan olunduğu kimi aksiyaya 80 min yox, 800 nəfər ətrafında insan cəm olmuşdu. Ənənəyə uyğun olaraq, "Məhsul" stadionunda baş tutan aksiyanın əsasını ətrafda yaşayan insanlar təşkil edirdilər. Aksiyanın gedişində passivlik nümayiş etdirən bu insanlar sadəcə izləmə mövqeyində idilər. Bakı Şəhər Baş Polis İdarəsindən mətbuata verilən məlumatda mitinqə ümumilikdə 800 nəfərin qatıldığı bildirilir. Lakin AXCP-nin Mətbuat Xidmətindən Milli Şuraya yaxınlığı ilə seçilən saytlara göndərilən məlumatlarda aksiyaya 10 min nəfərin qatıldığı iddia edildi. AXCP sədri Əli Kərimlinin 800 nəfəri 10 min kimi təqdim etməsinin ilginc təfərrüatı məlum olub. Belə ki, mitinqin xarici təşkilatçılarından nümayişə çoxlu sayda adam cəlb edəcəyi sözünü verən Əli Kərimli bunun üçün ayrılmış pulları leqal şəkildə mənimsəmək üçün mitinqə 10 min nəfərin gəldiyini iddia edib.

"Mitinqlər sifarişlə keçirilir"

AXCP-dəki anonim mənbədən "Olaylar"a verilən məlumata görə, rəqəmlər Əli Kərimlinin həmin qurumlara göndərdiyi hesabatında da yer alıb. Mənbə Əli Kərimlinin Milli Şuranın mitinqləri üçün ayrılan pulların hansı kanallar vasitəsilə əldə etməsi barədə məlumatlı olmadığını desə də, vəsaitələrin ABŞ-dakı bir sıra QHT-ləri və Avropanın bir sıra ölkələrindən ayrıldığını bildirib: "Bundan əvvəlki mitinqlər də həmin qurumların təşkilatçılığıyla reallaşdırılıb. Milli Şura rəhbərliyi aksiya keçirməkdə o qədər maraqlı olmasa da, Əli Kərimli ətrafını və Şuranı buna məcbur edir. Milli Şura və AXCP-dən olan bəzi insanlar Əli Kərimliyə bu mitinqlərin nə üçün lazım olduğunu bilirlər. Açıq etiraz etməkdən çəkinirlər. AXCP sədri Razi Nurullayev kimi onları da şantaj edə bilər. Fürsət düşən kimi iqtidarı tənqid edən və Prezident İlham Əliyev haqda "Azərbaycan saatı"nda sübutu olmayan iddiaları fakt kimi təqdim edən Əli Kərimlinin yeganə məqsədi maddi təhlükəsizliyini təmin etməkdir. "Azərbaycan saatı" üçün materiallar da Əli Kərimlinin xüsusi nəzarəti altında hazırlanır. O, "Azadlıq" qəzetini də şəxsi maraqlarına xidmət etdirir. Halbuki "Azadlıq"ın əməkdaşları aylardır maaş almırlar. Lakin o, mitinqlər üçün aldığı pullarla işçilərinin məvacibini ödəyə bilər. Bu adam hakimiyyət uğrunda mübarizə aparmır. Cəbhəçiləri də çoxlu pul qazanmaq üçün apardığı mübarizənin siyasi çəkişmə olduğuna inandıra bilib. İndiyədək aldığı pulları təktərəfli şəkildə mənimsəməsi, Almaniyadakı bank hesablarına köçürməsi, onun əsl simasını göstərir. Milli Şuranın 15 mart mitinqi də Əli Kərimlinin xüsusi istəyiylə həyata keçirilib. Mitinq üçün nə qədər pulun ayrıldığını AXCP-də Əli Kərimlidən başqa 2 nəfər bilir. Həmin adamlara da paket şəklində pullar verilir. Onlar aldıqları pullar qarşılığında aksiyaya çoxlu adam toplamalıdırlar. Lakin heç kəs onlara inanmadığı üçün aksiyalara gəlmirlər. Nəticədə aldığı pulları mənimsəmək istəyən Əli Kərimli təqdim etdiyi hesabatlarda rəqəmləri şişirtməyə məcbur olur" - deyə mənbə vurğulayıb. O, pulların Əli Kərimlinin bəzi xarici ölkələrin Azərbaycandakı səfirliklərindəki adamlarından aldığını da istisna etməyib. Mövzuya yenidən qayıdacağıq.


Ömər Zamin
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00