“Azərbaycan, Türkiyə, Rusiya və Avropa arasında birlik qurula bilər”

Zahid Oruc: “Avropa İttifaqı Azərbaycanın seçdiyi qərarlarla, hesablaşmaq məcburiyyətində qalır”

"Azərbaycan neft və qaz resursları uğrunda gedən beynəlxalq savaş dövründə bu qərarları verə bildi. Adətən həmin sərvətlər bir çox ölkələrin faciəsinə, müxtəlif xarakterli müharibələrə, silahlı toqquşmalara yol açır". Martın 17-də Türkiyənin Qars şəhərində təməli qoyulan Transanadolu Qaz Kəmərinin (TANAP-ın) Azərbaycan üçün iqtisadi səmərəsi barədə "Olaylar"ın sualını cavablandıran millət vəkili Zahid Oruc belə deyib. Z.Oruc qeyd edib ki, Azərbaycan dövlət başçısının sayəsində belə toqquşmalardan özünü qoruyaraq, həmin resursları əməkdaşlığa, hətta biri-birilə çox kəskin münasibətləri olan siyasi qütblər arasındakı rabitənin formalaşmasına, həmçinin ölkənin iqtisadi maraqlarının təminatı vasitəsinə çevirə bilir. Millət vəkilinin sözlərinə görə, 90-cı illərin ortalarında Ulu öndər Heydər Əliyevin mürəkkəb şəraitdə verdiyi qərarlar Azərbaycanda sabitlik üçün məhəg daşlarına, fundamentlərə çevrildi: "XXI əsrin Cənubi Qafqaz iqtisadi arxitekturası, qaz xətləri, neft mənbələrinin şaxələnməsi və onun müxtəlif ölkələrə çıxarılması da, cənab Prezident İlham Əliyevin adıyla bağlıdır. Martın 17-də Türkiyədə reallaşdırılan mərasim öz-özlüyündə sadəcə Türkiyə, Gürcüstan və Azərbaycan dövlət başçılarının iştirakı və imzasıyla təməli qoyulan mərasim deyil, daha artıq dərəcədə gələcək iqtisadi qərarlılıq və strateji seçimlər üçün də yol açan hadisədir. Bildiyimiz kimi Rusiyanın "Cənub axını" layihəsinin üzərindən Avropa İttifaqının sərt tələbləriylə xətt çəkildi, sonradan o "Türk axını" proyektiylə əvəzləndi. Bu gün də o yöndə artıq addımlar atılır. Bu gün isə, Azərbaycanın seçdiyi qərarlar fonunda Avropa-Rusiya münasibətlərinin mənzərəsinə baxaraq, demək mümkündür ki, Azərbaycan, Rusiya, Türkiyə və Avropa arasında qaz resursları üzərindən müxtəlif müqavilələr, sazişlər, gələcək birliklər qurula bilər. Bu isə öz-özlüyündə, mühüm siyasi tərəfdaşlığın əsasında çevriləcək. Ölkə başçısının atdığı addımlar Cənubi Qafqazın təhlükəsizliyi baxımından da çox önəmlidir və bu, təkcə enerji mənasını daşımır, həm də siyasi təhükəsizlik aləti kimi çıxış edir. İndi Avropa İttifaqı Azərbaycanın seçdiyi qərarlarla, hesablaşmaq məcburiyyətində qalır. Ona görə də biz onun müəyyən müddətdən sonra iqtisadi səmərəsini real olaraq, hiss edəcəyik. Bunun paralelində Avropa Azərbaycanın partnyoru kimi çıxış edəcək, həmçinin də Rusiya Azərbaycan variantını qəbul edəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00