“Qərbin təbliğat maşını durmadan işləyir”

Faiq Ələkbərov: “Məqsəd maddi problemlər içində boğulan cəmiyyətləri özlərinə tabe etməkdir”

Hazırda İslam dünyası ilə Qərb sivilizasiyası arasında gərgin mübarizə gedir. Qərb sivilizasiyası bütün sivilizasiyaları "udmaq" üçün bütün vasitələrdən istifadə edir. Bu baxımdan çoxmədəniyyətlilik, qloballaşma, demokratiya, tolerantlıq, maddiçilik Qərbin ən genş yayılmış təbliğat modelləridir.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi Faiq Ələkbərov bildirib ki, bu təbliğat maşınları durmadan işləyirlər. Onun sözlərinə görə, məqsəd Qərbdən kənarda qalmış, üstəlik maddi problemlər içində boğulan cəmiyyətləri özlərinə tabe etdirməkdir: "Burada oyun ikibaşlıdır. Birincisi, Avropa-Qərb rəsmiləri həmin cəmiyyətlərin rəhbərlərinə demokratiya dərsi keçir və dərsini yaxşı öyrənməyənlərə həddə-qorxu gəlirlər. İkincisi, Avropa-Qərb qeyri-rəsmiləri isə hakimiyyətə qarşı olan müxalifət və digər ictimai birliklərə demokratiya dərsi keçir və dərsi nə zaman yaxşı öyrənsələr hakimiyyətə gələ biləcəkləri ümidini verirlər.
Hər iki halda Qərb həmin cəmiyyətlərə, onların hakimiyyətdə və müxalifətdə olan üzvlərinə təsir göstərməyə çalışır. Burada əsas təsir mexanizmi də maddi və mənəvi problemlərdir". Faiq Ələkbərov deyib ki, qərblilər əvvəlcə maddi problemlərlə evimizə girirlər, sonra mənəvi dəyişikliklərlə evlərinə qayıdırlar: "Məsələn, amerikanlar ingilis dili öyrətmək və bizə imkanlar açmaq adı altında könüllü olaraq bəzi ailələrimizin içinə qədər girməyi bacarmışdır. İndiki gənclərimizin bir qismi də düşünür ki, ingilis dilini bilsə, kompüter bilgilərinə sahib olsa, onun qarşısında geniş üfüqlər açılacaqdır. Əgər yad olan biri də bu yolda sənə könüllü maddi və dəstək verirsə, deməli bundan üz döndərmək axmaqlıqdır. Bu isə o deməkdir ki, cəmiyyətin və onun üzvlərinin maddi problemləri istər-istəməz onun mənəviyyatına dəyişikliklərlə nəticələnir. Ona görə də, biz də razılaşırıq ki, hər bir cəmiyyətin tənəzzülündə və inkişafında iki başlıca: maddi və mənəvi amillər mühüm rol oynayır. Bizcə, maddi problemlər cəmiyyətin tənəzzülündə mühüm yerə malik olsa da, ancaq həlledici deyildir. Maddi problemlər cəmiyyəti daha çox fizioloji mənada sınağa çəkir. Zənnimcə, cəmiyyət üzvləri hansı mənada razılaşmasından asılı olmayaraq, maddi problemlərlə aşağı-yuxarı baş edə bilirlər. Hətta, cəmiyyətin əksəriyyəti maddi durumdan dolayı inqilabi dəyişikliklər, sıçrayışlar etmək istəyirsə, istənlən halda nəticə müsbət olmayacaq. Buna bariz örnək kimi çar Rusiyasının yerində yaranan sovet Rusiyasını göstərə bilərik". Filosof alimin sözlərinə görə, Rus-bolşevik inqilabında əsas yeri maddi nemətlərin bölüşdürülməsi, ictimai mülkiyyət tuturdu ki, son nəticədə bunun gerçəkləşməsi mexanizmi havadan asılı vəziyyətdə qaldı: "Fikrimizcə, bunun əsas səbəbi nə maddi sərvətlərin hansı formada insanlar arasında bərabər bölüşdürülməsi, yaxud da onların hansı formada ictimai mülkiyyət hesab olunması, nə də ictimai mülkiyyətlə xüsusi mülkiyyət arasında seçim etməklə bağlı olmamışdır. Burada əsas problem cəmiyyətin tənəzüllünün maddi köklərini düzgün göstərilməməsi və nicat yolunun da yalnız maddi problemlərin həllində axtarılması ilə bağlı idi.
Bu mənada rus-bolşevik inqilabında rupor rolunu oynayan marksizm ideologiyası özünü doğrultmadı". Faiq Ələkbərov bildirib ki, Avropa ideoloqları cəmiyyətin problemlərinin həllində maddiçilik dayanan iki ideologiyadan maksimum istifadə etməyə çalışdılar: "Qərb sivilizasiyasının maddiçilik məzmunu liberal-demokratizmi cəlbedici etsə də, ancaq zaman-zaman ortaya çıxan dini və milli irqçilik hər şeyi ortaya qoyur. Bütün hallarda Qərb sivilizasiyasının təməli olan maddiçilik özünü marksizmdən çox liberal-demokratizmdə doğrultdu. Çünki marksizm yalnız dini və milli məsələlərdə səhv yol tutmaqla deyil, həm də zorakı bərabərlik və azadlıq prinsipləri ilə yanlışlıqlar etdi.
Qərbli ideoloqların əksəriyyəti İslam dininin dəyərlərini, özəlliklə son əsrlərdə İslam sivilizasiyasının öndərliyini etmiş Türk millətinin ideyalarını qəbul etmək istəmirlər. Qərblilər bir zamanlar İslam dininin əsas ruporları olan üç millətdən ikisini ərəbləri və farsları necə ələ almışdırlarsa, bunu türklər üzərində də dəfələrlə sınaqdan keçirmişlər. Hətta, onlar türklərin qərbləşməsi prosesində müəyyən uğurlar da əldə etmişlər. Ancaq ərəblər və farslar da olduğu kimi son nöqtəni qoya bilməmişlər. Əslində əvvəllər avropalılara boyun əymiş farsların sonralar onlarla münasibətlərinin pozulması da təsadüfi olmamışdır".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00