İnfrastruktur layihələr xalqın rifahına yönəlib
Baş nazir: “Şahdəniz”, “TANAP” və “TAP” layihələri uzun müddət ölkənin iqtisadi maraqlarına xidmət edəcək”
18 Mart 2015 13:10 SiyasətDövlət başçısının müvafiq Sərəncamı ilə 2014-cü ilin "Sənaye ili" elan edilməsi ölkənin qeyri-neft sektorunun keyfiyyətcə yeni mərhələyə keçməsinə təkan verib. Bunu deyən Baş nazir Artur Rasizadənin sözlərinə görə, bununla bağlı sənayenin şaxələndirilməsi, onun regional strukturunun təkmilləşdirilməsi istiqamətində sürətli və geniş əməli işlərə başlanılıb: "Ölkə Prezidentinin Sərəncamı ilə "2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramda qarşıdakı illərdə sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin ixrac potensialının artırılması, müasir istehsal sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Proqramın icrası həm də yeni iş yerlərinin açılmasına, regionların sosial-iqtisadi tərəqqisinə, kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək". Baş nazir bildirib ki, 2014-cü ildə Azərbaycanın neft tarixinin yeni mərhələsinin əsasını qoymuş "Əsrin müqaviləsi"nin 20-ci ildönümü qeyd olundu. Bu müddətdə görülmüş işlər və əldə edilən nəticələr neft-qaz sektorunun hələ uzun illər ölkə iqtisadiyyatında mühüm yer tutacağını göstərir: "Azərbaycan qazının Avropa ölkələrinə nəqli üçün nəzərdə tutulan və həmin ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək "Cənub" qaz dəhlizinin təməli qoyulmuşdur. Bu nəhəng infrastruktur layihəsi "Şahdəniz", "TANAP" və "TAP" layihələri ilə birgə uzun müddət ölkənin iqtisadi maraqlarına və xalqın rifahına xidmət edəcəkdir".