Türkiyə TANAP-ın təməlini atdı

Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib. Səfər çərçivəsində prezident İlham Əliyev əvvəlcə  Qarsda ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, onun adını daşıyan texniki liseyin açılış mərasimində iştirak edib. Dövlət başçısı bildirib ki, , qardaş Türkiyədə yenidən olmağından çox məmnundur: "Xüsusilə, qədim türk torpağı olan Qarsda olmağımdan çox məmnunam. Qars qədim türk dünyasının tarixi yeridir və belə məktəbin məhz Qarsda açılması böyük məna daşıyır".

Prezident bildirib ki, Heydər Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük xidmətlər göstərib. İlham Əliyev iki ölkə arasında əlaqələrə zərbə vurmaq istəyən qüvvələrin mövcudluğundan da danışıb: "Əfsuslar olsun ki, bu gün Türkiyə və Azərbaycana qarşı çirkin kampaniya aparılır. Bizim keçmişimizi qaralamaq, bizə şər-böhtan atmaq, bugünkü uğurlu inkişafımızı inkar etmək üçün bəzi xarici dairələr durmadan bizə qarşı kampaniya aparırlar. Biz isə öz işimizlə buna cavab veririk".  Prezident bildirib ki, bu gün Türkiyə və Azərbaycan kimi dünyada inkişaf edən ikinci ölkələr tapmaq çox çətindir: "Bütün böhranlara baxmayaraq, bu gün biz inkişaf edirik. Bizim inkişafımız siyasi iradə, tarixi həqiqət üzərində qurulub. Biz tarixi həqiqət üzərində gələcəyimizi qururuq. Tarixi olduğu kimi gənc nəsillərə təqdim edirik. Bəzi başqa ölkələr kimi tarixi təhrif etmirik. Öz gələcəyimizi yalan, böhtan üzərində qurmuruq". Dövlət başçısı deyib ki, Türkiyənin artan gücü Azərbaycanı da gücləndirir: "Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə son illər ərzində böyük yol keçib. Bunu bu gün Qarsda görülən işlər də təsdiqləyir. Türkiyə bu gün dünyada böyük güc mərkəzinə çevrilib və "Böyük iyirmiliy"in, "G 20"-nin lideridir: "Türkiyə bu mötəbər toplantıya qardaş ölkəni, Azərbaycanı dəvət etmişdir. Buna görə bir daha əziz qardaşıma, Türkiyə Prezidentinə öz minnətdarlığımı bildirmək istəyirəm. Bu, əsl qardaşlıq yanaşmasıdır. Biz hər yerdə bu qardaşlığı möhkəmləndiririk".
Daha sonra prezident İlham Əliyev Türkiyə və Gürcüstan həmkarı ilə birlikdə Qarsda TANAP layihəsinin təməlatma mərasimində iştirak edib.
Dövlət başçısı çıxışında bildirib ki, Azərbaycan və Türkiyə enerji, nəqliyyat layihələrini həyata keçirməklə iki ölkənin birliyini daha da gücləndirir: "Təsadüfi deyil ki, Bakı-Tbilisi-Qars dəmir yolunun təməli də Qarsda qoyulub. TANAP layihəsinin təməli də Qarsda qoyulur.: "TANAP bizim müştərək layihəmizdir. 3 il bundan öncə TANAP layihəsi İstanbulda imzalandı. Bu gün artıq bu layihənin təməlini qoyuruq. Enerji sahəsində Türkiyə, Azərbaycan, Gürcüstan birliyi artıq tam yeni bir mənzərə ortaya qoyur. Bizim birgə həyata keçirdiyimiz enerji layihələri bizi gücləndirir, xalqlarımız üçün yeni imkanlar yaradır, yeni iş yerləri yaradır, bizim iqtisadi, siyasi gücümüzü artırır".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə çıxışı zamanı bildirib ki, Azərbaycan Türkiyə üçün adi dövlətlərdən biri deyil: "Biz eyni dildə danışan, ortaq tarixi keçmişi paylaşan, sözdə deyil, əsl qardaş olan, bir millət, iki dövlətik" Rəcəb  Tayyib  Ərdoğan 1918-ci ildə Bakının işğaldan azad olunmasında Qafqaz İslam Ordusunun rolunu xatırladıb: "Bakı, Dərbənd və Dağıstanın düşmən işğalından azad olunmasında türklər azərbaycanlılarla yan-yana vuruşub. Qarabağda zülmə məruz qalan qardaşlarımızın acısını Anadoludakı vətəndaşlarımız hər zaman ürəyində hiss edib. Qars, İğdır, Ərzurumdakı vətəndaşımızla Naxçıvandakı qardaşımız arasında fərq qoymuruq. İzmir, İstanbul, Ankara, Antalya bizim üçün nədirsə, Bakı da odur. Bizim heç kəsə qarşı düşmənçiliyimiz yoxdur, amma qardaşımızın haqqını müdafiə etmək, tökülən qanın hesabını sormaq boynumuzun borcudur. Həmişə qardaşlarımızın yanında olduq və olmaqda davam edəcəyik". O, TANAP layihəsinin Türkiyə, Azərbaycan, Gürcüstan və avropalı tərəfdaşlar üçün xeyirli olmasını diləyib: "TANAP layihəsinin təməlini atırıq və təbii qazı Türkiyə üzərindən Avropaya göndəririk".


Süleyman
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00