Sadə Polad
17 Mart 2015 14:26 SiyasətMəşədi Cəfər
Türkiyənin "Panafilm" kinoşirkətinin çəkdiyi "Kurtlar vadisi pusu" serialının uzanması dizi barədə müxtəlif lətifələrin yaranmasına səbəb olub. Gah Polad Ələmdarın öldürdüyü adamların sayı hesablanır, gah da baş qəhrəmanın və onun yaxınlarının dəfələrlə ölüb dirildiyi qeyd olunur. Gerçəkdən də Polad Ələmdar serialın efirə çıxdığı 2013-cü ildən bu yana mindən çox adam öldürüb. Onun mərhum sağ qolu Memati, sol qolu Əbdülhey, komandasına daxil olan Ərhan da yüzlərlə adam öldürüblər. Etiraf olunmalıdır ki, bir zamanlar bu serial baxımlı idi. Zafer Engin (Mehmet Karahanlı), İstemi Betil (Laz Ziya), Oqtay Kaynarca (Süleyman Çakır), Tarik Ünlüoğlu (Testere Necmi), Atilla Olğac (Kılıç) və digər aktyorların yüksək sənətkarlıqla yaratdıqları obrazlar serialı maraqlı, məzmunlu və baxımlı etmişdi. İlk 97 bölümdə bu aktyorların əksəriyyəti serialı tərk etdi. "Kurtlar vadisi" serialı "Kurtlar vadisi pusu" adlandı. Bu dəfə ilk 50 seriya Mustafa Üstündağ, Musa Uzunlar, Gürkan Uyğun, Osman Vöber və digər oyunçuların hesabına baxımlı oldu. Lakin son illər serial tamamən baxımsız hala düşüb. Serial artıq hakim AKP-nin siyasi mesajlarını ictimai rəyə çatdıran vasitəyə çevrilib. Baxımlı oyun sərgiləyən oyunçular yoxdur. Film ideyalı deyil. Sanki ssenari kor-koranə, təsadüfi çəkilir. Serialı baxımlı etmək üçün müxtəlif fəndlərə baş vurulsa da, effektli olmur. Ötən sezonlarda Çakırın arvadı Nesrin, oğlu Büsat, qızı Sərvi, Mehmet Karahanlını sız Safiyə seriala qaytarılsa da, onlar filmə uğur qazandıra bilmədilər. "Kurtlar vadisi"ində əsas amal mafiyanın içinə sımış Poladın mafiyanı içindən çökdürməsi idi. "Kurtlar vadisi pusu"da KGT (Kamu Güvənliyi Təşkilatı) agenti Poladın dövlətin, özəlliklə də xüsusi xidmət orqanlarının içində yerləşmiş adamları (İsgəndər Böyük, Ersoy Ulubey) təmizləməsi əsas ideya idi. Sonrakı bölümlərdə ortaya yenidən mafiya babalarının (Tataroğlu, Hazarbeyoğulları) çıxarılması uğurlu deyildi. Bölümlərin birində Memati haqlı olaraq sual edir ki, bəs, biz mafiyanı çökdürdüksə, bu adamlar hardan çıxdı?
Bir ara serialın nüfuzunu bərpa etmək üçün ölmüş qəhrəmanları canlandıran aktyorların seriala qaytarılması ideyası vardı. Məsələn, Çakır obrazını yaratmış Oqtay Qaynarcanın başqa rolda qaytarılması planlanırdı. Lakin bu plan uyğulanmadı. Hesab edildi ki, Oqtay Qaynarca yeni rolu tutdura bilməz. Həqiqəqən də, tamaşaçı Oqtayı Çakır kimi qəbul edib, onun başqa obrazda peyda olması yaxşı qarşılanmazdı. Ondansa, bir zamanlar "Kurtlar vadisi"ndə oynamış, lakin "Pusu"da yer ala bilməmiş obrazları qaytarmaq olar. Məsələn, Çakırı öldürmədiyi üçün cəza evində yeri dəyişdirilən kabadayı Şahin ağa, vəkil Canan Cavan, Tuncay Kantarçının sağ qolu Abidin sağdılar, onları yenidən seriala qaytarmaq olar. Özəlliklə, Şahin ağa rolunu canlandıran Turqay Tanülkü, Abidin obrazını yaradan Abidin Yerebakan istedadlı aktyorlardı və "Pusu"ya uğur gətirə bilərlər. Onları həbsdən çıxmış kabadayı kimi təqdim etmək olar. Ümumilikdə isə, serialın uzanması yaxşı hal deyil. Dizini araya-ərsəyə gətirənlər gərək kommersiya maraqlarından çıxış etməsin, tamaşaçının marağını nəzərə alsınlar. İdeyaca bitmiş filmin uzadılmasına lüzum yoxdur. Bu cür gözəl ideyalı filmi "Prosto Mariya"ya (Sadəcə Mariya) çevirmək heç yaxşı iş olmadı. Yaxşı olar ki, "Panafilm" də "Kurtlar vadisi pusu"nu gözəl bir sonluqla başa çatdırsın. Sonluqda belə olsun:Polad bütün görəvlərindən istefa verir və şəhərətrafı bir köyə çəkilir. Çolun-çocuğa qarışır, sadə bir həyata başlayır.