“Rusiyanın Qarabağ münaqişəsindəki fəal rolu gizlədilməməlidir”

Erkin Qədirli: “Bir tərəfdən deyirlər ki, Azərbaycan güc tətbiq etməməlidir, başqa tərəfdənsə Ermənistanı ədalətli sülhə məcbur etmirlər”

"Dağlıq Qarabağ münaqişəsi ilk baxışdan Ermənistan və Azərbaycan arasında olan kimi görünsə də, gerçək kontekst xeyli genişdir". "OLAYLAR"ın məlumatına görə, "Real" Hərəkatı İdarə Heyətinin üzvü, siyasi analitik Erkin Qədirli belə bir iddia ilə çıxış edib. "Bu münaqişə heç zaman yalnız Ermənistan və Azərbaycan arasında olmayıb. Münaqişəni "Dağlıq Qarabağ və Azərbaycan" arasında təqdim etmək cəhdlərisə ümumiyyətlə və qətiyyətlə rədd edilməlidir. Örnək kimi, "Gürcüstan - Cənubi Osetiya" və "Gürcüstan - Abxaziya" münaqişələri konseptual olaraq yanlış qavramanın nəticəsiydi, Rusiyanın rolunu konseptual səviyyədə gizlədirdi. Ermənistan - Azərbaycan münaqişəsində də elədir, Rusiyanın fəal rolunu konseptual səviyyədə gizlətməklə, praktik çözüm axtarışında uğurlu nəticəyə gəlmək mümkün olmayacaq" - deyə E.Qədirli bildirib. O, hesab edir ki, Minsk Qrupunun formatı yanlış olmaya bilər, amma fəaliyyəti yanlışdır. 20 ildən artıq davam etdirilən danışıqların yalnız bir nəticəsinin - Azərbaycanı hərbi çözümdən çəkindirmək olduğunu deyən Erkin Qədirli qeyd edib ki, bağlı qapılar arxasında nələrin danışılıdığını ancaq güman etmək olar: "Çox güman ki, orada Azərbaycana təzyiq göstərilir ki, münaqişənin hərbi yolla çözümünə girişməsin. Söhbətlər bir tək bağlı qapılar arxasında qalmasın deyə, hərdən açıq mesaj da verilir. Rusiya Dövlət Dumasının sədri Ermənistanı Rusiyanın forpostu, Fransa Prezidenti Ermənistanı "Fransanın bacısı" adlandırır. ABŞ Konqresi isə federal büdcədən Dağlıq Qarabağdakı separatçılara birbaşa maliyyə yardımı ayırır. Minsk Qrupunun həmsədrləri, tərəfsiz olmaları tələb olunduğu halda, nədən belə açıq ziddiyyətin içinə girir? Niyə özlərinin vasitəçi funksiyalarını beləcə dəyərdən salırlar? Cavab sadədir - bir tək Azərbaycan hökuməti deyil, bütün Azərbaycan cəmiyyəti görsün ki, böyük dövlətlər burada müharibə istəmir. Biz də istəmirik, əslində. Amma istək məsələsi deyil axı bu. Söhbət həm prinsipdən, həm də konkret vəziyyətdən gedir. Bizə deyirlər ki, guya "münaqişələrin dinc yolla həlli" prinsipi var beynəlxalq hüquqda. Elə bir prinsip yoxdur! "Mübahisələrin dinc yolla həlli prinsipi var. Mübahisə münaqişəyə keçəndə, başqa prinsip işə düşür - özünü-müdafiə haqqı. Bu prinsip gücün tətbiqini haqlı sayır. Güc yoluyla yaradılmış vəziyyət ancaq güc yoluyla düzəldilə bilir. Haqlı tərəf öz gücünə vəziyyəti düzəldə bilmirsə, onun müttəfiqləri, ya da beynəlxalq ictimaiyyət haqsız tərəfi məcbur etməlidir. Bizə gələndə, bir tərəfdən deyirlər ki, Azərbaycan güc tətbiq etməməlidir, başqa tərəfdənsə Ermənistanı ədalətli sülhə məcbur etmirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00