“Milli Şuranın mitinqinə 800 nəfər gəlsə, bu nonsens olacaq”
Elçin Mirzəbəyli: “Onlar ancaq virtual aksiyalar keçirə bilərlər, onu da ancaq saxta profilləri arasında”
10 Mart 2015 12:34 Siyasət"Mitinqə 800 nəfər gəlsə, bu nonsens olacaq". Milli Şuranın martın 15-də keçiriləcək mitinqinə 80 min nəfərin qatılacağı ilə bağlı iddiasına cavab verən BAXCP sədrinin müavini Elçin Mirzəbəyli belə bir fikirlə çıxış edib. Milli Şura adlı birliyin olmadığını deyən E.Mirzəbəylinin sözlərinə görə, qurum adını təcili surətdə "Əli Kərimlinin Şurası" olaraq dəyişməlidir. O, təşkilatın AXCP sədri Əli Kərimlinin tabeliyində olduğunu bildirib. "Vaxtilə ayrı bir ölkənin layihəsi olaraq yaradılmış və həmin xarici ölkə tərəfindən idarə olunduğu konkret faktlarla sübuta yetirilən Milli Şura adlı təşkilatın Azərbaycanda baş verən proseslərə qarşı hansısa nəinki aksiya keçirməyə, hətta bəyanat verməyə mənəvi haqqı yoxdur. Son dövrlərdə quruma daxil olan siyasi partiya üzvlərinin Milli Şura rəhbərliyində təmsil olunan şəxslərin verdiyi istefalar və bundan sonra qurumun fəaliyyəti haqqında səsləndirdiyi fikirlər, Şuranın mahiyyətini üzə çıxarır. Razi Nurullayevin dediyi kimi, Əli Kərimli "80 min nəfər"i "Feysbuk"da yazdığı statuslara saxta profillərdən gələn laykların sayına nəzərən deyib. Milli Şura həmin saxta layklarla planlı mitinq keçirməyi qarşısına məqsəd qoyub. Onlar ancaq virtual aksiyalar keçirə bilərlər, onu da ancaq saxta profilləri arasında" - deyə BAXCP rəsmisi qeyd edib. ("OLAYLAR" İA)