Qubad İbadoğlu İsa Qəmbərə oxşamağa başlayıb

ADRH sədri mübarizəni tərk edib ABŞ-a gedib

Məşədi Cəfər

Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADRH) sədri Qubad İbadoğlu Azərbaycanı tərk edib. Məlumata görə, hərəkatın sədri qarşıdakı beş ayda Azərbaycanda olmayacaq. Bu səbəbdən də ADRH İdarə Heyətinin sonuncu toplantısında sədrin birinci müavini postu təsis edilib və Vurğun Əyyub bu posta təyin edilib. Məqsəd isə Qubad İbadoğlu olmadığı bu müddətdə hərəkatı Vurğun Əyyubun idarə etməsini təmin etməkdir. Qubad İbadoğlu özü isə deyib ki, ilk dəfədir ki, ABŞ-a Azərbaycan Demokratiya və Rifah  Hərəkatının sədri statusu ilə müzakirələrə qoşulacaq. İkincisi, səfər proqramım şəffaflıq deyil, daha çox siyasi məsələlər üzərində qurulacaq. ABŞ Konqresi tərəfindən əsası qoyulan bu proqram Dövlət Departamenti və Demokratiya Naminə Fond tərəfindən dəstəklənir. Xəbəri yayan sayt qeyd edir ki,  Qubad İbadoğlunun ölkədə olmadığı müddətdə hərəkatı Vurğun Əyyub idarə edəcək və demək Vurğun müəllim yaxın beş ayda Müsavat rəhbərliyi ilə açıq konfrontasiyaya getməli olacaq.
  Qubad İbadoğlunun beş aylıq ABŞ-a getməsi Müsavat düşərgəsində, Arif Hacılı cameəsində sevinclə qarşılanıb. Çünki hacılısevərlər yaxşı bilirlər ki, Müsavatda narazıların mübarizəsinin əsas fiquru Qubad İbadoğlu idi. İbadoğlu başqan seçkisində aday olmuşdu, 28 səslə ikinci yeri tutmuşdu. Narazılar hesab edirdilər ki, səslər düzgün sayılsaydı, İsa Qəmbər Hacılının tərəfini tutmasaydı,  İbadoğlu başqan ola bilərdi. Narazılar acığa yığışıb təşkilat qurdular və İbadoğlunu başqan seçdilər. Bu, o deməkdir ki, biz Arif Hacılı olmadan, İsa Qəmbərsiz də təşkilatlana, başqan seçə bilirik. Arif Hacılı və komandası möhkəm qəzəbləndi, narazıların bir qismini Müsavatdan uzaqlaşdırdı. Qubad İbadoğlunu partiyadan çıxaranda ictimai rəydə İbadoğlunun əzabkeş obrazı yarandı. Top ADRH tərəfdə olanda Qubad İbadoğlu meydanı tərk edir. Baş verənlər onu göstərir ki, Qubad İbadoğlu hansı cameədə yetişibsə, o cameənin də adamıdır. İbadoğlunun dar gündə, ekstremal vəziyyətdə aradan çıxmağa öyrəşmiş İsa Qəmbərin yanında yetişdiyi son hərəkətindən bəlli oldu. İsa Qəmbər bir dəfə "1990-cı ilin 20 yanvarında Vaqif Səmədoğlu ilə evdə çay içirdim" demişdi. Halbuki o meydanda olmalı idi. 2003-cü ilin 16 oktyabrında müavinləri meydanda, İsa Qəmbər qərargahda idi.  2014-cü ildə İsa Qəmbər problemləri Arif Hacılıya yükləyib başqan postundan  getdi. Qubad İbadoğlu da davanı birinci müavininə buraxıb okeanın o tayına yola düşüb. Onun ABŞ-a getməsini xəbər verən sayt "davanı Vurğun Əyyub davam etdirəcək" yazıb. Vurğun Əyyub başqasının davasını niyə etdirsin ki? Bu dava Qubad İbadoğlunundur. Onun hüquqları pozulub. Birinin davasını başqası hansı uğurla davam etdirə bilər? Vurğun Əyyub Arif Hacılı ilə dava aparası fiqur olsaydı, birinci müavin postunda ola-ola mövqelərini əldən verməzdi. Müsavatda öz davasını uduzmuş adam Qubad İbadoğlunu davasını necə sürdürəcək? İbadoğlu ondan qorxsun ki, beş aydan sonra gəlib görsün ki, ADRH-nin yerində heç nə qalmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00