ADR Müsavatın yerini tutur

Təşkilatın beynəlxalq əlaqələri genişlənir, qurum ictimai rəydə də Müsavatın mövqelərinə sahiblənir

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının formalaşması əsasən  başa çatıb.  İdarə Heyətinin 2-ci növbəti toplantısında İcra Aparatı və mətbuat xidmətinin yaradılması, eləcə də Ali Məclisin komissiyaları barədə də fikir mübadiləsi aparılıb. Təşkilati məsələ çərçivəsində Qubad İbadoğlu Nizamnamə ilə ona verilən səlahiyyətlərindən istifadə edərək ADR Hərəkatının sədri kimi imzaladığı ilk sərəncamla İH üzvü Vurğun Əyyubu ADR Hərəkatı sədrinin 1-ci müavini təyin edib.  Nizamnaməyə müvafiq olaraq razılaşdırılıb ki, Q. İbadoğlunun martın 2-dən ABŞ-a başlayan səfəri müddətində onun səlahiyyətlərini sədrin 1-ci müavini V. Əyyub həyata keçirəcək. Mediaya açıqlamasında Qubad İbadoğlu yenidən ABŞ-a yola düşdüyünü bildirib. "İlk dəfədir ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri statusu ilə müzakirələrə qoşulacam. Səfər proqramım şəffaflıq deyil, daha çox siyasi məsələlər üzərində qurulacaq. ABŞ Konqresi tərəfindən əsası qoyulan bu proqram Dövlət Departamenti və Demokratiya Naminə Fond tərəfindən dəstəklənir"-deyə, ADR sədri qeyd edib. O, səfər zamanı səlahiyyətlərinin Vurğun Əyyub tərəfindən icra olunacağını deyib. Bu açıqlamada cəmiyyətə və müsavatçılara iki mesaj var. Əvvəla, Qubad İbadoğlu göstərməyə çalışır ki, o, İsa Qəmbər və Arif Hacılı kimi kabinetdən, postdan dördəlli yapışmayıb. Nizamnaməyə uyğun davranır və ölkədə olmadığı müddətdə postunu birinci müavinə verir. İkincisi, onu Arif Hacılıdan fərqli olaraq beynəlxalq tədbirlərə, ABŞ-a- beynəlxalq konfranslara dəvət edirlər.

ADR sədrinin birinci müavini Vurğun Əyyub da önəmli mesajlar verib. Mətbuata açıqlama verən V. Əyyub builki parlament seçkilərində iştirak edəcəyini bildirib:  "Doğrusu dostlarım tərəfindən belə bir təklif var. Çünki 2005-ci ildə Suraxanı rayonu 3-cu dairədə  namizədliyimi irəli sürmüşdüm. Bu il də Hövsandan olan  dostlarımız, Müsavat Partiyasının yerli  təşkilatı həmin dairədən  namizədliyimi irəli sürməyimi təklif edir. Belə bir fikrim var". ADR-in hər iki yetkilisi bu açıqlamalarla Müsavat partiyasına meydan oxuyublar. Bu, o deməkdir ki, partiyanın möhürü sizdə qalsa da, biz də heç nə itirmədik. Əksinə, qazana bilərik, bu şansımız sizdən çoxdur. ADR bacardığı qədər Müsavat elektoratından payını götürdü, partiyanın sosial bazasını dağıtdı. Müsavat uğrunda mübarizə ADR partiyaya çevrilmədikcə davam edəcək. Qubad İbadoğlunun partiyadan çıxarılmasından sonra əsəb savaşında mövqe üstünlüyü ADR-çilərin tərəfinə keçib. Arif Hacılı haqsız durumdadır. Vurğun Əyyub barədə də partiyadan xaricetmə cəzası çıxarılsa, Arif Hacılının mövqeləri bir az da zəifləyəcək. Müsavat-ADR qarşıdurmasında müşahidə olunan ən maraqlı nüanslardan biri də daxili ictimai rəydə, beynəlxalq təşkilatlarda və diplomatik korpusda ADR-in Müsavatın yerini almasıdır. Müsavatın brend isimlərinin ADR-in siyasi vitrinində yer alması İsa Qəmbər-Arif Hacılı duetinin vəziyyətini qəlizləşdirir. Bu gedişlə Müsavatın gəncləri də seçimlərini ADR-lə edəcəklər. Onların köhnəliyi təmsil edən İsa Qəmbər-Arif Hacılı ittifaqından ayrılıb yeniliyi təmsil edən Qubad İbadoğluna qoşulacaqları gözləniləndir.


Zaur Sultanbud

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00