“Yalnız tərif, xoş sözlər insanı inkişafdan saxlaya bilər”
26 Avqust 2021 11:58 MüsahibəVüqar İskəndərov: "Arzu edərdim ki, tənqid də obyektiv, ədalətli olsun"
- Əvvəli burada https://olaylar.az/news/musahibe/426877
"OLAYLAR"-ın parlamentin üzvləri ilə bir müddətdir ki, başladığı "Deputat vaxtı" rubrikası davam edir. Düzdür. hazırda qanunverici orqan yay tətilində olsa da, lakin tətil müddətində belə seçiciləri ilə işləməyi üstün tutan deputatlar kifayət qədərdir. Onlardan biri də 113 saylı Şəki şəhər seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Vüqar İskəndərovdur. Bu günlərdə Vüqar İskəndərovun Bakıda olmasından istifadə edərək onunla "Deputat vaxtı"nda görüşdük.
-Vüqar müəllim, seçicilərlə görüşlərdən bəhs edirsiniz, ancaq sosial şəbəkələrdə, KİV-lərdə bu barədə məhdud sayda məlumatlar dərc edilir. Siz də bəzi həmkarlarınız kimi bu kimi görüşlər, müxtəlif çətin situasiyalarda seçicilərinizə etdiyiniz yardımları ictimailəşdirməyi sevmirsiniz?
-Seçicilərimizlə keçirdiyimiz görüşlər, eləcə də müxtəlif vaxtlarda, xüsusilə pandemiya dövründə onlara etdiyimiz yardımların cüzi bir qismini sosial şəbəkə və KİV-lərdə işıqlandırmışıq. Həmin məlumatların ictimailəşdirilməsi zamanı isə seçicilərin üzü göstərilməyib. Əvvəllər ümumiyyətlə keçirilən görüşlər, edilən yardımları işıqlandırmırdım. Sonradan bəzi fikirlərlə, iradlarla üzləşdim. Məlumatı olub-olmayan sosial şəbəkədə bizi ittiham etdi ki, seçicilərlə görüşmürük, onların problemləri ilə maraqlanmırıq. Halbuki həmin ittihamların heç bir əsası yox idi və biz müntəzəm olaraq bu kimi görüşlər keçirib, yardımlar edirdik. Bunun qarşılığında əsassız ittihamlar, iradlarla qarşılaşanda qərara aldıq ki, keçirdiyimiz görüşlərin bir qismini ictimailəşdirək. Belə olan halda isə tamamilə başqa bir qərəzli mövqe ilə qarşılaşdıq və bu dəfə yazdılar ki, sağ əl verəni sol əl bilməməlidir. O zaman çıxılmaz vəziyyətdə qaldıq ki, nə edək. Ona görə də çalışdıq ki, orta bir xətt tapaq və keçirdiyimiz görüşlərin az bir qismini işıqlandıraq. Məlumat üçün qeyd edim ki, ay ərzində 2 dəfə seçicilərimlə görüşlər keçirirəm. Sərt karantin dövründə görüşlər onlayn formada, hazırda isə canlı olaraq keçirilir. Bundan başqa Şəkidən olan şəhid ailələri, qazilərin evlərinə gedib onların qayğıları ilə maraqlanıram. Eyni zamanda onlara müəyyən yardımlar göstərilib, televiziya kanallarında bir neçə şəhid və qazi barədə proqramlar təşkil edilib, filmlər çəkilib. Məlumat üçün deyim ki, indiyə qədər şəhidlər və qazilər barədə 40-a yaxın 10-12 dəqiqəlik film çəkdirmişik. Hazırda da proses davam edir. Bundan başqa dostlarım, bu prosesə dəstək verən Şəkinin iş adamlarının dəstəyi hesabına 4 şəhid uşağını 18 yaşına qədər himayəyə götürmüşük. Hər ay onlara normal məbləğdə təqaüd veririk. Hələlik 4 nəfərə gücümüz çatır, inşallah gələcəkdə bu sayı artıra da bilərik. Ümumiyyətlə, gördüyümüz işlərlə bağlı il ərzində 2 dəfə, parlamentin yaz və payız sessiyası bitəndə hesabat xarakterli məlumatımız dərc edilir. Sosial şəbəkələr vasitəsilə yayılan hesabatda bütün məqamlar, keçirdiyimiz görüşlərin sayı, gördüyümüz işlər. səfərlərimiz və s.əksini tapır.
-Sosial şəbəkələrdən söz düşmüşkən, yeri gəldi-gəlmədi bu seqmentdə bir sıra millət vəkilləri tənqid olunur. Sizcə bu planlı bir kampaniyadır, yoxsa?
-Mən hesab edirəm ki, əgər siyasətdəsənsə, istər-istəməz bu olacaq. Ancaq arzu edərdim ki, tənqid də ədalətli olsun, sağlam şəkildə tənqidlər səsləndirilsin. Ümumiyyətlə, mən ədalətsiz, qeyri-sağlam olan tənqidlərə ciddi yanaşmıram. Əgər sən hər daş atan adama cavab olaraq bir daş atsan, o zaman mənzil başına çatmayacaqsan. Ancaq bütün halda mən hər zaman mediaya açıq biriryəm. İstənilən şəxsin, media nümayəndəsinin suallarını cavablandırmağa hazıram. İstər sosial şəbəkədə, istər telefonda hər bir şəxsə cavab verməyə, istəyini dinləməyə hazıram. Mən elə bir adam deyiləm ki, məni tapmaq çətin olsun. Media nümayəndələri istənilən məsələ barədə mənə müraciət edib mövqeyimi öyrənə bilir, suallarına cavab alırlar.
Təsəvvür edin, gecə saat 2-də, eləcə də digər gec saatlarında facebookda, digər sosial şəbəkələrdə mənə yazıb kömək istəyən, problemini dilə gətirən insanlar var. Düzdür, həmin vaxt yazılan mesajlara baxa bilməsəm də, ertəsi gün müraciət edən şəxslə əlaqə saxlayıb problemini ətraflı şəkildə dinləmişəm.
-Ümumiyyətlə, tənqidə dözümlüsünüz?
-Yuxarıda da qeyd etdiyim kimi arzu edərdim ki, tənqid də obyektiv, ədalətli olsun. Bizə ünvanlanan xoş sözlərlə yanaşı, tənqidə də açığıq. Düşünürəm ki, yalnız tərif, xoş sözlər insanı inkişafdan saxlaya bilər. Əksinə, sağlam tənqid bizi daha da inkişaf etdirə bilər. Çünki hamı kimi biz də heç də ideal deyilik.
-Mətbuata verdiyiniz müsahibələrdən birində Bakıda kirayədə qaldığınızı demişdiniz. Mənim üçün də maraqlı gəldi, həqiqətən kirayədə qalırsınız?
-Bəli, mənim Bakıda evim yoxdur və kirayədə yaşayıram. Hesab edirəm ki, normal bir şeydir. Əksər deputatın Bakıda evi olmaya bilər. Çünki hər bir millət vəkili respublikamızın bir bölgəsini təmsil edir və onlar daha çox deputat seçildikləri rayonlarda olurlar. Ümid edirəm ki, gələcəkdə Bakıda evim ola bilər. Onu da qeyd edim ki, kirayədə yaşamağım heç də məndə diskonfortluq yaratmır.
-Müntəzəm olaraq seçicilərinizlə görüşmək məqsədilə Şəkiyə gedirsiniz. Keçirilən görüşlər, söhbətlərdən sonra yaranan yorğunluğu Şəkinin hansı məkanında aradan qaldırmağa üstünıük verirsiniz ki, həmin məkanda özünüzü daha rahat hiss edirsiniz?
-Şəki tarixi qədim, gözəl şəhərdir, Şəki həm də bir təbiət möcüzəsidir, təbii muzeydir. Ən əsası insanları çox mehribandır. Mənim həm uşaqlıq, həm də gəncliyim Şəkidə keçib. Şəkidə mənim üçün bir neçə sevimli yer var. Ancaq son vaxtlar ən çox rahatlıq tapdığım və yorğun vaxtlarımda oturub istirahət edə biləcəyim məkan 1896-cı ildə inşa edilmiş və hazırda kiçik otel kimi fəaliyyət göstərən istirahət məkanıdır. Bura həm sakit bir məkandır, həm də şəhərin mərkəzində, Şəkinin tarixi hissəsində yerləşir, Həmin məkanda oturub çay içərək yorğunluğumu aradan qaldırıram. Bundan başqa orada Şəki mətbəxinin yaraşığı olan Şəki pitisi də verilir. Məhz həmin məkanda özünəməxsus, spesifik Şəki pitisi yemək olur.
Eyni zamanda Şəkinin dağlıq ərazilərində də dincəlməyi, istirahət etməyi sevirəm. Hərdən dostlarımızla Şəkinin dağlıq ərazilərinə gedib təbiətin gözəlliklərini seyr edirik.
Marxalda çayın kənarında oturaraq onun səsinə qulaq asmaq insana rahatlıq verir və mən də imkan düşdükcə və zamanım olunca bu fürsətdən istifadə etməyə çalışıram. Bir məqamı da qeyd etmək istəyirəm ki, hətta məzuniyyətdə olanda, yaxud haradasa istirahət edəndə belə mənə yaxınlaşan seçicini dinləyir, onun problemi ilə maraqlanıram. Əgər seçici, vətəndaş sənə müraciət edirsə, deməli hansısa bu və ya digər dərəcədə problemi var. Biz də deputat olaraq maksimum dərəcədə çalışırıq ki, seçicinin qaldırdığı problemin həllinə köməklik göstərək, onu həll edək. Düzdür, bəzən elə müraciətlər, problemlərlə qarşılaşırıq ki, həmin problemləri həll etmək deputat kimi bizim səlahiyyətimiz xaricində olur. Ancaq onu da seçiciyə elə formada çatdırmağa çalışırıq ki, bizdən küsməsin, inciməsin. Yaxud hər hansı bir problemin həlli bizdən asılı olmayanda, müvafiq dövlət qurumları qarşısında həmin problemlə bağlı məsələ qaldırır, yazılı şəkildə müraciət edirik.
Fürsətdən istifadə edib bir məqama da diqqət yetirmək istəyirəm. Belə ki, ictimai nəqliyyatda, metro, avtobusda, marketlərdə, küçədə qarşılaşdığımız insanlarda sanki bir aqressiya hiss olunur. Bu təkcə Azərbaycan cəmiyyəti üçün xarakterik deyil və bütün dünyada belə bir mənfi tendensiya müşahidə edilir. Artıq bu mənfi tendensiya sosial şəbəkələrə də təsir göstərib. Adama elə gəlir ki, minlərlə insan klaviatura arxasında əlində balta dayanıb və kimisə vurmağa çalışır.
Mən həmişə həyatın fani, ömrün çox qısa olduğunu xatırlayıram. Ona görə də hesab edirəm ki, insanların bir-birini baltalaması, bir-birinə qarşı aqressiv davranmasına ehtiyac yoxdur. Bu fani dünyada gərək bir-birimizə qarşı mehriban davranaq, xoş münasibət bəsləyək. Arzu edərdim ki, cəmiyyətdə hamı bir-birinə dəyər versin, hörmətlə yanaşsın.
Süleyman İsmayılbəyli