Vüqar İskəndərovla “Deputat vaxtı"nda maraqlı söhbət- MÜSAHİBƏ-ÖZƏL
“Deputat kimi həm seçicilərin, həm də dövlətin qarşısında vəzifə öhdəliyim var”
19 Avqust 2021 11:00 Müsahibə"Deputat kimi həm seçicilərin, həm də dövlətin qarşısında vəzifə öhdəliyim var"
"Mənə verilən bu müddət özümütəsdiq üçün bir fürsətdir"
"OLAYLAR"-ın parlamentin üzvləri ilə bir müddətdir ki, başladığı "Deputat vaxtı" rubrikası davam edir. Düzdür. hazırda qanunverici orqan yay tətilində olsa da, lakin tətil müddətində belə seçiciləri ilə işləməyi üstün tutan deputatlar kifayət qədərdir. Onlardan biri də 113 saylı Şəki şəhər seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Vüqar İskəndərovdur. Bu günlərdə Vüqar İskəndərovun Bakıda olmasından istifadə edərək onunla "Deputat vaxtı"nda görüşdük.

İnsanın xarakterini öyrənməyə çalışan biriyəm
-Vüqar müəllim, məlumat üçün qeyd edim ki, bizim rubrikamız "Deputat vaxtı" adlanır və bu rubrikada millət vəkilləri ilə mümkün qədər siyasətdən kənar söhbətlər edirik. İlk sualım belədir, cəmiyyətdə tanınan biri, deputat olaraq media, mətbuatla qeyri-siyasi mövzularda söhbət etməyi xoşlayırsınız, yoxsa bu mövzu ətrafında söhbətdə özünüzü bir qədər rahat hiss etmirsiniz?
-Sualınıza cavab olaraq bildirim ki, mənim üçün qeyri-siyasi mövzularda da söhbət etmək çox maraqlıdır. Çünki cəmiyyətdə bizi daha çox siyasətçi kimi tanıyır və siyasi tərəflərimizi daha çox görürlər. Ona görə də qeyri-siyasi mövzulara da maraq göstərirəm. Ümumiyyətlə, psixologiya, insanı, onun xarakterini öyrənməyə çalışan biriyəm və ona görə də hesab edirəm ki, bir insanın portretini cızmaq üçün belə bir rubrika çərçivəsində söhbətlər maraqlı olur. Bu səbəbdən qeyd etdiyiniz mövzuda müsahibə təklifinizi məmuniyyətlə qəbul etmişəm.
-Bu tipli söhbətlərdə jurnalistin hər bir sualına cavab verirsiniz, yoxsa sizin üçün müəyyən qırmızı xətt var ki, onu keçmək olmaz, yaxud hansısa mövzuda verilən sualı cavablandırmırsınız?
-Onu adətən jurnalistin ixtiyarına buraxıram. Əvvəlcədən nəyəsə müdaxilə etsəm, söhbət çərçivəli alına bilər. Ona görə də bütün suallara çalışıram səmimi cavab verim. Ancaq müsahibə əsnasında hansı suala cavab vermək istəməsəm açıq deyə bilərəm ki, həmin sualı cavablandırmağa lüzum görmürəm.
Dünya insan adamların çiynindədir

-Bildiyimiz qədər siz də bəzi həmkarlarınız kimi şərq idman növü ilə məşğul olmusunuz. Sizə qarşı edilən səhv və ya haqsızlığın əvəzini idmançı kimi fiziki güc tətbiq etməklə çıxmağa cəhd etmisinizmi? Ümumiyyətlə, həyatınızda belə bir situasiya baş verib?
-Biz məşğul olduğumuz idman növü döyüş sənətidir. Məlumat üçün qeyd edim ki, mən karate və taekvando ilə məşğul olmuşam. Taekvando Koreya, karate isə yapon döyüş növüdür. Bunların bir şüarı var ki, döyüşməyi döyüşməmək üçün öyrənin. Yəni bunun fəlsəfəsi budur. Digər tərəfdən karatenin bir andı var və həmin anddakı bir cümlədə qeyd edilir ki, mən bu döyüş növündən heç vaxt hücum xarakteri üçün istifadə etməyəcəm. Ona görə də həmin döyüş növündən nə vaxtsa hücum məqsədilə istifadə etdiyim yadıma gəlmir. Yalnız 1-2 hal baş verib ki, o da ölkə xaricində, özünümüdafiə xarakterli olub.
-Yəqin ki, idman sahəsində nailiyyətləriniz də olub?
-Bəli, olub.
-Ölkə miqyaslı, yoxsa beynəlxalq yarışlarda?
-Həm respublika çempionu, həm də 1997-ci ildə dünya kubokunda 3-cü yer tutmuşam. Bundan başqa 2003-cü ilin Avropa çempionuyam. Karatedən 5-ci dan, taekvando döyüş növündən isə 2-ci dan qara kəmərə sahibəm. Eyni zamanda Azərbaycanın əməkdar məşqiçisiyəm. Paralel olaraq minlərlə tələbəm olub və regionda böyük bir məktəb yaratmışdım. 11 il məşqçi kimi işləmişəm və tələbələrimiz içərisində Avropa çempionu, dünya ikincisi, üçüncüsü, eləcə də ölkə çempionu olanlar var. Mənim bir məqsədim olub ki, sağlam, gənc nəsillə yanaşı, həm də insan yetişdirmək lazımdır. Çünki hamı adam kimi doğulur, ancaq hamı insan kimi ölə bilmir. Dünya insan adamların çiynindədir. Adam var ki, 80 yaşı var, ancaq hələ də insana çevrilə bilməyib və adam kimi qalıb. Adam da var ki, artıq 20 yaşlarından insana çevrilir. Fikrimcə, insanlıq adamlığın ali formasıdır və hər bir kamil insan o yolu keçməlidir.
-İdman sahəsindən siyasi aləmə inteqrasiya nə dərəcədə çətin oldu? Çünki idmançılar adətən sərbəst geyimdə, deputatlar isə günün çox vaxtını rəsmi formada, kostyum, qalstukda olur.
-Mən idmanla yanaşı, gənc yaşlarımdan dövlət qurumlarında da çalışmağa başlamışam. Təxminən 24 yaşımda, 1998-99-cu illərdə Şəkidə İcra Hakimiyyəti başçısının köməkçisi işləyirdim. İlk dəfə qalstuk taxmaq, kostyum geyinməyə də o zamandan başladım. Bir müddət xarici ölkədə çalışdım və 2005-ci ildə isə dövlət qulluğuna dəvət aldım, Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi təyin olundum. Paralel olaraq Yeni Azərbaycan Partiyasında siyasi fəaliyyətlə məşğul oldum və qısa vaxt ərzində partiyanın Şəki şəhər təşkilatının sədr müavini seçildim. Ona görə də sualınızda qeyd etdiyiniz çətinlik o qədər də olmadı.
Deyilənə görə yaxşı səsim var
-Səfərlərdən söz düşmüşkən, həm idman həyatında, həm də deputat olan müddətdə çoxsaylı xarici səfərləriniz olub. Belə səfərlərdən kolleksiya toplamağı sevirsiniz?
-Xeyr. Düzdür. gənc yaşlarımda xarici səfərlərdən geri qayıdarkən soyuducunun üzərinə vurmaq üçün müxtəlif bəzək əşyaları alırdım, lakin sonradan onu da tərgitdim. Konkret olaraq nəsə toplamaq, kolleksiya yığmaq kimi hobbim yoxdur. Hobbim idman və musiqiyədir. Məlumat üçün qeyd edim ki, tar alətində yaxşı ifa edirəm və onun məktəbini bitirmişəm. Ümumiyyətlə, 12-yə yaxın simli və zərb alətlərində sərbəst ifa edirəm. Həmçinin pis də oxumuram və hərdən dostlarla karokeyə gedirik və hətta onlara solo konsert də verirəm. Deyilənə görə, yaxşı səsim var. Bir sözlə musiqiyə çox bağlılığım var və onu duya bilirəm.
-Musiqiyə bağlılıq nəsildən irəli gəlir, yoxsa dağ havası gözəl səsinizin olmasına zəmin yaradıb?
-Xeyr, nəslimizdə musiqiylə xüsusi məşğul olan biri olmayıb. Ancaq məndə uşaqlıqdan musiqiyə maraq olub. Uşaq vaxtlarımda televiziyada konsert proqramı verilən zaman həmin proqramları böyük maraqla izləmişəm. Xüsusilə, simli alətlərə, tara böyük marağım vardı. Evdə bu marağımı görüb qərara alıblar ki, məni musiqi məktəbinə qoysunlar. Eyni zamanda orta məktəbdə oxuyanda idmana da həvəsim var idi. Futbol oynayırdım, həmçinin məkəbdəki bosketbol və voleybol komandasının kapitanı idim.
İnsanlar hər zaman səni yanında görməlidir

-Vüqar İskəndərov üçün deputat həyatı daha yorucudur, yoxsa idman həyatı?
-Hər zaman insana qonşudakı yeməyin iyi xoş gəlir. Uşaq vaxtı evdə müxtəlif cür yeməklər bişəndə onu bizə yedirə bilmirdilər, ancaq küçəyə futbol oynamağa çıxanda az qala uşaqlar arasında çörək, yaxud ağacdan qoparılan bir meyvə üstündə dava düşürdü. Sözümün mənası ondadır ki, əksəriyyət insanlarımıza deputatlıq və ya parlament çox parıltılı görünür. Ancaq qanunverici orqanda fəaliyyət göstərmək bir qədər çətin, eyni zamanda şərəflidir. Bunun üçün özündə bir çox müsbət keyfiyyətləri birləşdirməlisən. Adətən insanlarımızdan işi, peşəsi, vəzifəsi barədə soruşanda birmənalı olaraq yaşıdır cavabını almırsan. Ya nornaldır deyirlər, ya şükür edir. ya da bir başqa qeyri-müəyyən cavab verirlər. Ancaq kim məndən soruşursa ki, deputatlıq necədir, cavab verirəm ki, əla. Mənim düşüncəmə görə, insan özünü tanıyandan, dövlətçilik ənənəsini biləndən dövlət nədir anlayışı yaranandan deputatlıq insanın fikirləşdiyi ən gözəl vəzifədir. Əlbəttə ki, onu şərəfli yerinə yetirmək lazımdır. Sən xalqın səsi və sözü olduğunun fərqində olmalısan. Arxanda xalqın olduğunu unutmamalısan. Əgər deputat bunları unudursa, o zaman məmura çevrilə bilər. Deputat kimi həm səni seçən seçicilərlə yaxşı iş aparmalısan, həm də ölkənin siyasi həyatına, onun inkişafına öz töhfəni verməlisən. Hər kəs çalışmalıdır ki, ölkəmizin davamlı inkişafı, tərəqqisi üçün əlini hansısa bir daşın altına qoysun. Bir daha qeyd edirəm ki, deputatlıq şərəfli bir vəzifədir. Hər bir işin. vəzifənin çətinliyi olduğu kimi, deputatlıq fəaliyyəti və çətin və yorucudur. Həm də VI çağırış Milli Məclisi daha dinamik işləyir. Düzdür, mən bununla əvvəlki parlamentin tərkibini, deputatların fəaliyyətini pisləmək, tənqid etmək fikrində deyiləm. Ola bilər ki, illərin və cərəyan edən proseslərin də buna təsiri olub. Bütün halda hərə bacardığı qədər işləyib. Ancaq etiraf etmək lazımdır ki, VI çağırış Milli Məclisi çox məhsuldar dövrü yaşayır. Bu gün parlamentdə heç vaxt olmadığı qədər aktivlik var. Bu dəfə artıq tələblər dəyişib, ölkədə gedən islahatlara parlamentin də uyğunlaşması zərurəti yaranıb, ən əsası Cənab Prezident tərəfindən qarşımızda konkret tapşırıqlar qoyulub. Parlamentdə yeni şöbələr yaradılıb. Həmçinin Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb ki, həmin şöbə ilə parlament məhsuldar işləyir. Eyni zamanda artıq icraedici orqanla qanunverici orqan arasında bir vəhdət yaranıb və bir-birilə əlaqəli şəkildə işləyir. Cənab Prezidentin həyata keçirdiyi uğurlu islahatların bir hissəsi də parlamenti əhatə edir və parlament də öz növbəsində çox məhsuldar işləyir. Deputat fəaliyyətinin gərginliyinə gəlincə, təbii ki, gərginlik var və 40 min seçici ilə işləmək o qədər də asan deyil. Bəzi seçicini onun qaldırdığı məsələnin deputata aid olub-olmadığı, onu səlahiyyətləri çərçivəsində həyata keçirib-keçirə bilməyəcəyi maraqlandırmır. Vətəndaşı, seçicini əsas maraqlandıran odur ki, qaldırdığı məsələ öz həllini tapsın. Digər tərəfdən insanlarla işləməyi bacarmalısan, öz yanaşman olmalıdır, onları təmkinlə dinləməlisən, təvazökar olmalısan və s. Ən əsası sadə olmalısan və insanlar hər zaman səni yanında görməlidir. Deputat kimi həm də məsuliyyətin artır və sən artıq dövlət idarəçiliyi maşınının içərisində olduğunun fərqinə varmalısan. Digər mühüm məqamlardan biri odur ki, deputat kimi həm seçicilərin, həm də dövlətin qarşısında vəzifə öhdəliyim var. Bütün bunarın hər birinə sənin gücün. enerjin çatmalıdır. Əks təqdirdə geridə qalacaqsan. Bu baxımdan yaxın keçmişdəki idmançı həyatım fiziki güc baxımından nəzərdə tutulan işləri görmək üçün mənə kömək edir. Bütün bu işlərdən, fəaliyyətdən yorulmuram desəm, yalan olar. Ancaq bu yorğunluq yeni sabah üçün bir stimul olur. Yorğunluğumu aradan qaldırdıqdan sonra yenidən yerdə qalan işlərimin həyata keçirilməsi istiqamətində fəaliyyətə başlayıram. Hesab edirəm ki, mənə verilən bu müddət özümütəsdiq üçün bir fürsətdir. Bu partiyamız, vətəndaşlarımız tərəfindən mənə göstərilən etimaddır və həmin etimadı layiqincə doğrultmaq lazımdır.
Ardı var
Süleyman İsmayılbəyli