Türkiyədə Azərbaycanı layiqincə təmsil edən soydaşımız

Aynur Məmmədova: "Hər hansı bir problemi və nəyəsə ehtiyacı olduğu üçün mənə müraciət edən bütün tələbələrə və azərbaycanlılara maddi, mənəvi, hüquqi və psixoloji dəstək verirəm"

"Vətən, millət ruhunda çalışan, orta səviyyədə təhsil alan xarici tələbələrə də dəstək oluram"

Azərbaycandan kənarda yaşayan əksər insanlar bir qayda olaraq ölkəmizin daha geniş anlamda tanıdılması, onun təbliği istiqamətində yorulmadan çalışırlar. Yaşadıqları ölkənin rəsmi və qeyri-rəsmi qurumlarında keçirilən görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsini müzakirə edərək Azərbaycana öz dəstəklərini verirlər. Belə dəyərli soydaşlarımızdan biri də Türkiyədə yaşayan Aynur Məmmədovadır. Azərbaycanın təbliği ilə yanaşı qardaş ölkədə təhsil alan maddi ehtiyacı zəif olan azərbaycanlı, türk, ahıskalı, əfqan tələbələrə maddi, mənəvi, hüquqi və psixoloji dəstək verən Aynur Məmmədova "OLAYLAR"-a verdiyi müsahibədə Türkiyədəki fəaliyyəti barədə danışıb. O, deyib ki, ehtiyacı olan, Vətən, millət üçün çalışan xarici ölkə tələbələri də onun diqqət və qayğısından yararlana bilirlər. Aynur Məmmədova müsahibədə gələcək planları barədə də danışıb.

-Aynur xanım, təxminən neçə ildir qardaş ölkədə yaşayırsınız və Türkiyədə əsas fəaliyyətiniz nədən ibarətdir?

-Artıq 11 ildir ki, Türkiyədəyəm. Bir il isə işimlə əlaqədar olaraq Şimali Kipr Türk Respublikasında yaşamışam. Hazırda Antalyada yaşayıram. Onu da qeyd edim ki, bu müddət ərzində 3 il də Adanada olmuşam. Burada öz işim, evim var. Əsasən turizm, marketinq youtube, netlioo vasitəsilə iş ortaqlığı, 8 yaşlı oğlumla reklam işi, eləcə də psixoloq kimi psixoloji dəstək kimi fəaliyyətlərlə məşğulam. Buradakı Azərbaycanlı Gənclər Dərnəyinin qurucusu və fəal üzvüyəm. Həmçinin İqdırda fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyi

(ASİMDER) və Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin Antalya üzrə təmsilçisiyəm.

-Bildiyimiz qədər istər Türkiyədə təhsil alan azərbaycanlı tələbələr, istərsə də Azərbaycanda təhsil alan türkiyəli tələbələrin üzləşdikləri problemlərin həllinə də yardımçı olursunuz. Bir qayda olaraq tələbələrin üzləşdikləri əsas problemlər nədən ibarətdir?

-Türkiyədə və Azərbaycanda oxuyan, çalışan, hər hansı bir problemi və nəyəsə ehtiyacı olduğu üçün mənə müraciət edən bütün tələbələrə və azərbaycanlılara maddi, mənəvi, hüquqi və psixoloji dəstək verirəm. Tələbələrin üzləşdikləri ən əsas problem isə universitetə müraciət edən gəncin imtahan xərci. ora qəbul olunduqdan sonra Türkiyəyə getmək üçün müəyyən vəsaitin lazım olması və s.dir. Burada subay oğlana, pulu o qədər də olmayan tələbə gənclərə kirayəyə ev vermirlər. Universitetlərin yataqxanaları isə az olduğu üçün tələbələr qalmağa yer tapmaqda çətinlik çəkirlər. Bir çox gənclər hər gün evdə qələbəlik yaradıb spirtli içki qəbul etdiyindən zamanı çatanda kirayə haqqını verə bilmirlər. Bu səbəbdən dolayı da tələbələrə kirayə ev verməyə maraqlı olmurlar. Xüsusilə, xarici ölkə tələbələrinə. Bir sözlə qurunun oduna yaş da yanır. Bir mənfi məqamı da qeyd edim ki, xarici tələbələrə kirayə evlər daha baha qiymətə təklif edilir. Yaxud orta məktəblərin rus bölməsində oxuyanlar türkçəni yaxşı bilmədiklərindən onlar üçün 1-2 il oxumaq bir qədər çətin olur. Tələbələrin üzləşdikləri ən böyük problem isə təbii, maddi çətinliklərlə bağlıdır. Azərbaycanda müəyyən iqtisadi çətinliklər olduğu üçün valideyinlər övladlarına pul göndərə bilmirlər. Yaxud da çox az bir miqdarda pul göndərə bilirlər. Ona görə də tələbələr dərsdən sonra, yaxud bazar günləri işləmək məcburiyyətində qalırlar. Türkiyədə qəbul edilmiş yeni qanuna görə tələbələr mütləq sığorta olunmalıdır. Əgər tələbə sığorta olunmasa o halda vizası ləğv olunur və yaxşı oxumasına baxmayaraq Vətənə qayıtmaq məcburiyyətində qalır.

-Ümumiyyətlə, tələbələrin universitet xərci təxminən nə qədər təşkil edir?

-Bir tələbənin universit xərci təxminən 1000 lirə ilə 10000 lirə, bəzən isə 18000 lirə arasında dəyişir. Bura adam başı 250 və ya 450 lirə kirayə haqqı, 300 və 3000 lirə arası sığorta haqqı da daxildir.

-Siz tələbələrə hansı formada yardım edirsiniz və bunu hansı mənbələr hesabına həyata keçirirsiniz?

-Əsasən şəxsi qazancım hesabına edirəm. Məlumat üçün qeyd edim ki, mənim aylıq qazancım 2000 dollardır. Burada öz evim olduğu üçün həmin məbləğin cəmi 350 dollarını özüm üçün ayırıram. Yerdə qalanını isə imkansız tələbələrə verirəm. Bəzisinə 50, bəzisinə 70, 100, bəzən isə hər birinə hətta 150, 200, 300 dollar verirəm.

-Ümumiyyətlə, bunu etməkdə başlıca məqsədiniz nədir?

-Belə etməklə həmin tələbənin ürəyinə xeyirxahlıq toxumu əkirəm. O, da öz növbəsində həyatı boyu qarşısına çıxan imkansız şəxslərə qarşılıqsız olaraq kömək edər. Digər tərəfdən bu gün istifadə etdiyimiz bütün texnologiyaları xarici ölkələr istehsal edir. Biz də çox pul xərcləməklə, yaxud kredit yolu ilə həmin avadanlıqları alırıq. Çünki o avadanlıqlara ehtiyacımız var. Nədən ki, texnologiya həyatımızı asanlaşdırır. Bu gün həmin texnologiyaları bizə satan ölkələr vaxtı ilə öz tələbələrinin oxumasına kömək edib, onları irəli çəkib, əlindən tutub. Nəticədə bu günkü vəziyyət yaranıb. Biz də həmin texnoloji avadanlıqlara, cihazlara verdiyimiz pulu bir tələbəyə sərf etsək daha yaxşı olar. Amma, təəssüflər olsun ki, etmirik. Həmin ixtiraları bizimkilər etsə və xaricə satsaq texnologiyalar üçün sərf etdiyimiz pullar da özümüzə qalar. Yaxud bir həkimi oxutsaq, o, da bu yaxşılıgı unutmaz və işlədiyi müddət ərzində qarşısına çıxan xəstələri yaxşı müalicə edər. Beləliklə xəstələrimizin xaricdəki həkimlərə sağalmaq üçün xərclədikləri 30000, 50000, 100000 dollar pullar ciblərində qalar. Yəni, Azərbaycanın valyutası başqa ölkəyə getməz. Eləcə də bir hüquqşünasın təhsil almasına yardım etsək, o, da həmişə haqlı olanın haqqını qoruyar. Oxutdugumuz iqtisadçılar Azərbaycanın manatının bu gün dollar qarşısında dəyərdən düşməsinin qarşısını maksimum dərəcədə alarlar. Siyasətçilər, jurnalistlər Azərbaycanı dünyaya tanıdar. Mühəndislər yeni

ixtiralarla Azərbaycanımız üçün faydalı ixtiralar edərlər. Əgər mən onlara ildə bir neçə dəfə 200 və ya 300 lirə verirəmsə, əslində Azerbaycanımıza 2000000 və 3000000 lirə dəyərində xeyir vermiş oluram. Çünki o tələbələr həyatlarının qalan 40, 50 ilini öz sənətləri, işləri ilə hər zaman Azərbaycanımıza xeyir verəcəklər.

-Siz təkcə azərbaycanlı tələbələrə, yoxsa ehtiyacı olan digər ölkələrin tələbələrinə də dəstək verirsiniz?

-Əlbəttə ki, ehtiyacı olan, Vətən, millət ruhunda çalışan, orta səviyyədə təhsil alan xarici tələbələrə də dəstək oluram. Hətta təhsilini başa vuran gənclərin işə düzəlməsinə də yardımçı oluram.

-Siz Türkiyənin ən geniş və gözəl bir turizm məkanında, Antalyada yaşayırsınız. Bəs, Türkiyə ilə Azərbaycan arasında turizm sahəsində əlaqələrin daha da genişlənməsi, Azərbaycanın turizm potensialının Türkiyədə təbliği istiqamətində hansı addımlar atırsınız?

-Təbii ki, ölkəmizin turizminin təbliği istiqamətində müəyyən işlər görürəm. Xüsusilə, keçirdiyim rəsmi və qeyri-rəsmi görüşlərdə Azərbaycan turizminin malik olduğu imkanlardan geniş bəhs edirəm.

-Müntəzəm olaraq Türkiyənin ayrı-ayrı vilayətlərinin rəsmi şəxsləri ilə görüşləriniz olur. Bir qayda olaraq bu görüşlərdə hansı məsələlər ətrafında fikir mübadiləsi aparırsınız?

-Kəpəz bələdiyyəsinin sədri Hakan Tütüncü, Döşəməaltı bələdiyyə sədri Nurettin Tursun, AKP-nin Kəpəz təşkilatının sədri Yusuf İşeri, Konyaaltı təşkilat rəhbəri Mehmet Rıfat, və s. şəxslərlə keçirdiyim görüşləri qeyd edə bilərəm. Həmçinin

Mutatpaşa, Konyaaaltı və Kəpəz kaymakamları ilə də görüşlərim olur. Görüşdüyüm şəxslər ilə əsasən azərbaycanlı tələbələrə maddi dəstəyin verilməsi, onlar üçün yataqxananın tikilməsi. qardaş şəhər və ya bələdiyyələrin yaradılması, milli qəhrəmanlarımızın adını daşıyan, Azərbaycan Türkiyə, Qarabağ parklarının salınması, vizalarin aradan qaldırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparırıq. Həmçinin keçirdiyimiz hər hansı bir tədbirə maddi dəstək verilməsi, tədbir keçirilməsi üçün gözəl bir yerin ayrılması, azərbaycanlılara Türkiyə, xüsusilə Antalyanı pulsuz gəzdirmək üçün avtobusun ayrılması və. s. kimi xahişlərimiz də görüşlərdə müvafiq qurumların diqqətinə çatdırılır. Sevindirici hal isə ondan ibarətdir ki, bu xahişlər həyata keçir

-Antalyaya dincəlməyə üz tutan azərbaycanlı turistlərin istirahət dövründə hansısa problemləri meydana çıxırmı?

-Azərbaycanlılar problem yaratmadıqca Türkiyədə turistlər heç bir problemlə qarşılaşmazlar. Əksinə unudulmaz gözəlliklər bəxş edirlər.

-Bəs, Antalyaya hansı ölkədən daha çox turist üz tutur?

-Antalyaya ən çox gələn turistlər ruslar, ərəblər, almanlar, ingilislər və çinlilərdir.

-Siz qeyd etdiyiniz bütün bu fəaliyyətləri bir təşkilat və ya dərnək yaradaraq davam etdirməyi düşünürsünüzmü?

-Yuxarıda qeyd etdiyim kimi mən özüm dərnək üzvüyəm. Eyni zamanda iki təşkilatın Antalyadakı təmsilçisiyəm. Yaxın vaxtlarda isə yeni bir dərnək açmağı düşünürəm.

-Bəs Türkiyədəki Azərbaycan səfirliyi və digər diplomatik nümayəndəliklər, konsulluqlarla hansısa formada əməkdaşlığınız varmı?

-Konsulluqların çoxunun tədbirinə dəvət edildiyim zaman gedirəm.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31