Diaspor formatından çıxmalı və lobbiçilik formatında fəaliyyət göstərməliyik
Paşa Məmmədov: “Bizim məqsədimiz lobbiçilik fəaliyyətini qurmaq və Ukraynanın ictimai-siyasi həyatındakı nüfuzumuzu daha da artırmaqdan ibarətdir”
29 Fevral 2016 13:02 Müsahibə"Öz passivliyimizlə, bir-birimizlə mübarizə aparmaqla ermənilərin dəyirmanına su tökmüş oluruq"
Azərbaycan diasporunun ən geniş yayıldığı ölkələrdən biri hesab olunan Ukraynada diasporumuzun durumu son illər təəssüflər olsun ki, arzuedilən səviyyədə deyil. Bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının daxildən bir neçə yerə parçalanması, həmin təşkilatlar arasında gedən kəskin rəqabət nəticə etibarilə azərbaycanlıların Ukrayna cəmiyyətinə inteqrasiyası, seçki orqanlarda, siyasi institutlarda iştirakına öz mənfi təsirini göstərir. Təssüflər olsun ki, mövcud problemi aradan qaldırmaq məqsədilə irəli sürülən təşəbbüslər, verilən təkliflər də qəbul edilmir.
Ukraynadakı Azərbaycan diasporunun bir mərkəzdə birləşməsi, azərbaycanlıların Ukrayna cəmiyyətində ictimai-siyasi fəallığının artırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərən soydaşlarımızdan biri də siyasətçi , diplomat, politoloq Paşa Məmmədovdur. Məlumat üçün bildirək ki, Paşa Məmmmədov həmçinin Ukraynadakı Qafqaz xalqları Konqresinin rəhbəridir. O, 9 fevral 1977-ci ildə Moskvada ziyalı azərbaycanlı ailəsində anadan olub. Paşa Məmmədov Bakıda Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini, ABŞ-ın Kaliforniya ştatında Dilçilik Kollecini (LSI, ESL), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib və magistr təhsili alıb. O, Misir Ərəb Respublikasında Diplomatik kurslar keçib. Paşa Məmmədov 1999-2002-ci illərdə Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətində baş hüquqşunas, 2003-2009-cu illərdə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ildə XİN Həmkarlar Komitəsi Sədrinin birinci müavini təyin edilib. 2009-2010-cu illərdə Azərbaycanın Dubay şəhərində vitse-konsulu vəzifəsində çalışıb. 2011-2012 "P&O Production" Şotlandiya şirkətlərinin baş meneceri, 2012-ci ildən "Fashion Avenue" Ukrayna şirkətinin direktoru olmuş Paşa Məmmədov 2014-2015-ci illərdə Ukrayna XİN Radası yanında ekspert olub. O, 2014-cü ildən bəri Ukrayna Qafqaz Xalqları Konqresinin rəhbəridir. Hazırda Ukraynada yaşayan soydaşımız Yaxın Şərq korporasiyalarının şərqi Avropa üzrə konsultantıdır və iri biznes layihələrinin sahibidir. O, Azərbaycan (və Türk), Rus, İngilis, Ərəb və Ukrayna dillərini bilir. "OLAYLAR"-a verdiyi müsahibədə Paşa Məmmədov Ukraynadakı Azərbaycan diasporunun mövcud durumu, diasporumuzun vahid mərkəzdə fəaliyyət göstərməsi istiqamətində atılması vacib olan addımlar, eləcə də azərbaycanlıların Ukraynanın ictimai-siyasi həyatında passiv rol oynamasının başlıca səbəblərindən danışıb.
-Paşa müəllim, hazırda Ukraynadakı Azərbaycan diasporunun durumunu necə dəyərləndirərdiniz?
-Hər zaman bu kimi suallara bir cavabım olub. Belə ki, indiyə qədər bu istiqamətdə nə kimi nəaliyyətlər əldə etsək də, hələ də azdır. Etiraf etmək lazıdır ki, Ukraynada diaspor fəaliyyəti cox zəifdir. Bu gün Ukraynada bir neçə diaspor təşkilatları var və onların hər biri ayrı-ayrılıqda fəaliyyət göstərir. Ancaq onların bir biri ilə heç bir əlaqəsi yoxdur, və ya həmin təşkilatlar arasında ümumi koordinasiya mövcud deyil. Ayrı ayrılıqda fəaliyyət göstərən təşkilatların hansısa yüksək nəaliyyətlərindən danışmaq isə ən azı sadəlövhlük olardı. Ukraynada fəaliyyət göstərən diaspor təşkilatları öz fəaliyyətlərində və nəaliyyətlərində yalnız bir-biri ilə müqaisə oluna bilərlər. Əsaslı nəaliyyətlər əldə etmək üçün ya bir yerdə olmaq gərəkdir, yaxud diaspor təşkilatlarının fəaliyyətlərində əlaqələndirmə olmalıdır. Biz bu cür yanaşmanın nəticələrini Rusiyadakı diasporamızın son nəailiyyətlərində müşahidə edə bilərik. Bundan əlavə biz diaspor formatından çıxmalı və lobbiçilik formatında fəaliyyət göstərməliyik. Bu da bizim üçün yeni format olduğundan tamamilə başqa yanaşma tələb edir.
-Azərbaycanlılar hansı səbəbdən Ukraynanın siyasi həyatı, seçkili orqanlarında təmsilçiliyə az maraq göstərirlər?
-Siyasi fəaliyyət göstərmək üçün stimul yaradılmalıdır və maliyyə dəstəyi göstərilməlidir. Bizimkiləri isə nə birincisi, nə də ikincisi maraqlandırmır. Hər hansısa milli azlıgın siyasi həyatda iştirakı lobbiçilik formatında həyata keçirilir, bu format da bizimkilərdə mövcud deyil. Bizim mövqeyimizi təmsil edən hər hansısa bir məmur, deputat və ya siyasətçinin Azərbaycan mənşəli olması şərt deyil. Azərbaycanpərəst və bizim mövqeyimizi bölüşdürən siyasətçilərə dəstək göstərməklə Ukraynanın siyasi həyatında iştirak etmək olardı. Lakin, Ukraynanın ictimai-siyasi həyatında fəaliyyət göstərən azərbaycanlılar öz nəzərini daim rəsmi Bakıya yönəltmiş və hansısa siyasi aktivlik göstərməkdən hər zaman çəkinmişlər. Ukraynada bir neçə azərbaycanlı da varki, onların həm nüfuzu, həm də əlaqələri genişdir, lakin onlar əlaqələrini və nüfuzlarını yalnız öz bizneslərinin inkişafı naminə istifadə edirlər. Təbii ki, bu cür azərbaycanlılara yeni stimul verilməli və məqsədlər müəyyənləşdirilməlidir. Bundan əlavə Ukraynada Azərbaycan səfirinin uzun müddət olmaması ümümən Azərbaycan diaspor təşkilatlarının Ukraynanın ictimai-siyasi həyatındakı fəaliyyətini tam şəkildə passivləşdirib. Hesab edirəm ki, rəsmi Bakı Ukraynadakı səfirin təyinatında çox diqqətli olmalıdır. Ona görə ki, gələcək siyasi və iqtisadi əlaqələrin daha da sıx olması bu təyinatdan asılıdır. Rəsmi Bakının Ukraynanın keçmiş hakimiyyətlə əlaqələndiricisi vaxtı ilə böyük nüfuza malik olan siyasətçidir. Lakin o, artıq Ukraynanın həm siyasi həyatından, həm də sərhədlərindən kənarlaşdırılıb. Artıq Ukraynada yeni qüvvələr hakimiyyətdədir və bu dəfə dövlətlərimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafı daha çox gələcək səfirimizin fəaliyyətindən aslı olacaq.
-Siz mövcud vəziyyətdən çıxış yolunu, yəni azərbaycanlıların Ukrayana cəmiyyətində daha aktiv olması üçün nə təklif edərdiniz?
-Birlik, birlik və yenə də birlik. Bizim birliyimiz olsa dünyaya hökmranlıq etməyə qadirik. Lakin elə ən böyük bəlamız da birliyimizin olmamasındadır. Biz hər zaman bizi birləşdirən güvvəyə möhtac olmuşuq. O ki, qaldı mənim təkliflərimə, məlumat üçün qeyd edim ki, bir neçə dəfə təkliflərimi mərkəzə göndərmişəm və bir cox Azərbaycan rəsmiləri ilə görüşlərimdə mövqeyimi açıqlamışam. Lakin, nə tövsiyyə etsəm də, buna nə Bakıda bir əhəmiyyət verən tapılmayacaq, nə də Azərbaycanın Ukraynadakı diaspor rəhbərləri bu təklifləri nəzərə alacaq. Ona görə ki, biz agıllı məsləhətləri nəzərə almağa öyrənməmişik.
-Rəhbərlik etdiyiniz konqresin cari il üçün fəaliyyət istiqamətləri nədən ibarətdir?
-Rəhbərlik etdiyim qeyri-hökümət təşkilat diaspor fəaliyyətindən daha çox ictimai-siyasi fəaliyyətlə məşguldur. Bizim məqsədimiz lobbiçilik fəaliyyətini qurmaq və Ukraynanın ictimai-siyasi həyatındakı nüfuzumuzu daha da artırmaqdan ibarətdir.
Etiraf edim ki, buna əngəl törədən amillərdə az deyil. Elə ən öncə ermənilərdir. Lakin, ermənilərdən də çox maneələri biganəlik yaradır. Ancaq həmin maneələr kimlər tərəfindən yaradılır, mən onu açıqlamayacağam. Çünki açıqlasam da, onun xeyrindən daha çox ziyanı olacaq. Buna baxmayaraq biz bu istiqamətdə öz fəaliyyətimizi davam etdiririk və bu günə kimi az nəailiyyət əldə etməmişik. Qalıb bu nəailiyyətlərdən faydalanmaq.
-Bu gün Azərbaycanla Ukrayna arasındakı əlaqələri necə qiymətləndirirsiniz?
-Ukrayna Azərbaycanın strateji müttəfiqidir. Azərbaycan Ukraynadan 1000 növə yaxın mal idxal edir və təbii ki, bunların sırasında hərbi sənayenin istehsalı da mövcuddur. Lakin, bu gün bizim dövlətlərimiz arasında rəsmi əlaqələr demək olar ki, sıfırdan qurulur. Rəsmi Bakının Ukraynada mövcud siyasi durumu anlayan və analiz etmətə qadir olan məsləhətçiyə ehtiyacı açıq görünür. Məhz bu üzdən bir neçə ildir ki, münasibətlərin inkişaf dinamikası müşayət olunmur. 2010-2013 illərdə Azərbaycan və Ukrayna arasında ümumi dövriyyə 1 milyard dollarda artıq idi və hətta 2 milyard dollar təşkil edən dövr də olub. Lakin, 2014-cü ildə bu göstərici 500 milyondan aşagı düşmüşdür. Ukrayna böyük potensiala malikdir və ölkələrimizdə iqdisadi böhran yaşanan dövrdə bu potensialdan maksimum dərəcədə istifadə olunmalıdır.
-Ermənilər bu ölkənin siyasi həyatında nə dərəcədə aktivdirlər?
-Ermənilərin Ukraynada və ya digər ölkələrdə aktiv olub-olmaması bizim üçün göstərici sayılmamalıdır və ermənilərin aktivliyi bizə stimul yaratmamalıdır. Biz öz milli maraqlarımız və mənafeyimiz naminə fəaliyyət göstərməliyik. Ermənilər daim bizim əleyhimizə çalışıb və bundan sonra da çalışacaq. Bu danılmaz bir faktdır. Biz öz passivliyimizlə, bir-birimizlə mübarizə aparmaqla və ayrı-ayrı düşüb parçalanmaqla onların dəyirmanına su tökmüş oluruq. Ermənilərin Ukraynanın ictimi-siyasi həyatında nə dərəcədə aktiv olmalarını müşahidə etmək üçün, Ukrayna hökumətində, Ali Radada və siyasi partiyalarda təmsil olunmuş erməni mənşəli və ermənipərəst mövqeli siyasətçilərə nəzər yetirmək kifayət edir. Ən əsası, biz birdəfəlik anlamalıyıq ki, düşmənlərimizin aktivliyinin əsas səbəblərindən də biri bizim passivliyimiz və bir-birimizlə mübarizə aparmağımızdır.
Süleyman İsmayılbəyli