Siyasətdə də nəsil dəyişikliyi baş verməlidir
Tural Abbaslı: “Xalq heç bir seçkidə qalib gəlməyən uğursuz obraz yaratmış siyasətçiləri dəstəkləmək istəmir”
25 Fevral 2016 13:26 MüsahibəÖtən ilin parlament seçkilərindən sonra Azərbaycan müxalifətinin fəaliyyətində bir passivlik müşahidə edilir. Onsuz da ölkənin ictimai-siyasi həyatında aktiv rol oynaya bilməyən müxalifət düşərgəsində hərəkətlilik cari ildə də hiss edilmir. Əksinə bu düşərgəyə daxil olan partiyalardan birinin digərinə qarşı qarayaxma kampaniyası, nüfuzdan salma cəhdləri özünü göstərir. Bu da nəticə etibarilə müxalifət partiyalardan qopmalara gətirib çıxarır. Bəs görəsən müxalifət partiyalarının passivliyinin başlıca səbəbləri nədir? Bu düşərgəni mövcud vəziyyətdən nə çıxara bilər? Bu və digər məsələlərlə bağlı Müsavat Divanının keçmiş üzvü, AĞ Blok hərəkatının təsisçisi Tural Abbaslı ilə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Tural Abbaslı müxalifət düşərgəsində mövcud olan passivliyin səbəbləri, bu vəziyyətdən çıxış yolları, partiya liderlərinin atmalı olduqları vacib addımlar barədə danışıb. O, rəhbərlik etdiyi Ağ Blok təşkilatının partiyaya çevrilməsi istiqamətində görülən işlər və hazırda bu sahədə mövcud olan vəziyyət barədə də məlumat verib.
-Tural bəy, müxalifətin 2016-cı il başlayandan passiv fəaliyyəti müşahidə edilir. Sizcə bu passivlik nədən irəli gəlir?
-Yalnız bu il deyil, ümumi götürsək görərik ki, seçki ili olmayan istənilən ildə müxalifətin fəaliyyəti gözə çarpmır. Bunun obyektiv və subyektiv tərəfləri var. Passivliyin əsas səbəblərindən biri də uzun illərdir, müxalifətdaxili yeniliyin olmamasıdır. Yəni xalq fərqli illərdə eyni simalardan eyni şüarları və vədləri eşitməkdən yorulub. Və ümumiyyətlə xalq heç bir seçkidə qalib gəlməyən uğursuz obraz yaratmış siyasətçiləri dəstəkləmək istəmir. Bu da aydındır ki, xalqın dəstəyini itirmiş heç bir siyasi qüvvə aktiv olub uğur əldə edə bilməz.
-Bu passivlik özünü hökumətə antiböhran tədbirləri barədə təkliflərin göndərilməsi zamanı da göstərdi. Hətta hökumətə hansısa təklifi göndərmək məsələsində müxalifətin bütün qütbləri bir araya gələ bilmədi. Sizə elə gəlmirmi ki, ən vacib bir məsələdə bir araya gələ bilməyən müxalifətinhakimiyyətdən nəsə tələb etməsi, hətta dialoq çağırışı səsləndirməsi absurddur?
hakimiyyətdən nəsə tələb etməsi, hətta dialoq çağırışı səsləndirməsi absurddur?
-Müxalifətin birlik məsələsi artıq uzun illərdir ki, problem olaraq qalır. Belə ki, belə birliklər ya ümumiyyətlə yaranmır, ya da yarandığı təqdirdə uzunmüddətli və uğurlu olmur. Bu da müxalifət daxili liderlərin bir-birlərinə şəxsi qərəzli və bəzən də düşmən münasibəti ucbatındandır.Xalqın müxalifətdən konkret addımlar gözlədiyi indiki böhran mühitində belə müxalifət arası rəqabət sürdürülür və enerjini hakimiyyəti islahatlara məcbur etmək istiqamətinə xərclımək əvəzinə biri digərini zəiflətməyə sərf edirlər. Bu da təbii ki, müxaliətin zatən xalq arasında olan zəif mövqelərini daha da zəiflədir
--Bu situasiya onu deməyə əsas verirmi ki, artıq müxalifətdəki bəzi lidellər tükənib və onlar kreslolarını gənc nəslə təhvil verməlidirlər?
-Son 23 ildə heç bir real siyasi uğurun olmaması artıq siyasi səhnədəki simaların hamısının dəyişməsini tələb edir. Hətta uğurlu olsaydılar belə bu qədər uzun müddətdə eyni yeri məşğul etmək belə siyasiləri inkişafdan saxlayan amildir. Ona görə də təbii ki, siyasətdə də nəsil dəyişikliyi baş verməlidir. Bunun alternativi yoxdur Yeni simalar, yeni düşüncə tərzi, yeni yanaşmalar köhnələri əvəzləməlidir.
-Bəs müxalifətin qocaman rəhbərlərinin postunu tuta biləcək kifayət qədər potensiallı gənclər varmı?
-Mən düşünürəm ki, siyasi karyera üçün münbit şərait yaransa və perspektivlər görünsə gənclər arasından kifayət qədər gənc liderlər çıxar.Hətta indiki heç də münbit olmayan şəraitdə yetərincə potensiallı gənc liderlər var.
-Bu arada AĞ Partiyanın təşkilatlanma prosesi hansı mərhələdədir?
-Əvvəllər də qeyd etdiyim kimi AĞ Partiya quruculuğu istiqamətində təşkilati və siyasi sahələrdə addımlar atırıq. Bunlar indiki mərhələdə cəmiyyət üçün o qədər maraqlı ola biləcək məlumatlar deyil. İnşallah hər şey qaydasında getsə may ayında Qurultayımızı keçirməkdə qərarlıyıq.
Süleyman