İlqar Fəhmi: “Həssas mövzuları şişirdərək hay-küy yaratmaq düzgün deyil”-ÖZƏL
15:01 MədəniyyətMəktəblərdə dünyəvilik prinsiplərinin qorunması və vahid məktəbli geyiminin tətbiqi cəmiyyətdə müzakirə olunan məsələlərdəndir. Mövzu ilə bağlı şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi Olaylar.az-a a fikirlərini bölüşüb:
" Dövlətin istənilən strukturu tərəfindən hansısa qərar qəbul edilirsə, bu qərar özbaşına və ayaqüstü qəbul edilmir. Bunun arxasında uzunmüddətli müzakirələr, məsləhətləşmələr, monitorinqlər və təhlillər dayanır. Yəqin ki, bu qərar da uzun illər müzakirə olunub, onun zəruriliyi araşdırılıb. Əgər qərarın qəbul edilməsinin zəruriliyi qənaəti üstün gəlibsə, deməli, onun həqiqətən də vacib və lazımlı olduğu, buna ehtiyac duyulduğu müəyyən edilib. Onu da qeyd edim ki, bu mövzu ətrafında internetdə və sosial şəbəkələrdə qaldırılan hay-küy xoşagəlməz təsir yaradır. Çünki diqqətlə təhlil etdikdə məlum olur ki, bu hay-küyü qaldıranların cəmi 5-6 faizi həqiqətən də mövzuya aidiyyəti olan insanlardır. Böyük hissəsi ya kənarda oturub Azərbaycan əleyhinə kampaniya aparan qüvvələrdir ki, məqsədləri istənilən hadisədən, qaşınmayan yerdən qan çıxarmaqla, baş verənləri Azərbaycan dövlətçiliyinə qarşı çevirməkdir, ya da əslində heç bir siyasi məqsədi olmayan qüvvələrdir.
Sadəcə, bizdə böyük bir bloqer və internet fəalları təbəqəsi formalaşıb. Onlar ən xırda detalı axtarırlar ki, onu şişirdərək hay-küyə çevirsinlər, öz baxış və reytinq göstəricilərini artırsınlar. Bu, çox xoşagəlməz haldır. Hansısa şou-biznes və digər mövzulardan yazaraq baxış sayını, reytinqi artırmaq məqbuldur. Demokratik cəmiyyətimiz var, hər kəs istədiyini yaza bilər. Amma insanlar üçün həssas olan mövzuları şişirdərək hay-küy qaldırmaq, bununla öz reytinqini, baxış və izləyici sayını artırmaq çox şərəfsiz əməldir. Çünki həssas mövzulara yanaşma da həssas olmalıdır.
Belə məsələlərdə diqqətli olmaq lazımdır. Yazılanlara və hay-küy qaldıranlara həddindən artıq əhəmiyyət vermək lazım deyil. Yenə qeyd edirəm ki, bu işin peşəkarları, mütəxəssisləri, aidiyyəti olan və məsul şəxsləri qərarı qəbul ediblərsə, deməli, məsələ dərindən öyrənilib, təhlil edilib və zərurət olduğu qənaətinə gəlinib. Buna görə də qərar tətbiq edilir.
Məncə, məsələnin bütün mahiyyətinə varmadan hökm vermək və hay-küy qaldırmaq düzgün deyil. Belə məsələlərdə diqqətli olmaq lazımdır".