Məşhur qarmon ifaçısının 125 illiyi - Muğam Mərkəzində
Fevralın 15- də Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə məşhur qarmon ifaçısı Kor Əhədin (Əhəd Əliyev)125 illik yubiley gecəsi keçiriləcək. 1893-cü ildə Bakıda doğulmuş, 3 yaşında görmə qabiliyyətini itirmiş, lakin öz fitri istedadı, əzmi və iradəsi sayəsində müstəqil olaraq qarmon çalmağı öyrənən, 10 – 12 yaşlarında artıq 14 dilli qarmonda müxtəlif oyun havalarını gözəl ifa etməyi bacaran, Əhəd Əliyev 20-25 yaşlarında artıq mahir qarmon ifaçısına çevrilmişdir.
8 Fevral 2018 15:17 MədəniyyətFevralın 15- də Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə məşhur qarmon ifaçısı Kor Əhədin (Əhəd Əliyev)125 illik yubiley gecəsi keçiriləcək.
1893-cü ildə Bakıda doğulmuş, 3 yaşında görmə qabiliyyətini itirmiş, lakin öz fitri istedadı, əzmi və iradəsi sayəsində müstəqil olaraq qarmon çalmağı öyrənən, 10 - 12 yaşlarında artıq 14 dilli qarmonda müxtəlif oyun havalarını gözəl ifa etməyi bacaran, Əhəd Əliyev 20-25 yaşlarında artıq mahir qarmon ifaçısına çevrilmişdir.
1927-ci ildə Müslüm Maqomayev gənc və istedadlı Əhədi ilk dəfə Azərbaycan Radiosunda çıxış etməyə dəvət edir. Tezliklə Kor Əhədin musiqi qabiliyyəti - qarmonda, sazda, tarda, pianoda və tütəkdə çaldığı musiqi nömrələri Üzeyir Hacıbəylinin də diqqətini cəlb etdi və böyük bəstəkar "Arşın mal alan" operettasındakı toy səhnəsində "Tərəkəmə" rəqsini çalmaq üçün operaya Əhəd Əliyevi solist kimi qəbul etdi.
Filarmoniyanın nəzdində bəstəkar Qənbər Hüseynlinin rəhbərlik etdiyi Sazçı qızlar ansamblının yaranmasında, sazçı qızların seçilməsində, öyrədilməsində də Əhəd Əliyevin böyük rolu var idi.
Əhəd Əliyev həm də bacarıqlı musiqi təşkilatçısı idi. Əhəd Əliyev 1934-35-ci illərdə Əbilov adına klubda "Şərq qarmonçalanları ansamblı" yaratmış və ona rəhbərlik etmişdir.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti ongünlüyündə iştirak edən nümayəndələrin tərkibinə Əhəd Əliyev də daxil edilmişdi.
Əhəd Əliyev 1942-ci ildə 49 yaşında Bakıda vəfat etmişdir.
Tədbiri Xalq artisti Möhlət Müsümovun rəhbərlik etdiyi Azərbaycan Televiziyası və Radiosunun Əhməd Bakıxanov adına Xalq çalğı alətləri ansamblı müşayiət edəcəkdir.
Gecədə Xalq artistləri Mələkxanım Eyyubova, Ənvər Sadıqov, Aftandil İsrafilov, Əməkdar artistlər Zakir Mirzəyev, Fərqanə Qasımova, Ehtiram Hüseynov, Sahib Paşazadə, Cahangir Qurbanov, Əməkdar müəllim Qəzənfər Abbasov, solistlər Teyyub Teyyuboğlu, Aydın Əliyev, Əhsən Rəhmanlı, "Çeşmə"folklor qrupu, Məhəmməd Abışov, Aleksandriya Sevinc Sultanzadə çıxış edəcəklər.