“Youtube”da Azərbaycan Mədəniyyət Mərkəzinin kanalı fəaliyyət göstərməyə başladı
Dünyanın ən böyük rəqəmsal video platformalarından olan “Youtube”da Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kanalı fəaliyyətə başlayıb.
29 Yanvar 2018 13:08 MədəniyyətDünyanın ən böyük rəqəmsal video platformalarından olan "Youtube"da Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kanalı fəaliyyətə başlayıb.
Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Azərbaycan mədəniyyətini, incəsənətini, turizmini, habelə ölkəmizin əldə etdiyi nailiyyətləri daha geniş təbliğ etmək məqsədi ilə dünyanın ən çox izləyicisi olan məlumat-video portalı "Youtube"da Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kanalı yaradılıb və bölmə daim yenilənir.
Kanala Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən keçirilən tədbirlər, Azərbaycan və Özbəkistan telekanallarında nümayiş etdirilən verilişlər, videomateriallar, milli mədəni irsimizə dair ekran əsərləri, milli rəqslərin videyazıları, Mərkəzin layihələri daxil edilir. Artıq Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan sənədli filmlər, videoçarxlar, özbək dilinə dublyaj olunmuş Azərbaycan bədii filmləri, cizgi filmləri, musiqi layihələri, kliplərin qeyd olunan kanala əlavə edilməsinə start verilib.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun verdiyi məlumata görə kanala 4 dildə (Azərbaycan, Özbək, Rus və İngilis) məlumatlar açar sözlər üzrə daxil edilir ki, izləyici hər hansı bir sözə görə axtarış apararkən ətraflı məlumat əldə edə bilər. Bununla əlaqədar Mədəniyyət Mərkəzində xüsusi işçi qrup yaradılıb. Onlar video materialları montaj edərək "Youtube"dakı Azərbaycan Mədəniyyət Mərkəzinin kanalına yükləyir.
S.Abbasov təbliğat, milli mədəni irsimizin saxtalaşdırılmaması, qardaş Özbəkistan istifadəçilərinə, habelə dünyaya Azərbaycana dair obyektiv informasiya çatdırılması məqsədi ilə gələcəkdə bu istiqamətdə işlərin davam etdiriləcəyini və yeni-yeni yüzlərlə video materialın Mərkəzin kanalına əlavə ediləcəyini bildirib. O, söyləyib ki, Mədəniyyət Mərkəzi bütün imkanlarından istifadə edərək internetdə Azərbaycana dair özbək dilində məlumatları zənginləşdirir. Artıq özbək dilində "Azərbaycan" seqmenti üzrə axtarış apararkən nəticədə çoxsaylı məlumatlar əldə etmək mümkündür.
Diplomat 2013-cü ilin əvvəllərində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin internetdə apardığı monitorinqin nəticəsində özbək dilində "Azərbaycan" seqmenti üzə çox az sayda məlumatın əldə edildiyini və bundan sonra bu istiqamətdə çoxsaylı layihələrin həyata keçirildiyini bildirib.
Qeyd edək ki, bu ilk hadisədir ki, internetdə Azərbaycana dair özbək dilində çoxçeşidli video məlumatlar bir səhifədə istifadəçilərə təqdim edilir.
Kanalın adı "Azerbaijan Culture Center named after Haydar Aliyev"dir və qeyd olunan kanalla aşağıdakı lində tanış olmaq mümkündür:https://www.youtube.com/channel/UCdR0WZkfyopbLEOILTXzkgw/videos?view_as=subscriber