“İrs” seriyasından yeni nəşr: “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub
Beynəlxalq Muğam Mərkəzində “İrs” seriyasının yeni nəşri olan “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub. Olaylar.az bildirir ki, Azərbaycanın dilbər guşəsi Qarabağın faciəli taleyinə həsr edilən kitab Mədəniyyət və Turizm Nazirliyinin, “Paşa Həyat Sığorta” ASC-nin və “Silk Way Group” şirkətinin dəstəyi ilə “IRS Publishing House” tərəfindən nəşr edilib. Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Vətən torpaqları uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
19 Yanvar 2018 09:25 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində "İrs" seriyasının yeni nəşri olan "Qarabağ - əsrlərin salnaməsi" kitabının təqdimatı olub. Olaylar.az bildirir ki, Azərbaycanın dilbər guşəsi Qarabağın faciəli taleyinə həsr edilən kitab Mədəniyyət və Turizm Nazirliyinin, "Paşa Həyat Sığorta" ASC-nin və "Silk Way Group" şirkətinin dəstəyi ilə "IRS Publishing House" tərəfindən nəşr edilib.
Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Vətən torpaqları uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək kitabın əhəmiyyətindən danışıb. Nazir deyib ki, 20 Yanvar faciəsinin 28-ci ildönümü ərəfəsində belə bir nəşrin təqdimatının keçirilməsi xüsusi önəm kəsb edir. Çünki burada Qarabağın tarixindən, qarabağlıların mərdliyindən, keşməkeşli həyatından, habelə XX əsrin 80-ci illərinin sonundan başlayaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığından, Dağlıq Qarabağın işğalından, Xocalı soyqırımından bəhs olunur.
Layihənin rəhbəri, baş redaktor Musa Mərcanlı, elmi məsləhətçiləri tarix elmləri doktoru Qasım Hacıyev, tarix elmləri namizədi Səbuhi Əhmədovdur. Xüsusi dizayn və zövqlə hazırlanmış bu kitab oxuculara Azərbaycan rus və ingilis dillərində təqdim edilir.
Layihənin rəhbəri, "İRS" jurnalının baş redaktoru Musa Mərcanlı Qarabağı xaricdə təbliğ etmək üçün fərqli yanaşmaya üz tutduqlarını bildirib. Qeyd edib ki, əsas məqsəd Qarabağın bizim üçün niyə bu qədər əziz olduğunu, onun uğrunda niyə qan töküldüyünü dünya ictimaiyyətinə çatdırmaqdır.
Musa Mərcanlı deyib ki, dörd il müddətində hazırlanan kitabda Qarabağın tarixi keçmişini əks etdirən fotoşəkillərlə yanaşı, müasir görünüşünü əks etdirən fotolara da yer ayrılıb. Yüksək poliqrafiya mədəniyyətinə, nəfis tərtibata malik nəşrdəki mətnlər çoxsaylı fotolar və şəkillərlə müşayiət olunur.
"Paşa Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov Qarabağ həqiqətlərinin dünyaya təqdim edilməsinin hər bir azərbaycanlının borcu olduğunu vurğulayıb.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli Qarabağ haqqında hər bir əsərin yüksək səviyyədə olmasının vacibliyini söyləyib. Deyib ki, təqdimatı keçirilən kitab nəfis şəkildə çap edilib.
Tədbir konsert proqramı ilə davam edib. Sonda tanınmış və gənc muğam ifaçıları "Qarabağ" şikəstəsini səsləndiriblər.