"Teatrdan getmək istəyirdim"
Xalq artisti Mənsum İbrahimov "Leyli"lərindən danışıb. Açıqlama verən xanəndə bildirib ki, tərəf-müqabilləri arasında ən çox həmkarı Nəzakət Teymurova ilə səhnəni bölüşüb.
1 Fevral 2017 15:29 MədəniyyətXalq artisti Mənsum İbrahimov "Leyli"lərindən danışıb. Açıqlama verən xanəndə bildirib ki, tərəf-müqabilləri arasında ən çox həmkarı Nəzakət Teymurova ilə səhnəni bölüşüb.
M.İbrahimov "Nəzakət Teymurovadan sonra "Leyli"niz kim oldu?" sualına belə cavab verib:
"Teatrın öz solistləri var. İndi 4-5 "Leyli"miz var. Sonuncu tərəf-müqabilim öz tələbəm olub. Ondan əvvəl isə Ankarada türk sənətçi ilə oxumuşdum. Biz tərəf-müqabilimizi özümüz seçmirik, bunu teatr təyin edir. Hər adam "Leyli"ni, "Məcnun"u ifa edə bilməz. Kimsə bunu oxuyursa, deməli, ona layiqdir. Tərəf-müqabillərim arasında fərq qoymamışam. 10 nəfər "Leyli"m olub. Hər biri Azərbaycanın gözəl sənətkarlarıdır. Amma qismət belə gətirib ki, tamaşalarımın əksəriyyətində Nəzakət xanımla oynamışıq. Təbii ki, hər bir ifaçının öz nəfəsi, öz üslubu var".
Muğam ifaçısı iki il əvvəl teatrdan ayrılmaq istədiyini söyləyib:
"Son zamanlar teatrda çox az iştirak edirəm. Çalışıram ki, yeri daha çox gənclərə verək. Mənim 2 il öncə yubileyim olanda istədim ayrılım, amma rəhbərlik dedi ki, teatrın sənə ehtiyacı var, getmək hələ tezdir. Hər bir "Məcnun" kimi mənim də dövrüm var, vaxtı gələndə gedəcəyəm. Mən 136 dəfə səhnəyə çıxmışam. Bu gün sevindirici haldır ki, tamaşalarıma çətinliklə bilet tapılır, buna görə hələ də oradayam".
M.İbrahimov gənc ifaçılardan danışıb:
"Hazırda "Leyli"lərdən Güllü Muradova, Nigar Şabanova, Arzu Əliyeva, "Məcnun"lardan Səbuhi İbayev, Elnur Zeynalov, İlkin Əhmədov var, hər biri də istedadlı gənclərimizdir. Hər muğam müsabiqəsindən sonra da laureatlardan dəvət olunur. İlk vaxtlar hər kəs kimisə yamsılayır. Mən tələbələrimə deyirəm ki, hansısa muğamın quruluşunu öyrəndikdən sonra başqa xanəndələrin də ifasına qulaq asın və öz yolunuzu müəyyənləşdirin. Təyyar Bayramov mənim tələbəmdir, amma mənim kimi oxumur, tamamilə öz yolunu yaradıb. 100 səsin içərisindən seçilir. Yəni seçilmək üçün zaman lazımdır. Kim öz üzərində çalışır, o, zəhmətinin bəhrəsini alacaq, amma əziyyət çəkməyən biri ələnib, aradan çıxacaq. 5 Muğam Müsabiqəsi keçirmişik, artıq 6-cıya hazırlaşırıq". Milli.az