Cəmiyyət bu cür insanlara sevgi ilə yanaşmalıdı...

Ötən gün A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Əlil Qadınlar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “İcma Teatrı”nın təqdimatı olub.

Ötən gün A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Əlil Qadınlar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən "İcma Teatrı"nın təqdimatı olub.

İcma Teatrı Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov tərəfindən "Məndən də yaxşı et" layihəsi çərçivəsində yaradılıb. Layihənin məqsədi əlilliyi olan insanlara peşəkar teatr vərdişlərini aşılamaqdır.

Bu işdə onlara peşəkar aktyorlar, rejissorlar və psixoloqlar yardımçı olur.

Layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının dəstəyi ilə "Culture and Menegement Lab" təşkilatı tərəfindən həyata keçirilən "Cənubi Qafqazda regional mədəniyyət və incəsənət" layihəsi çərçivəsində reallaşıb.

Yeni yaradılan teatr yaşından asılı olmayaraq əlilliyi olan və bu sahədə istedadlı insanlar üçün nəzərdə tutulub.

Layihənin rəhbəri Azərbaycan Dövlət "Yuğ" Teatrının direktoru Tərlan Rəsulov "Olaylar" - a  bildirdi ki, təqdim olunacaq teatrın ilk səhnə əsəri ailə-məişət mövzusundadı. Əlilliyi olan uşaqlar tərəfindən nümayiş olunacaq tamaşa səhnəcikləri üç ay sürən treninq və məşqlər zamanı ərsəyə gəlib. T.Rəsulov söyləyib ki, gələcək treninqlər zamanı "Playback Theatre", "İnvisible Theatre", "Forum Theatre" və digər üslubların işlənməsi və müxtəlif ifadə vasitələrindən yararlanmaq da planlaşdırılır.

" Uşaqlardakı həvəsi gördük də biz özümüz də həvəsləndik. Bu tamaşanı biz iki həftəlik mütamadi məşqlərlə ərsəyə gətirdik. Bu cür qısa zaman ərzində gözəl tamaşa alınmasına özümüzdə təəcüb etdik.

Qeyd edim  ki, tamaşanı hər bir şeyi uşaqlar özləri edib. Ssenarisini özləri yazıb, qurulyşu özləri ediblər. Biz sadəcə onlara istimaqət vermişik. Tamaşa zamanı da uşaqlar ssenaridən çox kənara çıxıb,impravizələr etdilər.

Bu teatrın yaranması onlar üçün böyük sitimul oldu. Bizim heç bir peşakarlıq iddiamız yoxdu. Biz sadəcə onların cəmiyyət üçün nə dərəcə önəmli insan olduqlarını göstərmək istəyirik. Cəmiyyətlə teatr vaistəsilə ünsiyyət qurmalarına şərait yaratmağa çalışdıq.

Biz məşqlər zamanı "əlil" sözünü qadağan etdik. Onlara əlil kimi baxmaq yanlıç düşüncədi.

Bu cür həyat eşqi hər kəsə nəsib olmur. Onlardakı bu həyat eşqi bizi heyrətləndirdi, həvəsləndirdi. Bunu onlar öz çıxışlarında da ifadə etdilər".

Qeyd edək ki, layihə zamanı uşaqlarla və yaradıcı heyətlə birgə iki psixoloq - Vüsalə Xəlilova və Nazim Kərimli  fəaliyyət göstəriblər.

Uşaqların psixoloji durumu ilə bağlı həkim psixoloq Nazim Kərimli ilə söhbət etdik. Nazim bəy bildirdi ki, "Bu layidə bizi bir sual düşündürdü. Biz onlara dəstək olduq, yoxsa onlar bizə dəstək oldu? Həqiqətən gözəl, maraqlı işbirliyi oldu. Mən özpayıma onu deyə bilərəm ki, mən onlardan çox şey öyrəndim. Birincisi həyat eşqini öyrəndim. Özümü səbirli insan kimi tanıyırdım. Lakin onlardakı "səbir dərəcələrini" gördükdə, daha da səbirli olmağa cəhd etdim.  Səmiyyət öyrəndim.

İlkin vaxtlarda özləri də belə uğurlu bir tamaşa alınacağına inanmırdılar. Vaxt bizə göstərdi ki, sadəcə zaman lazımdı. Bu zaman ərzində onlarda aktyorluğa, poeziyaya, sənətə böyük həvəs yarandı.

Tamaşa zamanı həddindən artıq impravizələrin şahidi olduq.

Bu İcma Teatrının ilk çıxışı idi. Ümid edirəm ki, bundan sonra teatr davamlı fəaliyyət göstərəcək.

Belə insanlarla işləyəndə hər dəfə onlara yazıq kimi baxılmaqdan qəzəbləndiklərinin şahidi oluruq. Onlar özlərinə qarşı bu münasibəti qəbul etmirlər. Cəmiyyət bu cür insanlara yazıq hissi ilə deyil, sevgi, hörmət və qayğı hissi ilə yanaşmalıdı".

Qeyd edək ki, tamaşanın xronometrajı bir saat olsada, onlar zaldakı insanlara bir ömürlük sevinc bəxş etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31