Ramiz Rövşən – 70
29 Dekabr 2016 14:46 MədəniyyətCəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında müasir Azərbaycan ədəbiyyatı və incəsənətinin layiqli nümayəndəsi, sevilən şair, nasir, kinodramaturq və tərcüməçi Ramiz Rövşənin anadan olmağının 70 illiyi münasibətilə yubiley tədbiri keçirildi.
Tədbirdə çıxış edən Yusif Şeyxov, Aydın Dadaşov, Mais Ağabəyov, Ayaz Salayev, Elxan Qasımov, Elçin Musaoğlu, Elxan Cəfərov, Elşad Ərşadoğlu və digərləri Ramiz Rövşəni təbrik etdi, onun Azərbaycan mədəniyyətində xidmətlərini vurğuladı.
Ramiz Rövşən Azərbaycan kinosunun çox məhsuldar dövrü olan 70-ci illərin əvvəllərində "Azərbaycanfilm" kinostudiyasında əmək fəaliyyətinə başlamış, "Mozalan" satirik kinojurnalının redaktoru, kinostudiyanın ssenari-redaksiya kollegiyasının üzvü, baş redaktoru vəzifələrində çalışmışdı. Elə həmin dövrdə yazdığı ssenarilərin əsasında çəkilmiş "Babamızın babasının babası", "Süd dişinin ağrısı", " Şəhərli biçinçilər, "İşarəni dənizdən gözləyin", "Özgə vaxt", "Məkanın melodiyası" kimi bədii filmlər, "Mozalan" satirik kinojurnalı üçün yazılmış "Şəbih", "Söyüdlünün su dərdi", "Özbaşınalıq", "Haram tikə"və s. qısametrajlı sənədli və bədii filmlər sadəliyi, dərin mənada fəlsəfiliyi, insanları düşündürməsi ilə fərqlənir və onların hər biri kinomuza bəxş etdilmiş gözəl töhfələrdi.
Həmçinin kinomuzun müxtəlif sahələrində çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə məşğul olan bir sənətkar kimi bir çox filmin redaktoru, sinxron mətnlərin müəllifidi.
Ramiz Rövşənin əsərləri tərcümə olunaraq Böyük Britaniyada, Almaniyada, Fransada, Polşada, Türkiyədə, İranda çap olunub.