Elçin Hüseynbəyli gənc yazarlarla görüşdü
28 Dekabr 2016 17:19 MədəniyyətDekabrın 28-də Yazıçılar Birliyinin "Natavan" klubunda yazıçı, dramaturq Elçin Hüseynbəylinin 55 illik yubileyi ilə bağlı gənc yazarlar və ədəbiyyatçılarla görüşü oldu. Görüşdə Rəşad Məcid, Qulu Ağsəs, Xəyal Rza, Ayxan Ayvaz və digərləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Rəşad Məcid açdı. O Elçin Hüseynbəylinin yaradıcılığına nəzər salaraq romanlarının, hekayələrinin bu günkü ədəbiyyatımız üçün nə qədər önəmli olduğunu vurğuladı. "Elçin Hüseynbəyli yaradıcılığının pik zirvəsindədi. Son günlər "Yenə iki od arasında" romanı ədəbiyyat aləmində yüksək səviyyədə qarşılandı.
Elçin müəllim həm insan, həm də yazıçı kimi maraqlı şəxsiyyətdi".
Tədbirdə çıxış edən Qulu Ağsəs ilk olaraq gənclərlə birgə Elçin müəllimin hekayələrini, romanlarını müzakirə etdi. Qulu müəllim Elçin Hüseynbəyli yaradıcılığında onun üçün diqqət çəkən məqamları gənc yazarlarla paylaşdı. " Elçin Hüseynbəylinin yazar kimi bir neçə xüsusi keyfiyyətləri var. Məsələn, bizim hər birimiz Elçin müəllimin hər - hansı hekayələrini oxuyanda sonluq heç vaxt bizim düşündüyümüz kimi olmur. Hekayələr həmişə oxucu üçün surpriz sonluqla bitir. Bu xüsusiyyət hər bir yazıçıda olmur.
Elçin Hüseynbəylinin "Gözümə gün düşür" hekayəsini artıq klassik hekayə hesab etmək olar. Onun yaradıcılığında "cırtdan hekayələr" də var. Burada hekayələr həcmcə həm çox qısa, həm də obrazlar çox sadə, saf insanlardı.
Sonuncu "Kənddə bir gün" hekayəsini oxuyan oxucu burada həm siyasət, həm urbanizasiya və ən önəmlisi ədəbiyyatla qarşılaşır"
Sonda çıxış edən Elçin Hüseynbəyli ilk dəfə yaradıcılığa 1984 - cü ildə başladığıni, bu günə qədər bir neçə kitabının nəşr olduğunu bildirdi. Daha sonra səbəbkar tədbirə toplaşanlarla birgə əsərlərini müzakirə etdi.
NigarNigar