Kukla teatrında yubiley tədbiri
27 Dekabr 2016 18:08 MədəniyyətDekabrın 28 - də Azərbaycan Dövlət Kukla Teatrının yaranmasının 85 illik yubileyi münasibətilə təntənəli tədbir keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutacaq tədbirdə teatrın keçdiyi zəngin sənət yoluna nəzər salınacaq, repertuarında yer alan tamaşalardan ibarək "Konsert-tamaşa - 85" adlı rəngarəng proqram nümayiş olunacaq.
Yubiley gecəsində ədədbiyyat və incəsənət xadimləri, teatr ictimaiyyəti və sənətsevər iştirak edəcək.
Məlumat üçün qeyd edək ki, zəngin kukla teatrı ənənəmizin davamçısı olan Azərbaycan Dövlət Kukla Teatrının əsasını 1931-ci ildə Molla Ağa Bəbirli qoymuşdu.
Bu sənət ocağı müxtəlif illərdə (1931- 1941-ci illər); (1946-1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc Tamaşaçılar Teatrı (1941-1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərmişdir. Azərbaycan və rus dillərində tamaşalar təqdim edən teatra 1964-ci il aprel ayının 15-də dövlət statusu verilmişdi.
1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir.
Teatrın kollektivi müxtəlif illərdə Rusiya, Hindistan, Yəmən, İran İslam Respublikası, Türkiyə, Hollandiya, Türkmənistan, Gürcüstan, Yunanıstan, Misir, Mərakeş, İtaliya, Finlandiya kimi olkələrdə keçirilən beynəlxalq teatr festivallarında layiqincə təmsil olunaraq mükafatlarla təltif olunub.