Xalça Muzeyində "Azərbaycanın mədəni sərvəti" layihəsi
24 Dekabr 2016 17:46 MədəniyyətÖtən gün Azərbaycan Xalça Muzeyində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə "Azərbaycanın mədəni sərvəti" layihəsi çərçivəsində keçirilən ustad dərslərin iştirakçılarının təltifetmə mərasimi keçirildi.
24 oktyabr - 14 dekabr tarixlərində Azərbaycan Xalça Muzeyində "Azərbaycanın mədəni sərvəti" layihəsi təşkil olunmuşdu. Layihə çərçivəsində unudulmaqda olan parça, tikmə və milli geyimlərin dirçəlməsi üzrə Almaniya, Rusiya, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan dəvət olunmuş mütəxəssislər tərəfindən ustad dərslər keçirilmişdi.
Tədbirin açılışını edən Azərbaycan Xalça Muzeyinin direktoru Şirin xanım Məlikova, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova, Azərbaycan Xalça Muzeyinin Elmi bərpa və konservasiya üzrə direktor müavini Yalçın Səlimov, Muzey Sərvətləri və Xatirə Əşyalarının Respublika Üzrə Elmi-Bərpa Mərkəzinin direktoru Zərifə Məlikovanın çıxışları zamanı "Azərbaycanın mədəni sərvəti" layihəsinin məqsədi unudulmaqda olan milli adət-ənənələrimizi yaşatmaqdan ibarətdi. Proqramın məqsədi unudulmaqda olan əl sənəti işlərini qoruyub gələcək nəsillərə çatdırmaq, bu sahə üzrə yeni kadrların yetişdirilməsinə və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasına nail olmaqdı.
"Azərbaycanın mədəni sərvəti" layihəsi çərçivəsində keçirilən ustad dərslər ümümilikdə 41 gün davam etdi. Ustad dərslərdə həm muzeyin bərpa və konservatorları, həm də ölkəmizdə fəaliyyət göstərən digər mədəniyyət ocaqlarının əməkdaşları, bu sahələr üzrə təhsil alan tələbələr də iştirak ediblər.
Sonunda lahiyədə iştirak edənlər AzərbaycanXalça Muzeyi, İncəsənət Muzeyi, Tarix Muzeyi, Bərpa Mərkəzi əməkdaşları və digərləri diplomla (sertifikatla) təltif olundular.