Filmlərimiz beynəlxalq festivalda
23 Dekabr 2016 16:46 Mədəniyyət31 dekabrda Hindistanda keçiriləcək 6 - cı Kəlkətə Beynəlxalq Uşaq Film Festivalına Azərbaycan filmləri də dəvət alıb. 33 ölkənin və 200 filmin iştirak edəcəyi festivalda ölkəmizi "Onun atası" qısametrajlı bədii filmi və "Sarılar - Qarabağ atının izilə" sənədli filmi təmsil edəcək.
"Onun atası" bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınıb. "40-cı paraleldə" kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridi. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırırlar.
Qeyd edək ki, filmin beynəlxalq premyerası İtaliyanın 17-ci Asiatica, Encounters with Asian Cinema Film Festivalında baş tutub. Film həmçinin Hindistanın 5-ci Delhi Beynəlxalq Film Festivalında nümayiş olunub.
Sarılar - Qarabağ atının izi ilə" sənədli filmi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və BP Azərbaycanın dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Almaniyanın "Studio Tor 1" Filmproduktion tərəfindən istehsal edilib.
Çəkilişləri İngiltərə, Almaniya, İsveçrə və Azərbaycanda aparılan sənədli filmin ssenari müəllifi Martin Vagner, rejissoru Villi Neumann, operatorları Andre Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdi.