Əli Əmirlinin əsəri Kalmık teatrında
Dekabrın 16 və 17-də Kalmıkiyanın paytaxtı Elista şəhərində Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin Kalmık Milli Dram Teatrının sifarişi ilə yazdığı "Zalamca" pyesi əsasında hazırlanmış "Gözlə məni" tamaşanın premyerası olacaq. Dramaturq pyesi Kalmık ədəbiyyatının görkəmli nümayəndəsi, mühacirətdə yaşayıb yaratmış Sandji Balıkovun "Zalamca" povestinin motivləri əsasında qələmə alıb.
13 Dekabr 2016 15:04 MədəniyyətDekabrın 16 və 17-də Kalmıkiyanın paytaxtı Elista şəhərində Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin Kalmık Milli Dram Teatrının sifarişi ilə yazdığı "Zalamca" pyesi əsasında hazırlanmış "Gözlə məni" tamaşanın premyerası olacaq. Dramaturq pyesi Kalmık ədəbiyyatının görkəmli nümayəndəsi, mühacirətdə yaşayıb yaratmış Sandji Balıkovun "Zalamca" povestinin motivləri əsasında qələmə alıb.
Əli Əmirlinin "Olaylar "- a verdiyi məlumata görə janrını "tale dramı" kimi müəyyən etdiyi əsərdə Don sahilində, ucsuz-bucaqsız Kalmık çölündə azad və firavan yaşayan qədim bir xalqın Oktyabr inqilabından əvvəlki xoşbəxt həyatını və inqilabdan sonrakı faciələrini, emiqrasiya və qaçqınlıq müsibətlərini konkret bir ailənin timsalında əks etdirib. Atçılıqla məşğul olan varlı sahibkarın ərköyün qızı Zalamcanın dramatik həyatı, çətin sınaqlara məruz qalan və bu sınaqlardan mənəvi qələbə ilə çıxan məhəbbəti əsərin əsas süjet xəttini təşkil edir. Kalmık Milli Dram Teatrının aparıcı aktyorlarının iştirakı ilə hazırlanan tamaşanın qurluşçu rejissoru Azərbaycanın və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovdu.
Qeyd edək ki, rejissor Bəhram Osmanov "Zalamca"dan əvvəl 2014-cü ildə həmin teatrda Əli Əmirlinin "Sevən qadın" əsərini rus dilində tamaşaya qoyub.