“Sarı gəlin” səhnələşdirilmiş şəkildə tamaşaçılara təqdim olunacaq
Gənclər və İdman Nazirliyi tərəfindən gənclər arasında mədəni irsin təbliğ edilməsi, xalqımızın dünya musiqi xəzinəsinə bəxş etdiyi “Sarı gəlin” mahnısının yaranma tarixini faktlar əsasında dəqiqliyi ilə tamaşaçılara daha yaradıcı şəkildə təqdim etmək məqsədi ilə oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında layihənin təqdimatı keçiriləcək.
25 Oktyabr 2016 13:58 MədəniyyətGənclər və İdman Nazirliyi tərəfindən gənclər arasında mədəni irsin təbliğ edilməsi, xalqımızın dünya musiqi xəzinəsinə bəxş etdiyi "Sarı gəlin" mahnısının yaranma tarixini faktlar əsasında dəqiqliyi ilə tamaşaçılara daha yaradıcı şəkildə təqdim etmək məqsədi ilə oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında layihənin təqdimatı keçiriləcək. Nazirliyin mıətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, layihənin keçirilməsində əsas məqsəd gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, adət və ənənələrin onlar tərəfindən qorunub saxlanması və təbliğ edilməsidir. 3 hissədən ibarət olacaq layihənin ilk bölümündə yerli və xarici qonaqlar əvvəlcə foyedə qurulmuş "Azərbaycan musiqisi tarixinə səyahət" adlı sərgi ilə tanış olacaqlar. Sərgidə qonaqlar Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi tərəfindən layihədə sərgilənmək üçün təqdim edilmiş qədim musiqi alətləri, eyni zamanda Bakı Milli Geyim Evi tərəfindən hazırlanmış qədim və milli geyimlərlə tanış olacaq, milli ornamentli xalçalarımıza baxış keçirəcək, milli və tətbiqi sənət məhsulları ilə tanış olacaqlar. Qeyd edək ki, sərgidə qonaqlar üçün muğam və milli musiqilər səsləndiriləcəkdir. Daha sonra teatrın zalında "Sarı gəlin" mahnısının tarixçəsi haqqında hazırlanmış videomaterialın təqdimatı keçiriləcək.