Polis əməliyyat keçirdi-narkotacir və odlu silah saxlayan şəxslər saxlanıb
13 Fevral 2023 14:48 Kriminal
Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan və qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib. Nəticədə qanunsuz dövriyyədən 8 kiloqram narkotik vasitə və 1 ədəd "Kalaşnikov" markalı avtomat silah çıxarılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı paytaxt ərazisində narkokuryerliklə məşğul olan Həmid Həmidzadə saxlanılıb. Onun üzərindən 2 kiloqrama yaxın heroin aşkar edilib. Həmid Həmidzadənin sosial şəbəkələr vasitəsi ilə tanış olduğu İran vətəndaşının ona pul müqabilində etdiyi narkokuryerlik təklifi ilə razılaşdığı müəyyən edilib. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Əliyulla Hadıyev saxlanılıb. Onun üzərindən və evindən 4 kiloqramdan artıq marixuana aşkar edilib. Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə Cavanşir Mövlanzadə tutulub. Onun üzərindən və yaşadığı evdən isə 2 kiloqrama yaxın heroin, marixuana, "Kalaşnikov" markalı avtomat, 11 ədəd patron və həmin silaha aid patron darağı aşkar edilib. Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.