Lənkəran sakinindən 5 kq-dan çox narkotik götürüldü - VİDEO

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirlər zamanı şəhər sakinləri Ümid Əkbərli və Mübariz Kərimov saxlanılıblar. Onlardan hazır bükümlərdə qablaşdırılmış heroin və 2 ədəd elektron tərəzi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Olaylar.az-a verilən məlumata görə, əməliyyat tədbirlərinin davamı nəticəsində həmin şəxslərin narkotik vasitəni Lənkəran şəhər sakini Hüseyn Cavadovdan əldə etdikləri müəyyən olunub. Polis əməkdaşları tərəfindən saxlanılan H.Cavadovun üzərindən və yaşadığı evdən 4 kiloqramdan artıq heroin və 1 kiloqram 160 qram marixuana aşkarlanaraq götürülüb.

Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ümumilikdə isə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı son 1 həftə ərzində 16, cari ilin əvvəlindən isə 32 nəfər saxlanılıb. Onlardan ümumilikdə 13 kiloqram heroin, 3 kiloqram 260 qam marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31