AST Telmanın qardaşı həbs olundu - YENİLƏNİB - VİDEO
Moskvaətrafı Mojaysk Şəhər Məhkəməsi tanınmış iş adamı Telman İsmayılovun moskvalı biznesmenlərin qətlində təqsirləndirilən qardaşı Rafiq İsmayılovun həbs müddətini fevralın 16-dək artırıb.
21 Noyabr 2016 17:38 KriminalMoskvaətrafı Mojaysk Şəhər Məhkəməsi tanınmış iş adamı Telman İsmayılovun moskvalı biznesmenlərin qətlində təqsirləndirilən qardaşı Rafiq İsmayılovun həbs müddətini fevralın 16-dək artırıb.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Bildirilir ki, R.İsmayılov və işin ikinci iştirakçısı - iki ay əvvəl həbs edilən Mehman Kərimov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci bəndi (iki və ya daha çox şəxsin öldürülməsi) və 222-ci maddəsi (qanunsuz silah dövriyyəsi) ilə ittiham olunurlar. Onlar hətta ömürlük azadlıqdan məhrumetmə cəzası ilə də üzləşə bilərlər.
İstintaqın versiyasına görə, cinayətin sifarişçisi R.İsmayılov olub. O, hadisəni törətməkdə ittiham olunan qatil M.Kərimovu hadisə yerinə aparıb, sonra da onu cinayət yerindən uzaqlaşdırıb.
R.İsmayılovun özü ittihamları qəti şəkildə qəbul etmir, eyni zamanda qatillə öldürülən şəxslərin görüşdüyü an yanacaqdoldurma məntəqəsində olduğunu etiraf edir.
Qeyd edək ki, 15 may 2016-cı il tarixində 55 yaşlı moskvalı iş adamı Vladimir Savkin işgüzar görüşə gedib. Şam yeməyinə evə qayıtmadığına və mobil telefonuna cavab vermədiyinə görə ailəsi polisə müraciət edib. Axşam saat 11-də onun ailəsinə vilayət istiqamətində Novorijskoe şossenin 30-cu kilometrinin kənarında "Toyota" markalı avtomobil və içərisində Vladimir Savkin və onun dostu - "Loblino Motors" şirkətinin yaradıcısı Yuri Brilyovun cəsədlərinin aşkar edildiyi barədə xəbər verilib. Hər iki iş adamı başından güllələnərək qətlə yetirilib.
***
Azərbaycanlı iş adamı Telman İsmayılovun qardaşı Rafiq İsmayılovu ikinci cəhddən həbs etmək mümkün olub.
Aznews.az xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı iş adamı Telman İsmayılovun qardaşı Rafiq İsmayılovu dörd ay əvvəl iki rusiyalı iş adamının sifarişli qətlində şübhəli bilərək həbs edib. Amma iş adamının əleyhinə heç bir sübut tapılmadığından Rafiq İsmayılov azadlığa buraxılıb. Dörd ay ərzində qətlə yetirilmiş Vladimr Savkinin qohumları Telman İsmayılovun qardaşı Rafiqin təkrar həbsinə çalışıblar. Cinayət işiylə bağlı bütün materiallar digər bir müstəntiqə veriləndən sonra iş "ölü nöqtəsindən" tərpənməyə başlayıb.
Nəticədə, Rafiq İsmayılov ikinci dəfə həbs edilib. R.İsmayılov həbs edildikdən sonra xüsusi nəzarət altında saxlanılır, onun işiylə məşğul olan hüquq-mühafizə orqanları əməkdaşlarını vəzifədən uzaqlaşdırıblar.
Qətlə yetirilmiş Vladimr Savkininin oğlu Roman Savkin bəyan edib ki, indi onlar Rafiq İsmayılovun güclü "klan"ın təsiri altında yenidən azadlığa çıxacağından narahatdırlar.
Bu gün məşhur oliqarxın qardaşı Mojayski şəhər məhkəməsinə gətirilib.
Rafiq İsmayılov jurnalistləri görəndə onları "problemləriniz olacaq" sözləri ilə hədələyib.
Məşhur azərbaycanlı oliqarx Telman İsmayılovun qardaşı Rafiq İsmayılov rusiyalı iş adamları Vladimr Savkin və Yuri Brilyovun sifarişli qətlində ittiham olunaraq həbs edilib.
Qətl hadisəsi 16 may 2016-cı ildə Novorijsk şossesində baş verib. Qətli sifarişli şəkildə yerinə yetirən killer Mehman Kərimov 4 ay əvvəl həbs edilmişdi.
***
Azərbaycanlı milyarder Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs olunub.
Olaylar.az APA-ya istinadən verdiyi məlumata görə, o, iki iş adamının qətlində günahkar bilinir.
Rusiya İstintaq Komitəsinin əməkdaşları hesab edir ki, Rafiq İsmayılovun bu ilin mayında baş vermiş iki cinayətdə bilavasitə iştirakı var.
R.İsmayılov qətlləri törədən killer Mehman Kərimovu müşayiət edib. Əvvəlcə onlar Vladimir Savkin və Yuri Brilyov adlı sahibkarlarla yanacaqdoldurma stansiyasında görüş keçiriblər.
"Sahibkarlardan bir neçə dəqiqə əvvəl Telman İsmayılovun qardaşı oğlu Raula məxsus "Mercedes" avtomobili ora gəlib. İstintaq müəyyənləşdirib ki, avtomobildə killer Mehman Kərimovla birlikdə Rafiq İsmayılov da olub. Bunu müşahidə kameraları qeydə alıb", - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. M.Kərimov iş adamları ilə söhbət edərkən R.İsmayılov maşından düşməyib. Sonra iş adamları öz avtomobillərinə əyləşərək vilayət istiqamətində hərəkət ediblər, killer və R.İsmayılov isə bu dəfə ayrı-ayrı maşınlarda onları izləyib.
Saat 22:40-da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Novorijsk şosesinin 30-cu kilometrliyində V.Savkin və Y.Brilyovun avtomobili aşkarlanıb. Onların hər ikisinin başlarından vurularaq öldürüldüyü müəyyən olunub. Qısa müddət sonra şübhəli şəxs M.Kərimov yaxalanıb. O, günahını boynuna alıb. Müəyyən olunub ki, M.Kərimov qətldən öncə bir neçə dəfə R.İsmayılova zəng edib. O da müəyyənləşib ki, R.İsmayılovla V.Savkin arasında münaqişə var imiş. Onlar Moskvada iri biznesin şəriki olublar, həmin biznesin satışından sonra R.İsmayılov bütün pulu özünə götürüb. "O, Savkinə bir neçə milyon dollar verməli imiş və Savkin bu pulu qaytarmağa çalışırmış. Mehman Kərimov bu işdə vasitəçi rolunu oynayıb və münaqişəni həll etmək üçün iş adamları ilə danışığa gedib", - deyə hüquq-mühafizə orqanlarından bildiriblər.
***
Azərbaycanlı biznesmen Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs edilib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, Rafiq İsmayılov paytaxt biznesmenlərinin güllələnməsində təqsirli bilinir. Hüquq-mühafizə orqanları İsmayılovu ticarət komplekslərinin sahibi Vladimir Savkin və "Lublino motors"un təsisçi Yuri Brilevin qətlində şübhəli hesab edir. İsmayılov və onunla əlbir olan Mehman Kərimova "iki və daha artıq şəxsin öldürülməsi" maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, hər iki qətl hadisəsi ötən il mayın 26-da baş verib.