Binəqədidə yanan binanı üzləyən şirkətin direktor müavini: “Hadisədən əvvəl şirkətə MTN əməkdaşları gəlmişdi”- YENİLƏNİB-1

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə əlavə şahidlər ifadə verib.

İlqar Səfərov ifadəsində deyib ki, 2012-2013-cü illərdən "Global Constuction" MMC-də iş icraçısı vəzifəsində çalışıb. Onun sözlərinə görə, Sabunçu Rayon Bakıxanov qəsəbəsində yerləşən binanın üzləmə işlərini həyata keçirib: "Tikintiyə nəzarəti şirkət direktorunun tikinti məsələləri üzrə müavini Toğrul Məmmədov həyata keçirirdi. Şirkətə rəhbərliyi baş direktor İlqar Vəliyev icra edirdi. Poliuretan üzlüklərini binaların əyri səthlərini düzəltdikdən sonra vururduq. Burada beynəlxalq təcrübə nəzərə alınırdı. Yanğın baş verən gün mən ofisdə olmuşam. Sonradan ofisə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları gəldi".

Şahid Amid Muxtayev 2012-ci ilin avqust ayından "Global Constuction" MMC-də bitmiş iş həcmlərinin qəbulu üzrə mütəxəssis vəzifəsində çalışıb: "Bizim işimiz ondan ibarət idi ki, işlər yekunlaşandan sonra əraziyə gedib, yoxlayırdıq. Şöbə rəisi Zahir Əliyev, baş direktor İlqar Vəliyev idi".

Digər şahid Samir Hacızadə isə ifadəsində deyib ki, 2007-ci ildən "Global Constuction" MMC-də baş direktorun marketinq və satış məsələləri üzrə müavini vəzifəsində çalışıb. O, şirkətin baş direktor tərəfindən idarə edildiyini, təsisçilərin bu işə müdaxilə etmədiyini deyib. Şahidin sözlərinə görə, poliuretan məhsullarının yanğın testini həyata keçiriblər: "Məhsulun keyfiyyətini nümayiş etdirmək üçün bunu videogörüntü kimi yaydıq. Material çətin yanan maddələrdən hazırlanmışdı. Bizim şirkət keyfiyyət göstəricilərinə görə, dəfələrlə beynəlxalq mükafatlara layiq görülüb".

Şahid əlavə edib ki, yanğın hadisəsindən 6 gün əvvəl şirkətə sabiq Milli Təhlükəsizlik Nazirliyinin bir neçə əməkdaşı gəlib: "Miryusif Mahmudov məni çağırıb, şirkətin kataloqlarını istədi. Qonaqlar gedəndən sonra gördüm ki, Miryusif müəllimin qanı qaradır. Səbəbini soruşduqda mənə dedi ki, şirkətə görə, bizə hədə-qorxu gəlib, pul tələb edirdilər. Guya ki, onlar Xətaidə yanan bina işini araşdırırdılar. Mən həmin şəxsləri yanğın günü ofisimizdə də gördüm. Onlar bir çox sənədləri ofisdən apardılar. Sonra MTN əməkdaşları görüntü yaddaşı olan qutuya da müdaxilə etdilər".

Proses noyabrın 17-də davam etdiriləcək.

***

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə "Global Construction" MMC-nin baş mühəndisi Mənsur Hüseynov ifadəsində bildirib ki, şirkətin idarəçiliyində direktorlar iştirak edib. Onun sözlərinə görə, yanan bina ilə bağlı görülən işlərə şirkətin inşaat məsələləri üzrə müdiri Toğrul Məmmədov rəhbərlik edib: "Poliuretan üzlüklər "Qlobal Stone" şirkətindən gətirilirdi. Orda üzlükləri qəlibləşdirirdilər. Təmir işlərinə ixtisaslı mühəndislər nəzarət edirdi. Eyni zamanda bizdə təhlükəsizlik məsələlərinə də ciddi şəkildə diqqət yetirilirdi".

Şahid qeyd edib ki, yanğından bir saat sonra şirkətə sabiq MTN-in əməkdaşları gəlib, yoxlama aparıblar.

Sonra prosesdə zərərçəkmiş, yanan binaya bitişik yarımtikilinin birinci mərtəbəsində yerləşən Notariat kontorun rəhbəri İlqar Məmmədov ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəni təsdiq edərək deyib ki, mayın 19-da səhər saatlarında binanın tüstüləndiyinin şahidi olub.

O, prokurorun "yanğın başlamazdan əvvəl ərazidə hansısa şübhəli şəxsi gördünüzmü?" sualına "xeyr" - deyə cavab verib.

Proses günün ikinci yarısı davam edəcək. 

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Miryusif Mahmudovun vəkili əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatət qaldırıb. Vəkil bildirib ki, hazırda 5 nəfər şahid məhkəmə prosesində ifadə vermək üçün gözləyir.

Fasilədən sonra məhkəmə əlavə şahidlərin dindirilməsi məsələsini müzakirə edib. Prokuror Fərid Nağıyev vəsatətin təmin olunmamasını istəyib. Prokuror bildirib ki, əlavə şahidlərin ifadələrinə zərurət yoxdur, çünki lazım olan şahidlər istintaqda və məhkəmədə ifadə verib.

Məhkəmə müşavirədən sonra vəsatəti qismən təmin edib.

Prosesdə əlavə şahidlər ifadə verir.

Proses davam edir.

Qeyd edək ki, ötən il mayın 19-da raytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan "roliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Üusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın roliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını rozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Eridemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31