Şahid: “Poliuretan məhsullarına saxta sertifikat verilib”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. SİA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, zərərçəkmişlərdən biri rayonda, biri isə tədbirdə olduğu üçün məhkəmədə iştirak edə bilmirlər və növbəti məhkəmə prosesinə qatılacaqlar.
10 Noyabr 2016 15:34 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. SİA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, zərərçəkmişlərdən biri rayonda, biri isə tədbirdə olduğu üçün məhkəmədə iştirak edə bilmirlər və növbəti məhkəmə prosesinə qatılacaqlar.
Şahid qismində Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi Məlahət Ağasıyeva məhkəmədə iştirak edə bilmədiyinə görə hakim qeyd edib ki, o istintaqa verdiyi ifadəsini təsdiq edir və bununla bağlı ərizə göndərib.
Məlahət Ağasıyeva ifadəsində göstərir ki, təqsirləndirilən şəxs, Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov poliuretan məhsullarına saxta sertifikat verib: "Akif Əlibəyov mərkəzə direktor təyin olunandan sonra bizə də təzyiq göstərirdi ki, poliuretan məhsullarının texniki şərtləri nəzərə alınmadan müsbət rəy verilsin və araşdırma aparılmasın".
Təqsirləndirilən şəxs A. Əlibəyov isə ifadə ilə razılaşmayıb və Məlahət Ağasıyevanın yol verdiyi nöqsanlara görə, işindən kənarlaşdırıldığını deyib.
Xatırladaq ki, Əlibəyov Akif Muradəli oğlu 17 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 308.2.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, əlavə qətimkan tədbiri olaraq verilmiş təqdimat əsasında Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 17 fevral 2016-cı il tarixli qərarı ilə barəsində vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilib, qərarın surəti həmin tarixdə aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi üçün Respublika Səhiyyə Nazirliyinə təqdim edilib, Nazirliyin 19 fevral 2016-cı il tarixli əmri ilə vəzifədən kənarlaşdırılıb. 13 aprel 2016-cı il tarixdə ona Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə yenidən ittiham elan edilib.
Sonra Miryusif Mahmudovun vəkili məhkəmə prosesində əlavə şahidlərin dindirilməsi barədə vəsatət qaldırıb. Qeyd edilib ki, "Global Constuction" MMC-nin təhlükəsizlik məsələləri üzrə rəhbəri Arif Əliyev məhkəmədə ifadə verməlidir.
Hakim vəsatətin müzakirəsini növbəti mərhələyə saxlayıb və məhkəmənin növbəti prosesi noyabrın 15-ə saat 11:30-a keçirilib.
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş
yanğınla bağlı binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Olaylar.az