Binəqədidə yanan bina ilə bağlı məhkəmədə vəkillər arasında mübahisə düşüb - YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi fasiləndən sonra davam etdirilib.
8 Noyabr 2016 15:25 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi fasiləndən sonra davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər əlavə zərərçəkmişlər - Aytən Rəsulova, İlqar Məmmədov, Ülvi Hüseynovun prosesə çağırılaraq dindirilməsini istəyiblər.
Məhkəmə vəsatəti təmin edib.
Sonra hakim hazırda ölkə xaricində olan zərərçəkmişlərin ifadəsini elan edib.
Hakim qeyd edib ki, bəzi şahidlərin məhkəməyə məcburi gətirilməsi haqqında qərar çıxarılıb.
Təqsirləndirilən Miryusif Mahmudov isə şirkətin əməkdaşları Toğrul Məmmədov və Arif Əliyevin məhkəməyə şahid qismində çağırılmasını istəyib.
Sonra Miryusif Mahmudovun vəkili yanan binaya bitişik birmərtəbəli tikili haqqında sənədlərin məhkəmədə araşdırılması haqqında vəsatət qaldırıb.
72 saylı Mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucovun vəkil Vasif Həsənov təqsirləndirilən M. Mahmudovun vəkillərinə etiraz edib və vəsatətin təmin edilməməsini istəyib: "Bu vəkillər əvvəlcə deyirdilər ki, bina partladılıb, sonra dedilər ki, binanı yandırıblar. Sonra isə zibildən yandığını açıqladırlar. Yəni, müdafiə tərəfinin konkret bir versiyası yoxdur".
Vasif Həsənovun çıxışı M. Mahmudovun vəkillərinin etirazına səbəb olub, prosesdə mübahisə düşüb.
Vəsatət baxılmamış saxlanılıb.
Məhkəmə prosesi noyabrın 10-da davam etdiriləcək.
***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində "Qlobal Stone" MMC-nin işçisi Rizvan Mehdiyev vəkillərin suallarını cavablandırıb. O bildirib ki, təsisçilər şirkətin idarə edilməsində iştirak etməyib: "Xətai rayonunda yaşayış binası yananda bizim şirkətə də komissiya gəldi və materiallardan nümunə götürdülər. Sonra bu materialların yaxşı olduğunu dedilər. Yanğın baş verən gün mən işdə deyildim. İstehsal olunan poliuretan məhsullarının sınaqdan keçirilməsi prosesində dəfələrlə iştirak etmişəm. Burada materialın tez yanan maddə olmamasının şahidi olduq. Bizim işimiz əsasən poliuretan məhsullarını qəlibləşdirməkdən ibarət idi".
Təqsirləndirilən Miryusif Mahmudov deyib ki, istehsal olunan materialın keyfiyyətli olması barədə bütün qurumların rəyi olub.
Sonra prosesdə fasilə elan olunub.
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.