Binəqədidə yanan bina ilə bağlı məhkəmədə zərərçəkmiş ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərdən Lalə Hüseynova ifadə verib. O, həmin binada evi olduğunu, lakin orada yaşamadığını deyib. Bildirib ki, hadisə baş verəndə evdə heç kim olmayıb və ona dəymiş ziyan ödənilib. 
 

Daha sonra hakim Əfqan Hacıyev bildirib ki, zərərçəkmiş şəxslərin bir neçəsi xarici ölkədə olduğundan məhkəməyə gəlmir. Bundan əlavə bir neçə nəfər məhkəməyə müraciət edərək istintaqa verdikləri ifadəni təsdiqləyib.

Vəkillər isə zərərçəkmiş Xəyyam Babayevin məhkəmədə ifadə verməsini istəyiblər. Bildiriblər ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olan və yanğın barədə hüquq-mühafizə orqanlarına ilk məlumat verən X. Babayevin məhkəmədə dindirilməsi vacibdir. Hakim onun yenidən prosesə çağırılacağını deyib. 

Məhkəmə iclası noyabrın 3-də davam edəcək.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31