Məhkəmə İlhamə Quliyevanın köməkçisinin vəsatətini təmin edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
18 Oktyabr 2016 12:46 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Mehriban Hüseynovanın vəkili Vasif Mirzəyev bir neçə şahidin prosesdə yenidən dindirilməsini istəyib. Vəkil, şahidlər - "Lider" TV-nin əməkdaşı Lamiyə Ələkbərovanın və Xatirə Ramazanovanın ifadə verməsinin vacibliyini qeyd edib. O, eyni zamanda polis əməkdaşları Hikmət Qasımov, Fuad və Amil adlı şəxslərin məhkəmədə dindirilməsinin vacibliyini bildirib.
Prokuror isə bütün şahid və zərərçəkmişlərin məhkəmədə ifadə verdiyini deyərək, vəsatətin əsassız olduğunu vurğulayıb.
Məhkəmə vəsatəti təmin edib və adı çəkilən şəxslərin ünvanlarının öyrənilərək məhkəməyə gətirilməsi barədə qərar qəbul olunub.
Proses oktyabrın 25-də davam etdiriləcək.
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.
İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.