Vəkillər Akif Çovdarovun barəsində həbs qərarının dəyişdirilməsi barədə vəsatət qaldırıblar
Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
4 Oktyabr 2016 18:01 KriminalBu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən hazırlıq iclası jurnalistlərin iştirakı olmadan keçirilib. Vəkil Cavid Rzazadə jurnalistlərə bildirib ki, prosesdə vəkillər bir sıra vəsatətlər veriblər. Akif Çovdarovun vəkili Kamandar Nəsibov cinayət işi ilə tanış olmaq üçün vaxt istəyib. Onun vəsatəti qismən təmin olunub. Akif Çovdarov da xəstə olduğunu, işlə tanış ola bilmədiyini deyib.
Prosesdə vəkillər vəsatətlə çıxış edərək bildiriblər ki, cinayət işinə Bakı Hərbi Məhkəməsində baxıldığı üçün onların barəsində həbs qətimkan tədbiri də Bakı Hərbi Məhkəməsində seçilməli idi. Lakin həbs qərarı Səbayel rayon Məhkəməsi tərəfindən verilib. Vəkillər buna aydınlıq gətirilməsini, həbs qərarının qanunsuz olduğu üçün ləğv edilmələrini istəyiblər. Məhkəmə vəsatətə münasibət bildirməyib.
Vəkil bildirib ki, Dövlət Təhlükəsizlik Xidməti də mülki iddia ilə məhkəməyə müraciət edib. Növbəti prosesdə onların nümayəndəsi iclasda iştirak edəcək.
İclas oktyabrın 19-da davam edəcək.